
AXCP sədri Əli Kərimli 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İllə bağlı xalqı təbrik edib. Təbrikdə deyilir:
Əziz həmvətənlərim! Sizləri 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni təqvim ili münasibətilə səmimi qəlbdən təbrik edirəm.
31 dekabr günü bütün dünya azərbaycanlıları tərəfindən artıq 23 ildir birlik və dayanışma bayramı kimi qeyd olunur. Bu gün milli-azadlıq hərəkatı başlayandan xalqımızın istiqlal və müstəqillik uğrunda apardığı böyük mücadilə və ideallarla bağlı olduğuna, millətimizin mənəvi ruhunun dirçəldilməsində, onun həmrəyliyə gedən yolunu aydınlatmasında əvəzsiz xidməti olan tarixi bir gündür. Həmin gün hamımız üçün bir də ona görə əzizdir ki, xalq hərəkatının və AXC-nin şəriksiz lideri Əbülfəz Elçibəyin unudulmaz adı və əməlləri ilə bağlıdır. Əbülfəz bəyi və bu şərəfli yolda onunla bərabər olub dünyasını dəyişmiş bütün əqidədaşlarımızı şükranla anırıq, həbsxanada olanlara azadlıq diləyirik.
Əziz soydaşlarım, bu əziz gündə demokratiya, insan hüquq və azadlıqları uğrunda mübarizə apardıqlarına görə hazırda siyasi məhbus həyatı yaşayan, yeni ili doğmalarından uzaqda qarşılayan, dolanışıq, ailəsini yaşatmaq üçün iş dalınca bütün dünyaya səpələnən, erməni işğalı nəticəsində doğma yurd-yuvasından didərgin düşmüş həmvətənlərimizi, səngərdə olan qəhrəman əsgərlərimizi də unutmuruq. Əhalimizin əksəriyyətinin iqtisadi, maddi məhrumiyyətlər içində çapaladığını, intiharların, əsgər ölümlərinin günü-gündən artdığını da bilirik, insanlarımızın belə çarəsiz, məzlum duruma düşməsinə əsasən bu antimilli rejimin, onun korrupsioner təmsilçilərinin bais olduğunu da.
Bu birlik günündə xalqımıza arzu edirəm ki, qeyd edilən ağrılı, çoxsaylı problemlər ucbatından əsla ruhdan düşməsin, daha böyük əzm və iradə ilə onların həllinə nail olmağa səy göstərsin. Bu isə ilk öncə həqiqi demokratiya yolunu seçmiş və bunu öz həyat amalına çevirmiş əqidəsindən dönməz insanlarımızın birliyi, mübarizəsində ardıcıllığı ilə bağlıdır. Bilin ki, harada bir azərbaycanlının hüququ pozulursa, azadlığı əlindən alınırsa, biz Xalq Cəbhəsi Partiyası olaraq onun yanındayıq.
Əziz həmvətənlərim, bir daha bayramlarınız mübarək. Hər birinizə möhkəm can sağlığı, uzun ömür, həyatınızda və fəaliyyətinizdə uğurlar, haqq-ədalət naminə mübarizənizdə böyük əzm arzulayıram. Arzu edirəm ki, 2015-ci il xalqımızın və hər birinizin həyatında yalnız xoş günlərlə yadda qalsın, yaşadığımız ağrı-acılar, çətinliklər yola saldığımız bu illə tarixə qovuşsun. Qoy, yeni ildə nəsibiniz sevinc və rifah olsun, hər biriniz muradınıza çatasız!


