44 illik qadağa ləğv edildi; dünyanı hansı dəyişikliklər gözləyir?
2015-ci il ərzində neftin 1 barelinin qiyməti 50 dollardan aşağı düşə bilər. Bu barədə Böyük Britaniyanın “Financial Times” qəzeti yazıb.
Qəzet cari ildə neftin kəskin ucuzlaşmasına iki səbəb bildirir.
Birinci səbəb ABŞ tərəfindən şist qaz hasilatının artırılmasıdır. Nəşrin jurnalistləri hesab edir ki, Səudiyyə Ərəbistanı və OPEC-in digər üzvləri ABŞ-ın bu addımına cavab vermək iqtidarında deyil.
İkinci səbəb bazardakı tələbin keçən ilin ikinci yarısında olduğu kimi, az olmasıdır.
Daha bir maraqlı məqam isə ondan ibarətdir ki, ABŞ hökuməti neft ixracına 1970-ci ildən qoyduğu qadağanı ləğv edib. Bu barədə qərarı ABŞ-ın ixraca nəzarət funksiyasını həyata keçirən Sənaye və Təhlükəsizlik Bürosu verib.
Büro eyniz zamanda ixrac əməliyyatlarına icazə üçün ona müraciət edən 20 firmadan məhz hansılarına bu səlahiyyətin verildiyini də müəyyən edib.
Bu qərarın qəbulundan sonra neftin qiymətinin bir az da ucuzlaşacağı şübhə doğurmur.
Bəzi məlumatlara görə, ABŞ-ın gündəlik hasilatı ilk dövrlərdə təxminən bir milyon barel olacaq.
«Bu qərar həm də dövlətlərarası münasibətlərə təsir edəcək»
İqtisadçı Məhəmməd Talıblı hesab edir ki, ABŞ-ın bu qərarları dünyada neftin qiymətinin sürətlə dəyişdiyi bir zamana təsadüf edir. Son zamanlar dünyanın inkişaf etmiş ölkələrinin o cümlədən, Amerikanın neftlə təhdid edildiyini xatırladan M.Talıblı vurğuladı ki, qaz faktorundan da bir silah kimi istifadə edilirdi: «Bütün bu faktorları neytrallaşdırmaq üçün ABŞ fərqli bir siyasətə əl atdı. Belə bir siyasətin həyata keçirilməsi həm geosiyasi, həm də dünya bazarındakı qiymətlər baxımından durumu əhəmiyyətli dərəcədə dəyişə bildi. Amerikanın neft quyularını açması ilə bağlı ilk bəyanatı neft bazarındakı treyderlərin davranışında hiss olunmağa başladı. Bu addım neft hasilatçılarına da təsir etdi».
Bir çox hallarda ABŞ-ın bəzi ölkələrdə demokratik prinsiplərin qorunması ilə bağlı ardıcıl siyasət aparmamasının neft amili ilə bağlandığını deyən M.Talıblı əlavə etdi ki, bu, həmin ölkələrin neft ixracatçısı olması ilə izah edilirdi. Amma ABŞ-ın həm yataqları açması, həm də neft ixracatçısına çevrilməsi onun barəsindəki bəzi fikirləri alt-üst etmiş olacaq: «ABŞ artıq neft ixracatçısı olan ölkələrə qarşı tənqid ritorikasını da dəyişib. Bu isə avtoritarizmi idarəçilik modeli kimi seçən ölkələri qəzəbləndirir. Artıq bu ölkələrdə avtoritarizm əhval-ruhiyyəsi də xeyli güclənib».
M.Talıblı hesab edir ki, ABŞ-ın neft ixraçatçısına çevrilməsi həm enerji bazarına, həm də dövlətlərarası münasibətlərə təsir edəcək.
Xəyal



