Luqansk separatçıları bir-birini qırır

Qiyam ittihamı ilə səhra komandiri və azərbaycanlı mühafizəçisi öldürüldü

Bu gün sosial şəbəkələrdə Ukraynanın şərqindəki qondarma “Luqansk Xalq Respublikası”ında qiyam cəhdi və silahlı toqquşma haqda xəbərlər yayılıb.

Virtualaz.org saytı Rusiya və Ukrayna internet resurslarına istinadən xəbər verir ki, separatçılara yaxın qruplar “VKontakte” şəbəkəsində “Betmen” ləqəbli səhra komandirinin və bir neçə mühafizəçinin Luqanskda öldürüldüyü haqda məlumatlar yayıblar.

Məlumatlarda deyilir ki, bu gün səhər saatlarında “Luqansk Xalq Respublikası”nın 4-cü briqadasının qərargah rəisi Aleksandr Bednov (“Betmen”) öldürülüb. Onun arvadı Aleksandra Bednova və bir neçə mühafizəçisi həbs olunub.

Atışma zamanı “Betmen”in 6 mühafizəçisi də öldürülüb, onların arasında “Ramil” ləqəbli Azərbaycan vətəndaşı da var.

“Betmen”in tərəfdarları bildirir ki, səhra komandirini və mühafizəçilərini öldürən “Luqansk Xalq Respublikası”nın rəhbəri İqor Plotnitskinin adamlarıdır. Atışma Georgiyevsk qəsəbəsi yaxınlığında baş verib. “Betmen” və mühafizəçiləri pusquya salınıb və maşınlarına qumbaraatnla atəş açılıb. Nəticədə “Betmen”in konvoyundan 2 maşın-zirehli transportyor və müşaiyət maşını yandırılıb. Maşınlara BMP-dən atəş açıldığı, daha sonra avtomat və pulemyotlarla “Betmen”İn konvoyunun atəşə tutulduğu bildirilir.

Məlumatlara görə, Plotnitsikinin adamlar “Betmen”i “dövlət çevrilişi cəhdinə” görə öldürüblər. Səhra komandirinin yerli kazakların lideri ilə “çevriliş” planlaşdırdığı iddia edilir.