Həbsdən çıxan siyasi məhbusların ilk açıqlamaları FOTO

“İndi içəridə qalanların azadlığı uğrunda mübarizə aparmalıyıq”

 

Ölkə başçısı İlham Əliyevin ötən gün imzaladığı sərəncamla əfv edilən siyasi məhbuslardan NİDA-çılar Zaur Qurbanlı ilə Üzeyir Məmmədlinin, jurnalist Əvəz Zeynallının və hüquqşünas Qurban Məmmədovun azadlığa çıxdığı anı əks etdirən fotolar yayılıb. Keçmiş siyasi məhbusları dostları və ailə üzvləri qarşılayıblar.

Onlar həbsdən çıxandan sonra ilk açıqlamalarını da veriblər.

"Bizdə tutmaq da əmirlədir, azad etmək də”

 

NİDA-çı Zaur Qurbanlı “arqument.az”a bildirib ki, əfv olunacaqlarını əvvəlcədən onlara deyiblər. O qeyd edib ki, əslində onlar bütün NİDA-çıların əvf olunacağını gözləyiblər: "Biz 6 nəfərin əfv olunacağını gözləyirdik. Təəssüf ki, hakimiyyətin NİDA-dan qorxusu bir daha özünü göstərir. İki-iki buraxırlar ki, bəlkə, bu, bir az təhlükəni azaldar. Amma bu, çox pis oldu. Məmməd Әzizovla bir kameradaydım. Ifadə eləmək mümkün deyildi, orda biz nə çəkmişik bir gecə ərzində. Elə bir vəziyyətə saldılar ki, burnumuzdan gətirdilər. Çox istəyirdik ki, hamımız bir yerdə çıxaq. Təəssüf ki, ona imkan vermədilər".
Zaur Qurbanlı əfv sərəncamına münasibətini belə ifadə edib: "Bizdə tutmaq da əmirlədir, azad etmək də. Ona görə də uropatriotizm kimi idealistlik eləmək lazım deyil ki, yox, mən içəri qayıdacam. İndi biz içəridə qalanların azadlığı uğrunda mübarizə aparmalıyıq".

“Əvvələ qayıtsaydım, yenə eynə addımı atardım”

Əfv sərəncamı ilə azadlığa çıxan digər NİDA-çı Üzeyir Məmmədli isə “mediaforum” saytına deyib ki, əfv veriləcəyini gözləyiblər, amma əfvə kimlərin salınacağını bilməyiblər: “Sadəcə bilmirdik kimlər çıxacaq, kimlər həbsdə qalacaq. Təəssüf ki, hər kəs azadlıqda deyil, ona görə olaya tam sevinə bilmərik. İndi əhvalım yaxşıdır, çünki azadlıq həmişə şirindir. Əfv normal, sıradan bir standart addım idi. Mənə də növbə çatacağını gözləyirdim.
Səhhətimlə bağlı problemim yoxdur, olsa belə bu haqda danışmağı xoşlamıram, necə ki bir il doqquz ay bu mövzuda danışmamışam, bundan sonra da danışası deyiləm.
Gələcək planlar barədə yalnız içəridəki uşaqlar azadlığa çıxandan sonra danışmaq olar. Nə qədər ki, onlar həbsdədir, mənim heç bir planım yoxdur.
Həbsimizin səbəblərindən danışmaq isə qısa vaxtda mümkün deyil, çünki bu, geniş mövzudur. Bütün bunlar gözlənilən hadisələr idi, səbəbləri var. Həbslər indi də davam edir. Bu, bizim həbsimizlə başlanmış bir prosesdir, hazırda davam edir”.
Üzeyir Məmmədli həbs olunana qədərki fəaliyyətinə təəssüflənmədiyini vurğulayıb: “Mən həyatımda heç vaxt heç nəyə peşman olmuram. Əvvələ qayıtsaydım, yenə eynə addımı atardım”.

“Azad media yolunda yolumuzu davam etdirməyi düşünürəm”

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı isə “mediaforum” saytına deyib ki, doğmaların əhatəsində özünü çox yaxşı hiss edir: “Həbsxananın fəlsəfəsi başqa cürdür. Adın oxunmayınca, məlumat rəsmi təsdiqini tapmayınca əfv haqqında fikirləşə bilmirsən. Təbii ki, əfv bütün hallarda müsbət hadisədir. İnsan Hüquqları üzrə Birgə Qrupun verdiyi siyahıdakı dustaqların hamısının azad olunacağını gözləyirdim. Gözləntilərim özünü doğrulmadı, buna üzüldüm.
Amma yenə də müəyyən hissənin azadlığa çıxması sevindiricidir. Ümumiyyətlə ədalət bərpa olunursa, ədalətsizliyin qarşısı alınırsa, bu, müsbət hadisədir. Son dərəcə ağır ədalətsizliklə üzləşən bir jurnalist, bir vətəndaş kimi müəyyən miqyasda ədalətin bərpasını gördüm. Əfv sərəncamını imzalayan da, onun icrasında iştirak etmiş hər kəs də sağ olsun. Əfv böyük prosesdir, ümid edirəm ki, davamlı olacaq, digər siyasi məhbuslar da azadlığa buraxılacaq”.
Əvəz Zeynallı əlavə edib ki, 3 ildən çox həbsdə olub və həmin müddətdə cəmiyyət dəyişib: “Həbs olunduğum vaxtlardakı mətbuatla indiki mətbuat arasında xeyli fərq var. Fəaliyyəti dayanmış “Xural” qəzetinin nəşrini bərpa etmək istəyirəm. Düşünürəm ki, “Xural” qəzeti mən tutulduğum 28 oktyabr 2011-ci ildə necə idisə, bu gün də eyni olacaq. Amma təbii ki, ölkədəki reallıqları, vəziyyəti nəzərə almamaq olmaz. Çünki bizim hökumət zarafatı qəbul etmir. Azad media yolunda yolumuzu davam etdirməyi düşünürəm”.

Həbsdən çıxan digər siyasi məhbus Qurban Məmmədovla saytımızda ayrıca müsahibə təqdim olunub.