Yenidən doğarıq ölümlərdə…

Ölü, igid, kölgə və buz, nə varsa, toxuma durarlar yenidən və xalq torpağa gömülü toxuma durar bir yerdə, buğda necə cücərərsə, çıxarsa torpağın üstünə, gözəl qırmızı əlləriylə səssizliyi burğu kimi dələr də, biz xalqıq, yenidən doğarıq ölümlərdə.

(Pablo Neruda)

Insanların bu qədər dəyərsiz olduğu neçə ölkə var yer üzündə, görəsən? Altı-üstü bir ovuc tamahkara qazanc yeri olan bu torpaqlar üçün bədəni qəlpə-qəlpə didilən, canının parçası gedənlərin heçə sayıldığı ölkə. On illər öncə bu xalq azadlıq arzusuyla ayağa qalxıb imperiya güclərinə qarşı dirənəndə, əlinə keçən ov tüfəngini belə alıb cəbhə bölgəsinə yollanan insanlardı onlar. Sıra-sıra şəhid oldular, itkin düşdülər, məchullara qarışdılar. Sağ qalanları da bu vətənin sürgününə düşdü. Yaxın günlərdə sosial şəbəkələrdə fotoları yayılan Qarabağ qazisi Yuriy Drobotov kimi. Dostları yazır ki, Yuriy rusların Bakıdakı hərbi hissəsindən tank qaçırıb Qarabağa gedən şəxsdir. O, döyüşlərdə ölümdən qurtulub, indi isə birinci dərəcəli əlil olaraq 67 manat təqaüdün və qoca anasının ümidinə qalıb. Arxiv sənədlərində adının və atasının adının ancaq baş hərfləri göstərildiyindən, ona Qarabağ əlili, müharibə veteranı statusu da verilməyib…

Dəhşətə baxın! Bu nə qansızlıqdır, nəyin qisasıdır belə? Guya çox çətin işdirmi o insanın harada, necə, kimin batalyonunda vuruşduğunu öyrənmək… O qanlı savaş meydanlarında, qurd ulayan qarlı dağlarda vuruşub əlil olan oğullar indi sədəqə kimi ayrılan 60-70 manatla can çəkir bu milyardlar ölkəsində. Kimə yazasan, kimə anladasan, kimə şikayət edəsən? Insanın içi qanayır, qəlbi parçalanır, ruhu üsyan edir, bu məmləkətin hakimiyyət eşelonunda məzlumları eşidən kimsə yox ki. Sözün həqiqi mənasında, adamın Tanrıya məktub yazmağı gəlir, arada bir buraları da xatırlasın deyə…

Məktub dedim, bir zamanlar Amerika qızıldərili qəbilələrinin başçısı Sietlın (Seaatle) prezident Franklin Piersə yazdığı məktub yadıma düşdü. O məktub ki, Amerika prezidentinin ölkəyə köçüb gələn ağdərili mühacirlər üçün qızıldərililərdən torpaq istəyi ilə bağlı 1854-cü ildə yazılıb. Bir Nobel mükafatlı yazarın əsərindən daha gözəl olan 4 səhifəlik həmin cavab bu günə kimi Amerikanın  “Seattle, Squamish” muzeyində saxlanır. O “barbar” deyilən şəxs üçün torpaq və vətən anlayışı hansı ruh halını ifadə edir… həmin məktubu oxumalısınız. Əvvəllər torpaqlarının bir hissəsi zorla əllərindən alınan qəbilə başçısı prezidentə yazmışdı:

“Əsrlərdir xalqımın üzərinə mərhəmət göz yaşları tökən bu sonsuz səma bir gün dəyişə bilər. Bu gün açıq görünən səma sabah buludlarla örtülə bilər. Sözlərim əsla yer dəyişdirməyən ulduzlar kimidir… Torpağımızı alma təklifini düşünəcəyik, amma bu asan olmayacaq. Çünki, bu torpaq bizim üçün müqəddəsdir. Dərələr və çaylardan axan, parıldayan sular, yalnız su deyil, atalarımızın qanıdır. Əgər sizə torpaq satılsa, onun müqəddəs olduğunu xatırlamalısınız və uşaqlarınıza da onun müqəddəs olduğunu öyrətməlisiniz… Bir gün baxacaqsınız, göydəki qartallar, dağları örtən meşələr yox olmuş, yabanı atlar əhliləşdirilmiş və hər yer insan oğlunun qoxusuyla dolmuş. Bax, o gün insan üçün həyatın sonu və varlığını davam etdirmə mübarizəsinin başlanğıcı olacaq… Canlıların yox edildiyi bir dünyada insan ruhu təklik duyğusundan ölməzmi? Unutmayın, bu gün digər canlıların başına gələn sabah insanın başına gəlir. Çünki bütün bunların arasında bir bağ vardır… Bu həqiqəti yaxşı bilirik: torpaq insana deyil, insan torpağa aiddir… Yox oluşumuz çox uzaq ola bilər, amma qəti olaraq bir gün reallaşacaq… Dünyanın heç bir yerində tamamilə kimsəsiz bir yer yoxdur. Gecələri, şəhər və qəsəbələrimizin küçələri boşalmış kimi görünsə də, əslində, bir zamanlar oralarda yaşamış və bu gözəl torpaqları həqiqətən sevən ruhlarla dolu olacaq. Ağ adamın, mənim insanlarıma hörmət göstərməsini təmin etməlisiniz, çünki ölülər gücsüz deyil. Ölümü dedim? …Ölüm deyə bir şey yoxdur ki, yalnız dünya dəyişir insan”. Bu yazıyla ölkənin qəhrəmanlıq salnaməsində izi olan minlərlə Yuriyləri təkrar xatırlatmaq istədim. Neruda da, Sietl da ruhunda torpaq və vətən daşıyanları yada salmaq üçün bir bəhanə oldu sadəcə. Demək istədim ki, qəhrəmanları sağlığında da xatırlayın. Bu qədər amansız olmayın, haqsızlıq bir gün mütləq mənada ağır hesab ödədir insana…