“Baş verənlər Azərbaycanın hansı istiqamətdə yol tutduğunu düşünməyə əsas yaradır”
“Xədicə İsmayılın həbsi hakimiyyətin qisasçılıq addımıdır”
Dekabrın 26-da Azərbaycan rəsmiləri Azadlıq Radiosunun Bakı bürosunda axtarış aparıb və ofisi möhürləyiblər. Bundan az sonra radionun əməkdaşları Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstiantaq İdarəsində dindiriliblər. Baş Prokurorluq isə məlumat yayaraq, radionun Bakı bürosunu maliyyə maxinasiyasında ittiham edib. Radionun Bakı bürosu ətrafında baş verənlərlə bağlı Azərbaycan xidmətinin rəhbəri Kənan Kazımoğlu “Amerikanın səsi”nə danışıb.
K.Kazımoğlu deyib ki, radioya qarşı baş verənlər tamamilə qanunsuz hərəkətlərdir: “Hadisələrin tam əvvəlindən bütün addımlar qanunsuz şəkildə atılıb. Radionun Bakı bürosuna basqın olub. Radionun əmlakı müsadirə edilib, işçilərə təzyiq göstərilib, büronun qapısına möhür vurulub və faktiki olaraq onun fəaliyyəti iflic vəziyyətinə çatdırılıb. Radioya qarşı bu reydin hansı səbəbdən həyata keçirldiyi heç bir formada izah edilməyib”.
K.Kazımoğlu radio əməkdaşlarının dindirilməsində də qanun pozuntusuna yol verildiyini deyib: “26 nəfərə qədər əməkdaşımızdan şahid ifadəsi alınıb. Və bütün bu proseslər vəkilsiz baş verib. Azərbaycan qanunvericiliyinə görə, vətəndaş prokurorluqda ifadə verdiyi zaman vəkillə təmin olunmalıdır. Bu, onun hüququdur. Lakin bizim vəkil Yalçın İmanov prokurorluğa gələn kimi onun dərhal işdən kənarlaşdırıblar və deyiblər ki, artıq bu işdə vəkil deyil, şahiddir. Faktiki olaraq bütün əməkdaşlarımız müdafiəsiz qalıb. Onlardan ifadələrin alınması proses qanunsuz aparılıb”.
K.Kazımoğlu əlavə edib ki, rəsmi ittiham onlara hələ də aydın deyil. Belə ki, radioya rəsmi məlumat verilməyib: “Bizə hələ də bu ittihamların mahiyyəti aydın deyil. Çünki radionun özünə hələ rəsmi şəkildə məlumat bildirilməyib. Hansısa mətbuata məlumat sızdırırlar, radioya qarşı absurd ittihamlar irəli sürürlər. Biz bu ittihamları tamamilə rədd edirik. Biz baş verənləri tamamilə qanunsuz sayırıq, büronun normal fəaliyyətinin dərhal bərpa olunmasını tələb edirik”.
K.Kazımoğlu radionun Azərbaycan xidmətinin öz işini bütün hallarda davam etdirəcəyini də bildirib: “Azadlıq Radiosu öz işini heç bir halda dayandırmayıb. Radio öz işini davam etdirir və davam etdirmək niyyətindədir. İstər Bakıda olsun, istər Praqa radionun işinin dayandırılması bizim planlarımıza daxil deyil. Təbii bu proseslər radionun işinin normal axarına təsir göstərib. Lakin Azərbaycan xidməti artıq 60 ildir ki efirdədir, Azərbaycandakı dinləyicilərinə xidmət göstərir və mən tam əminliklə bildirirəm ki, bu, davam edəcək”.
Azərbaycan xidmətinin rəhbəri radionun Bakıdakı əməkdaşlarının təhlükəsizliyini təmin etməyin vacibliyindən də danışıb. Bildirib ki, hazırdabaşlıca tələbləri Bakıdakı əməkdaşların təhlükəsizliyinə təminatdır. “Biz onların böyük təhlükədə olduğunu hiss edirik, onlara təzyiq var, onlara qarşı xof yaradılır. Müxtəlif istintaqlara çağırılmaqla onlara təzyiq edilir”, – deyə K.Kazımoğlu bildirib.
