Bugünlər Azadlıq radiosunun başına gətirilənlər 1993-dən bu yana Azərbaycan ÖZGÜRLÜYÜNÜN boğulması yönündə rejimin atdığı sonuncu addımlardandır. Yaxın-uzaq kimin necə düşünməsindən, necə dəyərləndirməsindən asılı olmayaraq bu, qanunauyğun görsənişdir. Diktator düşüncəsindən ayrı düşüncə yiyəsi olmayanların strategiyası totalitarizm, taktikası repressiya olur – başqa cür ola bilməz. Dünyanın harasında olur olsun belə kimsələr imperialist güclərin çox istədiyi kimsələrdir: onları gərəkən ölkədə, gərəkən çağda hakimiyətə gətirir, sonra da onların əlilə gərəkən işlərini görürlər. Onlarsa arxalı… arxayınlığı ilə başında durduqları ulusu, ölkəni, dövləti bildikləri, istədikləri kimi minib çapırlar…
Diktatorlar ulusu, ölkəni, dövləti istədikləri kimi minib çapa-çapa Ağalarından aralanmağa başlayırlar. Qanunsuzluq, soyub-yağmalama yoluyla yolsuzluğa yuvarlanan diktatorlar (başqa cür desək, regional ağalar) getdikcə varlanıb-güclənmə nədənilə onları ağalığı gətirənləri daha saymamağa başlayırlar. Bundan ötrü onlara ağalıqlarını öncə ölkə içində legitimləşdirmək gərəkir. Diktatorlar (başqa cür desək, əlaltı ağalar) özlərinin ağalıqlarını legitimləşdirməyin başlıca olaraq iki populyar yolundan yararlanırlar. Birinci, ölkədə düşüncə özügürlüyü adına nə varsa hamısını yox etmək – belə olmasa diktator ölkəsində gerçəkdən legitim ağa statusu qazana bilməz. Diktatorun legitim ağalıq statusu qazanması üçün düşüncə özgürlüyü – özgür düşüncə adına xırdaca bir “juçok” da tapılıb yox edilməlidir. Onda qalmış qəzet, radio ola!
Ikinci, diktatorun (eləcə də diktaturanın) ölkədə gerçək legitimlik – ağalıq statusu qazanması üçün “milli maraqlar”, “müstəqil, milli dövlət”, “suverenlik” kimi siyasi titorika arsenalı bir artilleriya qurğusu olaraq işə salınmaqla xalqın başı gicəlləndirilməlidir. Teleradio, qəzetlər “milli maraqlar”, “müstəqil, milli dövlət”, “suverenlik” kimi anlayışları gecə-gündüz durmadan tirajlamaqla xalqın yaşam atributuna çevirməlidirlər – yemək-içməksizlik, havasızlıq düşüncəsi necə, o da elə. Gündəlik yaşamında MILLI MARAQ, MÜSTƏQIL, MILLI DÖVLƏT MARAQLARI, SUVERENLIK anlayışlarının arxasında nələrin dayandığını görməyən, bilməyən xalq gecə-gündüz aşılama yoluyla bu anlayışların anlamadığı anlamına, gerçəklikdən uzaq gücünə bağlanıb qalmalıdır. Bax, bundan sonra hansısa güclərin qurduğu, illərlə dalında durduğu əlaltı ağalığı xalqın gözündə doğrulmağa-legitimləşməyə başlayır. Bundan sonra xalqın hamısı olmasa da, çoxu bu ağalığı itirməklə yaşamını itirəcəyi düşüncəsinin girovuna çevrilir. Ancaq bundan qabaq bu əlaltı ağalıq özünə gerçək ağalıq statusu qazandırmaq üçün ölkədəki özgür düşüncə adamlarını, onların baxışlarını etkisiz duruma gətirsin deyə, ardıcıl repressiya siyasəti yürüdür: kimlərsə öldürülür, kimlərsə ölkədən qaçaq salınır, kimlərsə tutulub damlanmaqla özgür düşüncə girovuna çevrilir.
Çevriliş yoluyla hakimiyətə gəlmiş Napoleon qabaqca ölkəni Robespyer partiyasının qoyub getdiyi düzənlə, baxışlarla yönətmək istəyirdi. Bir ara belə də etdi. Ancaq… Napoleon yavaş-yavaş dəyişib burjuylaşmağa, sonra da ölkəni demokratiya yolundan diktatura yoluna yönəltməyə başladı. Napoleon yavaş-yavaş Fransada özünün diktaturasını qurdu. Monarxiya-diktatura rejiminin illərlə başlıca dayaqlarından biri olduğundan, Robespyer partiyası ölkədə, başlıcası da Parisdə dinin varlığına son qoymuşdu. Ölkədə özgürlük subyektlərini bir-bir əzib sıradan çıxaran Napoleon qurduğu diktatura rejimində çox güclü dayağın – din dayağının çatmadığını görərək qovulmuş dini də, din başçılarını da qaytarıb özünün yardımçılarına çevirdi. Bağlanmış kilsələr açıldı, üstəlik, Napoleon Parisin giriş-çıxışında böyük kilsələr tikdirdi. Dinə qayıdışla bağlı onu alqışlayan yaltaq çevrəsinə diktator belə demişdi: “Mən dini sizünçün yox, özümçün qaytardım”.