Əliyevin yarımçıq əfv siyahısı

Bu humanizm yox, qisasçılığın davamıdır

Biz ədalətsizliyə, oğurluğa, yalana öyrəşmiş cəmiyyətin nümayəndələriyik. Uzun illərdi gözümüzün içinə baxa-baxa taleyimizi oyuncağa çeviriblər. Biz isə bu qəddar tamaşaya  seyr edirik. 100 nəfəri şərləyib həbs edirlər, biz tamaşa edirik. Sonra hansısa əlamətdar gündə 10 nəfərin azad olunacağını səbirsizliklə gözləyirik. Gözlərimiz əfv siyahısındakı adların arxasınca düşür. Və həmişə kimi sevincimiz yarımçıq olur. Çünki, həmişə əfv siyahıları yarımçıq olur. Eyni zamanda əfv fərmanlarında hakimiyyətin mahiyyəti daha çılpaq şəkildə ifşa olunur. Bu ölkədə bütün əfv fərmanları hakimiyyətin siyasi məğlubiyyəti deməkdir. 

Dekabrın 29-da ölkə başçısı Ilham Əliyev növbəti “əfv”inə imza atdı. Və 10 nəfər siyasi məhbus azadlığa çıxdı. Bu günahsız insanların azad olması bizi sevindirir və bu adamlar cəmiyyətin ən dəyərli fərdləridir. Amma bunu humanistlik kimi qələmə vermək böyük ədalətsizlik olardı.  Əvvəla, NIDA-çı gənclərin hamısı eyni ittihamla həbs olunub və hamısı rejimin günahısz qurbanlarıdı. Amma cəmi 2 nəfər əfvə düşdü. Bu, hakimiyyətin hüquq elminə gətirdiyi “fenomen”dir, yoxsa humanizmin “avtoritar fəlsəfə”si? 

Yox, bu, “qisas əməliyyatı”nın və insan taleyi üzərində çirkin oyunun davamıdır. Bu əfv sərənacamı siyasi məhbusların sayını azaltmadı. Əksinə, indi siyasi məhbusların sayı ilin əvvəlində olduğundan çoxdur. Digər tərəfdən, bütün dünyanın siyasi məhbus kimi tanıdığı şəxslər bu siyahıya düşmədi. Bu gün bütün dünya Azərbaycan hakimiyyəti ilə qarşıdurma vəziyyətindədir. Beynəlxalq tribunalardan Azərbaycana qarşı sanksiyalar tələb olunur. Avropa Birliyi, ABŞ Azərbaycan hakimiyyətindən günahsız insanları azad etməyi tələb edir. Bu şəxslərin azad edilməməsi isə hakimiyyətin antidemokratik mahiyyətinin dəyişmədiyini, öz “ənənə”sinə sadiq qaldığını və  islahatlara meyilli olmadığını göstərdi.  

Bu əfv fərmanından öncə Leyla Yunus, Intiqam Əliyev, Rəsul Cəfərov, Seymur Həzi, Anar Məmmədli, Bəşir Süleymanlı, Arif Yunus, Murad Ədilov, Xədicə Ismayıl, Asif Yusifli, Sənan Daşdəmirli həbs edildi. AXCP Gənclər Komitəsinin 2 üzvü isə son günlər inzibati qaydada həbs olundu və hələ də həbsdədilər. Göründüyü kimi, hakimiyyət azad edəcəyi insanların yerini boş saxlamır. Yəni ilin sonunda azad edilənləri, il ərzində şərlənərək həbs olunanlar əvəzləyir. Deməli, hakimiyyətin siyasi məhbuslar məsələsində addım atmaq fikri yoxdur. Əksinə, vətəndaş cəmiyyəti sıradan çıxarılır, azad mətbuatın son adacıqları məhv edilir, yalnız mədhiyyəçi QHT-lər yaşadılır və s.

Təbii ki, bizim Azərbaycan hakimiyyətindən heç bir gözləntimiz yoxdur. Son günlər baş verən daha bir biabırçı olay isə, hakimiyyətin nə qədər cılız “həqiqət”lərlə yaşadığını sübuta yetirdi. Belə ki, Xədicə Ismayılın həbsinə vasitəçi olan Tural Mustafayev şikayətdən imtina etdi və dərhal həbs olundu. Bununla hakimiyyət “biz hüquqa tüpürmüşük, istədiyimiz insanı şərləyib həbs edirik və heç bir sübut qəbul etmirik” etirafını səsləndirdi.

Ümumiyyətlə, yarımçıq hamiləlik olmadığı kimi, yarımçıq humanistlik olmur. Əgər hakimiyyət humanist addım atmış olsaydı, “Azadlıq” qəzetinin 2-ci və 3-cü səhifəsindən boylanan insanlar bu səhifələri tərk edərdi. 

Amma reallıq sübut etdi ki, yarımçıq əfv olur. Ilham Əliyev uzun illərdi yarımçıq əfv “fenomen”ini cəmiyyətə və dünyaya sıramağa çalışır. Bəli, bu son əfv sərancamı həm də beynəlxaq təzyiqləri azaltmaq məqsədi güdürdü. Hakimiyyət dünyaya göstərmək istədi ki, siyasi məhbus məsələsini yavaş-yavaş həll etmək istəyir. Amma yuxarıda qeyd etdiyimiz kimi, həbs olunanların sayı azad edilənlərin sayından çox olduğuna görə, bunu irəli addım kimi qəbul etmək olmaz.

Bir sözlə, hakimiyyət 10 nəfər siyasi məhbusu azad etməklə, həbsdə olanların da siyasi məhbus olduğunu təsdiqlədi. Eyni zamanda onu da təsdiqlədi ki, hələ qisas əməliyyatı davam edir. Yəni “narkoman”, “xuliqan”, “dələduz” ittihamları ilə həbs olunmuş insanlardan siyasi əfv ərizələri alaraq, Fəxri xiyabana göndərmək “ənənə”si hələ də qüvvədə qalır. 

Nəticə isə budur ki, Azərbaycan 2015-ci ilə 100-ə yaxın siyasi məhbusla girir və hakimiyyət şər siyasətindən imtina etməyib.

Akif