Baş prokurorluğun açıqlamasına radiodan sərt cavab
“Azadlıq” radiosunun əməkdaşlarının istintaqa cəlb olunması prosesi davam edir. Radionun təxminən 30-a qədər əməkdaşı dekabrın 28-29-da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsində ifadə verdikdən sonra dünən daha iki nəfər dindirilib. Dünən istintaqa cəlb edilənlər arasında radionun keçmiş koordinatoru da olub.
Bu arada, Baş Prokurorluq “Azadlıq” radiosu Bakı bürosunda aparılan axtarış və əməkdaşların dindirilməsilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir ki, istintaqa radionun Azərbaycan nümayəndəliyinin şübhəli bank əməliyyatları həyata keçirməsi barədə məlumatlar daxil olub.
Prokurorluğun bildirdiyinə görə, nümayəndəliyin bank hesablarına 1 yanvar 2010-cu ildən 9 dekabr 2014-cü ilədək baş ofisdən 3 milyon 555 min 688 manat pul daxil olub. Həmin pulun 189 min 100 manatı hissəsi nümayəndəliyin maliyyə meneceri (qanuni təmsilçi) Mirzəyev Yəhya Hidayət oğlu tərəfindən xəzinədən nəğd götürülərək müxtəlif təyinatlar üzrə xərclənməsi rəsmiləşdirilib: “Nümayəndəlikdə yalnız bir nəfərin – maliyyə menecerinin təhtəl-hesab şəxs kimi xəzinədən 189.100 manat məbləğində külli miqdarda nağd pul vəsaitlərini götürməsi, həmin pul vəsaitlərinin foto, video çəkiliş, içməli su, çay, qənd alınması, bərbərxanaya ödəmələr və sair bu kimi kiçik məbləğli təyinatlar üzrə xərclənməsinin rəsmiləşdirilməsi, eləcə də fiziki şəxslərin gəlirləri barədə müvafiq vergi orqanlarına hesabatlar təqdim etməmələri, nümayəndəlik tərəfindən nəşrinə külli miqdarda pul vəsaitləri sərf edilən ”Fərqli düşüncə" adlı jurnalınÿ pulsuz paylanması kimi xüsusatlar nümayəndəliyin vəzifəli şəxsləri tərəfindən saxta sənədlər tərtib etməklə külli miqdarda maliyyə vəsaitlərinin mənimsənilməsini ehtimal etməyə əsaslı şübhələr yaradır.
Həmçinin istintaqa cəlb edilərək şahid qismində dindirilmiş Əliyeva Fərəh Sabir qızı ifadəsində göstərib ki, maliyyə meneceri Yəhya Mirzəyevin göstərişi ilə 2013-cü ilin may və 2014-cü ilin aprel-may aylarında “Azadlıq” radiosunun “Oxu zalı” layihəsində iştirakla bağlı xidmət müqaviləsi əsasında xidmət haqqı adı ilə onun adına rəsmiləşdirilmiş 3675 manatın yalnız 900 manatı ona verilib, qalan 2775 manatı isə Yəhya Mirzəyev özünə götürüb.
Zeynalov Cavid Aşur oğlu da ifadəsində göstərib ki, 2012-ci ilin noyabr ayında maliyyə meneceri Yəhya Mirzəyev onu xidməti otağına çağıraraq, müxbir kimi göstərdiyi xidmətin haqqı 400 manat təşkil etsə də, ona hər ay 1130 manat pul yazacağını, həmin pulu bankdan aldıqdan sonra 400 manatı, sonuncu ay isə 500 manatıÿ götürüb, qalan məbləği gətirib ona verməyi təklif edib, həmçinin bu barədə heç kimə məlumat verməməyi tapşırıb. Onun göstərişi əsasında 2012-ci ilin dekabr ayından 2013-cü ilin iyun ayı da daxil olmaqla, hər ay xidmət haqqı adı ilə bank hesabına köçürülmüş cəmi 7910 manatın hamısını bankdan nəğdləşdirib çıxardıqdan sonra, yalnız 2900 manatını özünə götürüb, 5010 manatı isə maliyyə meneceri Yəhya Mirzəyevə verib".
Qeyd edək ki, Baş Prokurorluğun bu açıqlamasından bir gün əvvəl hökumətyönlü media orqanlarında istintaqdakı mənbələrə istinadən “Azadlıq” radiosu “çirkli pulların yuyulmasında” ittiham olunmuşdu.
Dünən “Azadlıq” radiosunun Azərbaycan xidməti ünvanına səslənən ittihamlara cavab verib. “Azadlıq” radiosu prokurorluğun ittihamlarını qətiyyətlə rədd edərək, bu məlumatların yalan, təxribat və böhtan olduğunu bildirir.
“Azadlıq” radiosu Azərbaycan hakimiyyətini öz əməkdaşlarına qarşı mənəvi terroru dərhal dayandırmağa, istintaqdan siyasi alət kimi istifadə edilməsinə son qoymağa çağırır.
İnformasiya şöbəsi



