İsraili xəritədən sildilər

Mərkəzi Nyu-Yorkda yerləşən media nəhəngi “News Corporation” şirkətinin “HarperCollins” adlı mətbəəsi İsraili Yaxın Şərqin xəritəsindən silib.

Alman “Die Welt” qəzetinin xəbərinə görə, “HarperCollins”in Orta və Yaxın Şərq ölkələrindəki məktəblər üçün xüsusi olaraq hazırladığı xəritədə İsrailin qonşuları olan ölkələrin hamısının adına yer verilsə də, İsrailin sərhədləri nəzərəçarpmayan şəkildə çəkilib, adına da yer verilməyib. Mövzunun Katoliklərin xəbər jurnalı “The Tablet” də yer almasından sonra ictimai mediadan “HarperCollins”ə qarşı artan tənqidlər mətbəənin geri addım atmasına səbəb olub. “Facebook” səhifəsi üzərindən şərh verən “HarperCollins” Yaxın və Orta Şərq üçün hazırlanan xəritədə İsrailin adına yer verilmədiklərinə görə üzr istəyib. Mətbəə məhsulunu bazardan yığışdırsa da, İsrailin xəritədə nədən yer almamasına aydınlıq gətirməyib.

azadliq.info