Ölkəyə əsl bayramın nə vaxt gələcəyini Şahvələd Çobanoğlu bilir

Hakimiyyət 2015-ci ilə azad düşüncəli insanların qollarını, qapılarını bağlaya-bağlaya, ocaqlarını söndürə-söndürə gedir. Işsiz-gücsüz camaata ayda 4-5 dəfə bayram günləri yazan hakimiyyət, zalımlığına il ərzində bir gün də “istirahət” vermir: yaxşı olar ki, Ilham Əliyev 31 dekabr, saat 24:00-da zəhmət çəkib Azərbaycan xalqını təbrik etməsin. Onsuz da mavi ekran qarşısında oturmağa heç kim qalmayıb. Bütün ili həbsxana, məhkəmə yollarında keçirən camaata nə təbrik?! Ən yaxşısı, 2015-ci ilin ilk saniyələrindən fərman versin ki, kim mənə yaltaqlanmağı bacarmır, şahlığımı qəbul etmir, könüllü ocağını söndürsün, qapısını bağlasın, bir “badımcanı” taksi sifariş etsin, ailəliklə getsin Kürdəxanıya. 

2015-ci ilin ikinci fərmanı isə Kürdəxanının Azadqala adı ilə əvəzlənməsilə bağlı olsun. Kim bilir, bəlkə, onda yaltaq şairlərin, bəstəkarların qeyrəti oyanar, Kürdəxanıya tükürpədən bir şeir, mahnı həsr edərlər. Yeri gəlsə, artıq xalq arasında Azadqala adını alan Kürdəxanı Türkiyənin Çanaqqala şəhərindən də müqəddəs bir yerdir: Çanaqqalada torpaq uğrunda savaş gedib, Kürdəxanıda isə VICDAN, ƏDALƏT uğrunda savaş gedir. Məşhur “Çanaqqala türküsü”ndə Çanaqqalanı Kürdəxanı ilə əvəzləsək, sanki türkü  Azərbaycanın vicdan məhbusları üçün yazılıb: “Çanakkale(Kürdəxanı) içinde vurdular beni, ölmeden mezara koydular beni. Of gençliğim, eyvah…” Yeri gəlmişkən, Çanaqqala şəhərinə ayaq basmadan öncə, “Dur yolcu! Bilmeden gelip bastığın, bu toprak, bir devrin battığı yerdir!” sözləri uzaqdan turistlərin diqqətini cəlb edir: məşhur misralar ünlü türk şairi Nəcməttin Xəlil Onanın “Bir yolçuya” şeirindəndir. Əvvəllər o misraların “salamı” ilə Çanaqqalaya ayaq basanda çox həyəcanlanırdım, elə bilirdim ayağımı hara qoysam, torpaqdan inilti, ağrı səsləri qopacaq. Amma indi Azərbaycana ayaq basanda heç bilmirəm ayağımı hara qoyum, hara baxım ki, ağrı, inilti səsləri eşitməyim, kədərli gözlər, hüznlü üzlər görməyim. Ölkəni idarə edənlərin qudurğanlığı, zalımlığı qarşıdan gələn yeni ildə də davam etsə, yəqin ki, Azərbaycana ayaq basanları “Dur yolçu! Bilmədən gəlib basdığın, bu torpaq, bir millətin, bir xalqın batdığı, məhv olduğu yerdir!” sözləri “salamlayacaq”. Açığı, artıq Bakı elə bir hala gəlib ki, ayaq basmağa yer də qalmayıb: adamlar bir-birinin başına, sifətinə, çiyninə… ayağını qoymaqla işə, dərsə, toya, yasa, dilənməyə, yaltaqlanmağa, üzə durmağa, şər atmağa, intihar etməyə… tələsirlər. 

Pula susamışların isə ölkənin uçurumun kənarında olmasından xəbərləri yoxdur. Onlar pula elə susayıblar ki, qana susayan manyakdan daha qorxuludurlar. Əslində, pul onlara heç lazım da deyil. Min illik ehtiyaclarını ödəmək üçün pulları olsa da, yenə də gözləri doymur: indi onlar hesablarında olan pulun sıfırlarının çoxluğundan həzz alırlar. Pul, var-dövlət onlar üçün həyat mənbəyidir. 

Ölkəni çapıb-talayan quldurlar doqquz il əvvəl Elmar Hüseynovu qətlə yetirəndə bütün qələm əhlinə mesaj verdilər ki, nədən yazırsız yazın, oğurladığımız pulları saymayın, yerini deməyin, yoxsa vicdanlı jurnalistlərin bu torpaqdan kökünü kəsərik. Amma bacarmadılar! Gözütox, vicdanlı, qürurlu, azad insanı nə ölümlə qorxutmaq mümkündür, nə də həbslə susdurmaq olar. Vicdanlılar azalmadı, daha da çoxaldı!

Şahvələd Çobanoğlunun “facebook” səhifəsində tez-tez paylaşdığı bir şəkil var: “Səfillər”in qəhrəmanı Qavroş quru  çörək yeyən iki balaca uşaqla söhbət edə-edə yolla gedirlər. Əsasən, bayramlarda o dəyərli şəkli Şahvələd bəy maraqlı bir şərhlə paylaşır: “Uşaqlıq şəklimdir, paxlava yeyən uşaqlara əsl bayramın nə vaxt gələcəyindən danışıram”. Yəqin ki, Şahvələd Çobanoğlunu və quru çörək yeyən uşaqları prokurorluğa o “söhbətə” görə dəvət ediblər. Deyəsən, Ilham Əliyev də, xalqın ətini yeyən, qanını içən məmurları da saxta bayramlardan beziblər, əsl bayram üçün darıxırlar. Gedəcəkləri günü bilmək üçün onlar üçün də çox maraqlıdır ki, bu ölkəyə əsl bayram nə vaxt gələcək?