Erməni girovluğundakı soydaşlarımızın aqibəti necə olacaq?

Üzeyir Cəfərov: «Beynəlxalq təşkilatlar qarşısında onların girovluqdan azad edilməsi məsələsini qaldırmalıyıq»

Xəbər verildiyi kimi, erməni əsirliyində olan kəlbəcərli soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulmuş qondarma məhkəmə başa çatıb və onlara ağlasığmaz cəzalar verilib. Soydaşlarımızdan Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

Xatırladaq ki, adları çəkilən soydaşlarımız bu ilin iyul ayında Kəlbəcərdəki ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb. Onlarla birlikdə olan digər soydaşımız Həsən Həsənov isə qətlə yetirilib. Həsən Həsənovun meyiti bir müddət sonra düşməndən alınaraq Bakıda dəfn edilib.

Dağlıq Qarabağda Dilşəm Əsgərov və Şahbaz Quliyev üzərində qondarma məhkəmə prosesi oktyabrın 27-də başlayıb və dekabrın 29-da başa çatıb.

Soydaşlarımıza qarşı qondarma məhkəmə elə öz torpaqlarımızda – Xankəndidə qurulub. Öz doğma yurduna getmək istəyən soydaşlarımızın girovluqdan azad olunması üçün çıxış yolu nədir? Bu sualla hərbi ekspert Üzeyir Cəfərova müraciət etdik.

Üzeyir Cəfərov deyir ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev orada uzun müddət qalmayacaq. Ekspert onlara bu cür cəzaların verilməsini ermənilərin növbəti hoqqası adlandırır: “Ermənilər bununla demək istəyir ki, guya müstəqil dövlətləri və məhkəmələri var. Ortada hansı fakt var ki, vətəndaşlarımıza 22 il və ömürlük cəza verilir? Ermənilərdən xeyli əsir və diversantlar olub ki, Azərbaycan tərəfi onlarla belə davranmayıb. Elə Baqdasaryanın timsalında bunu göstərmək olar. Baqdasaryanın peşəkar kəşfiyyatçı olması faktlarla sübut olunub. Amma biz erməniləri uzunmüddətli həbsə məhkum etməmişik. Bizim vətəndaşlarla belə münasibət ermənilərin beynəlxalq qurumlara bir çağırışıdır ki, ermənilərlə danışıqlar aparsınlar, onlarla maraqlansınlar. Yəni, bu ittiham  ermənilərin özlərinin varlıqlarını sübut etmək üçün qəbul etdikləri qərardır. Bu qərar da 2015-ci ilin heç altı ayı ərzində davam etməyəcək. Düşünürəm ki, 2015-ci ilin yayınadək hər iki vətəndaşımızın vətənə qayıtmasını təmin etməliyik. Bunun üçün beynəlxalq təşkilatların qarşısında ciddi tələb qoymalıyıq”.

Nigar