Rüstəm İbrahimbəyov Qulu Məhərrəmlini təbrik etdi

 
Tanınmış kinorejissor, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov pedaqoq jurnalist, professor Qulu Məhərrəmlini yubileyi münasibəti ilə təbrik edib.R İbrahimbəyovun redaksiyamıza göndərdiyi təbrik məktubunda deyilir:
 
Müasir Azərbaycan ziyalılığının parlaq nümayəndələrindən biri, böyük alim, ictimai xadim, jurnalist və ssenarist Qulu Məhərrəmlinin 60 illik yubileyini qəzetiniz vasitəsilə təbrik etmək imkanım olduğu üçün çox məmnunam.
Azərbaycan elminin, jurnalistikasının və audiovizual mədəniyyətimizin inkişafına böyük töhfələr vermiş Qulu müəllim dərin erudisiyası, yüksək peşəkarlığı, seçdiyi həyat prinsiplərinə sadiqliyi ilə cəmiyyətdə layiq olduğu hörməti qazanıb.  
Şəxsi görüşlərimizdə mən onun sosial-siyasi problemlərdən tutmuş mürəkkəb insani münasibətlərin incəliklərinədək ən çətin həyat hadisələrinin mahiyyətinə varmaq qabiliyyətinə heyran olmuşam. Bu gün Qulu Məhərrəmli kimi özündə xalq müdrikliyini, ziyalılığı və həqiqi dövlətçilik təfəkkürünü birləşdirən insanlara çox az-az rast gəlmək olar. 
Sadəcə, bu gün ölkəmizin problemi ondadır ki, Qulu Məhərrəmli kimi görkəmli şəxsiyyətlər çoxşaxəli qabiliyyətlərini tam şəkildə reallaşdırmaq üçün lazımi imkanlara malik deyillər. Lakin mən öz yaşıma görə yubilyarı hələ xeyli gənc sayıram və belə hesab edirəm ki, onun öz oxucularını və tamaşaçılarını yenə də sevindirmək imkanları olacaqdır. 
Əziz Qulu müəllim, əlamətdar yubileyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, özünüzə və yaxınlarınıza cansağlığı, firavanlıq arzulayıram.