Bəs özünü öldürmək həddinə çatdırdığınız insanlarla nə edəcəksiniz? İnsanlar sizin zülmünüzə dözə bilmirlər, eşidirsiz?
Bütün əvvəlki zamanlarda baş verənləri bir kənara qoysaq belə, ilin axır günlərində şahidi olduğumuz, hakimiyyəti tam ifşa edən təkcə son 3 hadisə hökumətin istefasına kifayət idi. Əslində bu, gözlənilən idi də. Rejim mənəvi–siyasi güc kimi sıradan çıxdıqca, xalqın qarşısına maskası cırılmış halda, kobud, çılpaq fiziki güc kimi çıxır. Daha kriminal əməllərini pərdələyə bilmir, bəzən də buna artıq heç cəhd etmir.
14 saylı cəzaçəkmə müəssisəsində 31 yaşlı Elşad Babayev döyülərək, işgəncə ilə öldürüldü. Normalda cinayətkarlar dərhal həbs olunmalı idilər. Cinayətkarları tapmaq da çətin deyildi. Nəinki Elşadın məhkum dostları və ailəsi, hətta 14 saylı cəzaçəkmə müəssisəsində əvvəllər həbsdə olmuş şəxslər də bu “peşəkar” işgəncə verənlərin kimliyini yaxşı bilirlər. Amma yox, bura Azərbaycandır. Cinayətkarlar dövlət səviyyəsində himayə olundular. İnsan qatillərini məsuliyyətdən yayındırmaq özü də cinayət deyilmi? Bunu edən siyasi hakimiyyət xalqın dəstəyinə, etimadına ümid edə bilərmi? Əlbəttə ki, yox. Ona görə də bütün ümidlərini Elşad Babayevin əli dəyənəkli qatillərinə, onların rejimə sədaqətinə bağlayıblar.
Bələdiyyə seçkilərini xalqın azı 95 faizi boykot etdi. Xalq bilirdi ki, onun iştirakı olmadan da qutular bülletenlərlə doldurulacaq. Xalq yanılmamışdı. Meydan TV-nin kamerası qarşısında 12 saylı məntəqədə qutular bülletenlərlə dolduruldu. Seçki saxtakarları birbaşa cinayət üstündə yaxalanmışdılar. Bir neçə gün ərzində həmin ifşa videosuna Youtube kanalından 150 mindən artıq adam baxdı. Ölkədə seçkilərin saxtalaşdırıldığını onsuz da bilən soydaşlarımız bu dəfə seçki saxtakarlığının anatomiyası ilə tanış oldular. Seçkilərin necə saxtalaşdırıldığını gözləri ilə görən vətəndaşın dəstəyinə rejim necə əmin ola bilərdi? Əmin olmadılar. Ona görə də xalqa arxalanıb, seçki cinayəti törədəni cəzalandırmadılar. Tam əksinə, xalqın gözündən daha da düşmək bahasına da olsa, seçki saxtakarlarını qorudular, məsuliyyətdən yayındırdılar. Çünki bilirlər ki, hakimiyyətlərinin mənbəyi həmin seçki saxtakarlarıdır.
İlin hələlik sonuncu böyük rüsvayçılığına nəzər salaq. İlham Əliyevin əsas tənqidçilərindən biri olan Xədicə İsmayılı Tural Mustafayev adlı bir adamın ifadəsini bəhanə edərək həbs ediblər. Bu Turalın vicdanımı dilə gəldi, ya nə oldusa, elan etdi ki, Xədicə xanıma qarşı verdiyi ifadədən imtina edir. Normalda bundan sonra hökumət bütün kin-küdurətinə baxmayaraq, Xədicə xanımı həbsdən buraxmalı idi. Amma yox, bu ölkədə hüquq ayaqlar altında tapdanır. Turalın məlum bəyanatından heç bir saat da keçməmiş onun özünü də tutdular. Rejim sanki, Turala dedi ki, sən kimsən Xədicə İsmayılı tutdurmaq fikrindən vaz keçəsən? İndi Xədicə xanımı həbsdə saxlamağa nəinki səbəbləri, heç bəhanələri də yoxdur. Amma onu azad etmirlər. Bundan sonra xalqa necə qanunun aliliyindən, ədalət mühakiməsindən nağıl danışsınlar?
Xalqın gözündə bu dərəcədə ifşa olunduqlarındandır ki, xalq dəstəyinə qətiyyən ümid etmirlər. Əksinə xalqın qəzəbindən necə yayınmaq haqda düşünürlər. Amma hələ ki, ağıllarına yeni bir ideya gəlmir, ənənəvi üsullarını daha da intensiv tətbiq edirlər.
1. Bunların əsl sifətlərini xalqa göstərə bilən informasiya kanallarını bağlamaq. “Azadlıq” radiosunun ofisini ona görə bağlayıblar.
2. Repressiyaları davam etdirməklə cəmiyyəti qorxu altında saxlamaq. Məhz bu məqsədlə “Azadlıq” radiosunun 12 jurnalistini istintaqa cəlb ediblər. Tanınmış hüquqşünas İntiqam Əliyevə, hüquq müdafiəçisi Rəsul Cəfərova əlavə maddələrlə ittiham irəli sürülüb. AXCP-nin yalnız Sabirabad şöbəsinin Gənclər Komitəsindən 3 nəfəri həbs ediblər. Murad Ədilovu 4 aydır ki, şərləyərək həbs ediblər. Bu günlərdə isə rayon Gənclər Komitəsinin sədri Etibar Fətiyev 30 sutka, gənc fəal Mirağa Abbasov 25 sutka müddətinə həbs olunublar. AXCP Təşkilat Şöbəsinin müdiri Rafiq Daşdəmirlinin girov götürülmüş oğlu Sənan Daşdəmirliyə işgəncə verilib.
Hər 2 istiqamətdə edilən cəhdlər səmərəsizdir. Ofisini bağlamaqla “Azadlıq” radiosunu susdurmaq mümkün olmayacaq. Ümumiyyətlə, İnternet əsrində xəbər kanallarını susdurmaq mümkün deyil.
Həbslər isə çoxaldıca adiləşir. Ölkənin tanınmış ictimai–siyasi xadimlərinin, hətta qadın liderlərin böyük rezonans doğurmuş həbsləri belə, cəmiyyəti susdura bilmədisə, əlavə həbslərlə cəmiyyəti susdurmağa ümid etmək illüziyadır. Bu yolla yalnız sanksiyaları yaxınlaşdırmağa nail ola bilərlər. Allah ağıllarını alıb, müvəqqəti effektə görə xalqla da, dünya birliyi ilə də aralarındakı uçurumu dərinləşdirirlər.
Ölkədəki gərginliyin səbəbi yarıtmaz idarəetmə, korrupsiya, hüquqsuzluq, sosial çətinliklərdir. Bunlar səbəblə nəticəni qarışdırırlar. Müxalifətçiləri həbs etməklə problemlər həll olmayacaq. Elə bu gün (dekabrın 29-da – red.) 8 nəfərin intiharı və intihara cəhdi qeydə alınıb. Bəs bu özünü öldürmək həddinə çatdırdığınız insanlarla nə edəcəksiniz? İnsanlar sizin zülmünüzə dözə bilmirlər, artıq belə yaşaya bilmirlər. Eşidirsiz?.



