Məhəmməd Talıblı: «Neft Fondu aktivlərin idarə olunması ilə bağlı bəzi risklərə hazır olmalıdır»
Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun ilin yekunları ilə bağlı açıqlamaları maraq doğurur. Dünya bazarlarında neftin qiymətinin ucuzlaşmasının ARDNF-nin gəlirlərinə təsirini etiraf edən Ş.Mövsümov vurğulayıb ki, Fond daxilolmaların və aktivlərin dinamikasının müxtəlif ssenarilərini işləyib hazırlayır.
ARDNF-nin dövlət büdcəsi qarşısında, eləcə də sosial və strateci əhəmiyyətli layihələr üzrə maliyyə öhdəliklərinin olduğunu diqqətə alaraq, qısamüddətli dövrdə Fondun aktivlərinin azalması ehtimalı mövcuddur. Uzunmüddətli dövrdə isə Fondun davamlı inkişafının təmin olunması üçün ARDNF xərclərin azaldılması üzrə mexanizmlər işləyib hazırlayır.
Amma maraqlıdır ki, dövlət başçısı Ilham Əliyev açıqlamasında bəyan etmişdi ki, dünya bazarında neftin qiymətinin düşməsi Azərbaycan iqtisadiyyatına, vətəndaşına təsir etməyəcək.
Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, Neft Fondunun idarə etməsiylə bağlı arada problemlər yaranır. M.Talıbı hesab edir ki, Neft Fondu aktivlərinin bazardakı kataklizmlərdən qorumaq üçün ciddi addımlar atmalıdır: “Ciddi addımların atılması zərurəti onunla bağlıdır ki, fondun aktivləri müxtəlif ölkələrdə daşınmaz əmlaka yatırılıb, xarici idarəetməyə verilib. Bütün bunlar onu göstərir ki, Rusiyanın sanksiyalara məruz qaldığı ərəfədə Rusiya bazarında risklər yaranıb. Ona görə Neft Fondu aktivlərin idarə olunması ilə bağlı bəzi risklərə hazır olmalıdır. Əslində, üç ssenari üzrə neftin qiymətinin ən aşağı səviyəyə enəcəyi təqdirdə Neft Fondunun hansı addımlar atacağı, eyni zamanda neft qiymətinin ən yüksək səviyyədə olduğu zaman hansı strategiya seçiləcəyi, büdcəyə ötrülən transfertlərə limitlərin nə qədər tətbiq olunacağı da müəyyən edilməlidir. Bütün bu məqamlar Neft Fondunun strategiyasında hiss olunmalıdır”.
M.Talıblının sözlərinə görə, Neft Fondundakı gəlirlərin idarə olunmasıyla yanaşı fonda gələn gəlirlə də bağlı konrket siyasət müəyyən edilməlidir.
Xəyal


