Səfər Əbiyev Çexiya vətəndaşı olub?

Keçmiş müdafiə nazirinin yaxınları xəbərin doğru olmadığını iddia edir
 
Sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyev yeni ili Çexiyada qarşılayıb. Keçmiş nazir bu ölkədə aldığı mülkündə bayramı qeyd edib və vətəndaşlıq məsələsinə də son qoyub. Bu barədə Axar.az-a verilən məlumatda iddia olunur ki, keçmiş nazir Çexiya vətəndaşlığını alıb.
Onun ikili vətəndaşlığı olduğu – Azərbaycanla bərabər Çexiya vətəndaşı da aldığı bildirilir. Çexiyada yaşayan azərbaycanlı Zamiq Məmmədli də “Facebook” səhifəsində bu məlumatı paylaşıb və sabiq nazirlə bir ölkənin vətəndaşı olduqlarını qeyd edib.
 
S.Əbiyevin istefaya göndərildiyi ilk günlərdə ölkəni birdəfəlik tərk etməsi haqda xəbərlər yayılırdı. Ancaq məlumatların heç biri təsdiqlənmədi və S.Əbiyev tərəfindən birmənalı təkzib olundu.
 
Bununla belə, keçmiş nazir Çexiyada olması xəbərini də təkzib etməmişdi, sadəcə ölkədən həmişəlik getmədiyini açıqlamışdı.
 
Moderator.az saytı isə S.Əbiyevə yaxın mənbələrə istinadən yayılan məlumatların həqiqətəuyğun olmadığını yazıb. Mənbə bildirib ki, S.Əbiyevin Çexiyada nə şəxsi mülki, nə də vətəndaşlığı var. Bu, sadəcə kimlərinsə S. Əbiyevlə bağlı uydurduğu fantaziyadır. “O, bir neçə gündən sonra yenidən Azərbaycana qayıdacaq. Odur ki, biz bu cür dəqiqləşdirilməmiş informasiyaların KIV-ə ayaq açmasının qəti əleyhinəyik”,- deyə mənbə vurğulayıb.
 
“Azərbaycan Miqrasiya Mərkəzi” Ictimai Birliyinin rəhbəri Əlövsət Əliyev S.Əbiyevin Çexiya vətəndaşlığını almasıyla bağlı xəbəri şərh edib. O, Moderator.az-a bildirib: “Sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin Çexiya vətəndaşlığını alması haqqında məlumatla tanış oldum. Çexiya qanunvericiliyi vətəndaşlıq istəyən şəxsdən 5 il həmin ölkədə qanuni əsaslarla yaşamaq tələb edir.
Eyni zamanda Çexiya qanunvericiliyi aşağıdakı şərtləri tələb edir:
məhkum olunmamaq;
Çex dilini B 1 səviyyəsində bilmək;
Çexiyanın müasir həyatıni bilmək haqqında testdən keçmək (tarix, coğrafiya, ictimai biliklər);
Çexiyanın hər hansı bir təşkilatına borclu olmamaq;
maliyyə baxımından tam müstəqil olmaq və bunu sübut etmək;
Çexiya cəmiyyətinə kifayət qədər inteqrasiya olunmaq.
 
Çexiya qanunvericiliyi bəzi şəxslərə vətəndaşlığın müstəsa hallarda sadələşdirilmiş qaydada verilməsini də nəzərdə tutub. Müstəsna hallarda vətəndaşlıq elm, incəsənət, idman, və ya digər sahələrdə ciddi uğurlara imza atmış və xidmətləri olan şəxslərə verilə bilər. Səfər Əbiyevin ola bilsin hansısa sahədə Çexiya dövləti qarşısında “xidmətləri” olub və bu ictimayyətə bəlli deyil.
 
Eyni zamanda onun xanımının Çexiya vətəndaşı olmasını bildirənlər də vardır. Bu hal da onun sadələşdirilmiş qaydada və bu müddətdə vətəndaşlıq almasına imkan vermir. Çünki, Azərbaycan Qanunvericiliyinin tələbləri baxımından Səfər Əbiyevin ölkədən xaricə daimi yaşamağa getməsinə icazənin verilməsi qanuna uyğun deyil. Belə ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.5 maddəsinə görə Dövlət Sirri ilə işləməyə buraxılmış şəxslərin tanış olmağa buraxıldığı məlumatın məxfilik müddəti bitənədək şəxsin xarici ölkəyə daimi yaşamağa getməsi məhdudlaşdırıla bilər. Məcəllənin bu norması Səfər Əbiyevə tətbiq olunmalı və onun nazir vəzifəsindən azad olunan kimi ölkədən daimi yaşamaq ücün xaricə gedişinə icazə verilməli deyildi. Umumiyyətlə isə fikrimcə, dövlət sirrinə malik şəxslərin ölkədən çıxışana nəzarət gücləndirilməlidir. Nədənsə Azərbaycanda dövlət sirrinə malik olanların əvəzinə sadə insanların ölkəni tərk etməsinə qanunsuz məhdudiyyətlər qoyulmaqda davam edir".