Bahalaşma gözlənilir

«Hökumətin seçdiyi yol digər məhsulların da qiymətlərinin yüksəlməsinə təkan verəcək»

Artıq ilin sonundan hökumət bahalaşmaya gedəcəyi ilə bağlı anons verib. Vergilər nazirinin müavini Natiq Əmirov hökumətin bahalaşma layihəsi barədə məlumat verib. Layihəyə görə, Azərbaycanda yol vergisinin hesablanması və ödənilməsinə yeni nəzarət mexanizmi hazırlanıb.

Nazir müavini bildirib ki, layihədə yol vergisinin Azərbaycanda istehsal edilərək daxili istehlaka yönəldilən avtomobil benzinin, dizel yanacağının və maye qazın hər litrinin topdan satış qiymətinə və idxal olunan həmin malların gömrük dəyərinə 2 qəpik əlavə edilməklə hesablanması nəzərdə tutulub. Nazir müavininin sözlərinə görə, Azərbaycana idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almazın aksizli malların siyahısına aid edilməsi təklif olunur.

Onun sözlərinə görə, sənəddə həmin mallar üzrə aksiz dərəcələrinin müəyyən edilməsi ilə bağlı müddəalar da yer alıb.

Bundan başqa, Azərbaycana idxal olunan minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə tətbiq olunan aksiz dərəcələrinin artırılması nəzərdə tutulur.

Bundan başqa bəlli olub ki, Natiq Əmirov deyib ki, spirtli içki və tütün məmulatlarına da aksiz dərəcələrinin artırılması nəzərdə tutulur.

Bəs bu addımlar hansı nəticələrə səbəb ola bilər? Ölkədəki xidmətlərin, malların qiyməti artacaqmı?

Iqtisadçı Nemət Əliyev bildirdi ki, əgər hökumət belə bir qərar qəbul etməyə köklənibsə, öncə bunun səbəblərinə aydınlıq gətirmək lazımdır. Dünya bazarında neftin qiymətinin aşağı düşməsi nəticəsində Neft Fondunun gəlirlərinin azaldığını deyən N.Əliyev bildirdi ki, əgər fondun gəlirləri aşağı düşübsə, deməli, dövlət büdcəsinə ödəmələrdə problemlər yaşanacaqdır: “Nəticədə dövlət əlavə vəsaitlər axtarmaq yolunu seçib. Neftin qiymətinin aşağı düşməsi səbəbindən yaranmış boşluğun doldurulması məqsədilə belə bir addım atır. Hökumət ölkə daxilində həm benzinin satış qiymətini artırmaq, həm də əlavə aksiz vergiləri cəlb etməklə əlavə maliyyə vəsaitləri cəlb etmək istəyir. Əgər doğurdan da niyyət, məqsəd budursa, hökumətin bu cür yol seçməsi yanlışdır. Çünki indiki dövrdə neftin dünya bazar qiymətlərinin aşağı düşməsi fonunda yerli sahibkarlarımız xarici bazar mövqelərini itiriblər. Son dövrlərə qədər hökumətin yeritdiyi qiymət və sosial siyasətin fonunda əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb. Nəticədə əhalinin sosial vəziyyəti yaxşı olmayan durumdadır. Belə bir vəziyyətdə hökumət ölkədəki qiymətləri qaldırır. Düşünürəm ki, hökumət bu vəziyyətdə qeyri-neft sektorunu inkişaf etdirməlidir. Harada görünüb ki, vəziyyəti ağırlaşmış sahələrdə inkişafa təkan vermək üçün qiymətləri qaldırasan. Sahibkar məhsulunun qiymətini nə qədər istəyir qaldırsın. Onun alıcısı olmayandan sonra bunun maliyyə vəziyyəti necə düzəlsin”. 

N.Əliyev hesab edir ki, ona görə belə bir vəziyyətdə qeyri-neft sektorundakı sahibkarların fəaliyyətini stimullaşdırmaqdan ötrü mütləq enerji daşıyıcılarının qiyməti aşağı salınmalıdır. “Benzinin qiyməti qaldırmaq yox, aşağı salmaq lazımdır. Benzinin qiymətinin qalxması digər məhsulların, xidmətlərin də qiymətinin artması deməkdir. Yanacağın qiymətin aşağı salmaq lazımdır ki, qeyri-neft sektorunda istehsal olunan malların qiyməti aşağı düşsün”, deyə N.Əliyev vurğuladı.

N.Əliyev hesab edir ki, qızıl, zinət əşyalarının əlavə aksizə cəlb olunması bu məhsulların satışı ilə məşğul olanların durumunu ağılaşdıracaq. N.Əliyevin sözlərinə görə, hökumət yaranmış situasiyadan əlavə maliyyə vəsaitləri cəlb etmək hesabına çıxmaqdan çox uzaqdırlar. “Korrupsiyanın, rüşvətxorluğun səviyyəsini aşağı salmaq, haqsız rəqabətə son qoymaq kimi addımlar atmaq əvəzinə hökumət ən primitiv yolu seçir. Bu isə sahibkarlığın inkişafına zərbədir. Hökumətin seçdiyi yol digər məhsulların da qiymətlərinin yüksəlməsinə təkan verəcək”, deyə N.Əliyev bildirdi.

Xəyal