O, xatırladıb ki, radionun Bakıdakı əməkdaşları Azərbaycan vətəndaşıdır. Bu mənada onların təhlükəsizliyini qorumaq Azərbaycan hökumətinin borcudur. “Onların təhlükəsizliyinin təmin edilməsi Azərbaycan hökumətinin bilavasitə vəzifəsidir. Eyni zamanda, biz beynəlxalq ictimaiyyətə müraciət etmişik ki, Azərbaycandakı jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi üçün diplomatik və siyasi addımlar atsınlar. Bu istiqamətdə işləri davam etdiririk. Bizdə olan məlumatlara görə bəzi təmaslar olub və biz ümid edirik ki, bu, yaranmış vəziyyətin müəyyən mənada sakitləməsinə gətirib çıxaracaq. Əməkdaşlarımızın təhlükəsizliyi bizim üçün ən mühüm məsələdir.”
Kazımoğlu radionun həbsdə olan jurnalisti Xədicə İsmayılla bağlı da açıqlama verib: “Biz Xədicənin həbsini qanunsuz sayırıq. Tək biz yox, bütün beynəlxalq ictimaiyyət. Bir çox beynəlxalq təşkilatlar Xədicənin həbsdən azad olması üçün kampaniya aparır. Xədicə İsmayıl təkcə Azərbaycanda deyil, Azərbaycandan kənarda da tanınmış jurnalistdir. Ona qarşı həbs Azərbaycan hakimiyyəti tərəfindən qisasçılıq addımıdır və radio da bunu belə qiymətləndirir. Xədicənin son durumu ilə bağlı məlumat budur ki, əhval-ruhiyyəsi çox yüksəkdir. Bu yaxınlarda o, əməkdaşlara məktub göndərib və yeni ilimizi təbrik edib. Biz ümid edirik ki, Xədicə İsmayıla qarşı bu absurd ittihamlar geri götürüləcək və o tezliklə azadlığa çıxacaq. Təbii ki, biz onun sağlamlığı və durumu ilə bağlı narahatıq və bütün yollarla onun müdafiəsini təşkil etməyə çalışırıq”.
K.Kazımoğlu radioya qarşı təzyiqlərin motivlərini şərh edərək, Azərbaycanda son iki ildə yerli və xarici qeyri-hökumət təşkilatlarının, mətbuat qurumlarının hakimiyyətin təzyiqləri ilə qarşılaşdığına diqqət çəkib: “Azadlıq Radiosundan əvvəl Azərbaycanda ABŞ-ın IREX adlı media inkişafı təşkilatı fəaliyyətini dayandırdı. Onlara da oxşar basıqlar edilmişdi. Bundan başqa ABŞ-ın Milli Demokratiya İnstitutu ölkədən faktiki olaraq qovuldu. Ölkədə bir çox qeyri-hökumət təşkilatları bağlanıb, onların rəhbərləri həbsdədir. Ona görə də Azadlıq Radiosuna qarşı baş verənləri ayrıca bir kontesktdə müzakirə etmək mümkün deyil. Bu, eyni repressiya dalğasının tərkib hissəsidir. Təəssüf ki, hazırda bu, baş verir və Azərbaycanın hansı istiqamətdə yol tutduğunu düşünmək üçün əsas yaradır. Bu cür hadisələri biz Özbəkistanda da görmüşük, qonşu Türkmənistana da diqqət yetiririk, orada nə baş verib və ölkə hansı durumdadır. Yaranmış vəziyyət Azərbaycana yaraşan deyil. Azərbaycanda mətbuatın, qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyətinin fəaliyyətinə normal şərait yaradılmalıdır. Bu gün bu yoxdur və təəssüf ki, bu basqılara Azadlıq Radiosu da, bizim jurnalistlərimiz də məruz qalıblar. Biz ümid edirik ki, vəziyyət dəyişəcək”.



