Ədalətin qələbəsi

Elnur Astanbəyli elnurastanbeyli@gmail.com

Dünən yeni əfv sərəncamının imzalandığa barədə xəbər yayılanadək sosial şəbəkələrdə əsas müzakirə mövzusu adı Ədalət, soyadı Şükürov olan bir əməkdar artistin açıqlaması idi. O, təzəlikcə bir müsahibə verib elə beləcə də deyibmiş: “Məktəblərdə din dərsləri keçilsin. Uşaqların dinlə bağlı təsəvvürləri olsun. Bizim bir dini kitabımız var. Qurani-Kərim. Bu kitabda neçə ayə var, müqəddəslərimizin adlarını bilməlidi uşaq. Kəlmeyi şəhadətini bilməlidi. Mən nə edirəm lazım olmayan həndəsəni, kimyanı, fizikanı, biologiyanı… Lazımsız şeylərdir. Bunları yığışdırmaq lazımdır”.

Indi hamı düşüb bu manısın üstünə, sağdan da döşəyirlər, soldan da. Əslində hansısa Ədalət adlı manısın nə dediyi mənim üçün qətiyyən maraqlı deyil, mənə Azərbaycanda ədalətin vəziyyəti maraqlıdır, hansı ki, indi o ölkədə yarımcan durumdadır, belə getsə, son nəfəsinə bir şey qalmayıb.

Amma o biri tərəfdən də fikirləşirsən ki, axı Ədalət Şükürov nəyi düz deməyib? Doğrudan da, bu ölkədə fizika, kimya, biologiya, həndəsə… ümumiyyətlə, elm, bilik, təhsil kimə və nəyə lazımdır, onlar bu ölkədə hansı yaralı barmağa dərman olmağa yarayır? Bu ölkədə bilgi, intellekt, savad insanlara hansı üstünlüklər tanıyır, ona hansı karyera, uğur vəd edir? Bir halda ki, ölkədə ucalmaq, parlamaq, həyatda mövqe tutmaq ancaq pul, “dayday” və yaltaqlıq sayəsində mümkündür, daha kitaba, bilgiyə sığınmağın mənası nədir? 

Başqa tərəfdən, bir halda ki, bizdə hansısa alim çıxıb mələyin uçma sürətini hesabladığını təntənə ilə bəyan edir, ya da başqa bir “dünya şöhrətli alim”imiz durub “Aşura bu millətin oyanması üçün ciddi dəstək verə biləcək bir gündür” şəklində cümlə qurur, yaxud da allah qoymasa, elmlər doktoru olan adam ərinməz-ərinməz “Görücü Məlahət” adlı kitab yazaraq falın və falçının əhəmiyyətini izah etməyə çalışır, daha biz hansısa manısdan nə gözləyirik?

Niyə unuduruq axı, biz qoruq müdirinin təhsil naziri qoyulduğu ölkədə yaşayırıq. Niyə unuduruq axı: bu ölkədə ələmuçuranları, cinçıxaranları, falabaxanları, cadu-piti yazanları hər gün ekran-efirdən xalqa dəyər kimi sırıyıb xaricxdə təhsil alan, savadlı, irəligörüşlü insanları “narkoman”, “xuliqan”, “terrorist”, “antimilli ünsür” deyə şərləyib dəmir barmaqlıqlar ardına atır, həbsxanalarda çürüdürlər.

Yaxşı bütün bunlardan sonra fizikanı, kimyanı, biologiyanı, həndəsəni… lazımsız elan etmək niyə sizə ağır gəlir ki?!

Bəli, əsas odur ki, uşaqlar ayələrin və imamların adlarını bilsinlər, kəlmeyi-şəhadəti öyrənsinlər. Yerdə qalan hamısı boş söhbətlərdir. Yetmiş yaşında yazdığı kitaba görə həbs edilən və gözləri tutulan Qalileyin, yaxud ruhanilərin qəzəbinə gəldiyi üçün həbs edilib səkkiz il ən dəhşətli həbsxanalarda saxlanılan, sonda isə dünyagörüşlərindən dönmədiyi üçün diri-diri yandırılan Cordano Brunonun aqibəti hamıya dərs olmalıdır. Nə elm-zad, nə savad, nə bilik, hamısı boş söhbətlərdir, masonların işləridir, bizi öz milli-mənəvi dəyərlərimizdən, adət-ənənələrimizdən, soykökümüzdən, qədimliyimizdən, ululuğumuzdan uzaqlaşdırmaq üçün ortaya atılan oyunlardır, fitnələrdir. Onsuz da hər şey Quranda yazılıb. Dara düşəndə də seyidlər, pirlər köməyimizə çatır. Nobel alan alimlərin heç biri bizim falçı Məlahətin, görücü Zirəddinin atılan dırnağı da ola bilməz. Xoşbəxt, firavan, insan kimi yaşamağın yolu isə Nadir Qafarzadə, Səməd Səmədov, Ədalət Şükürov olmaqdan keçir.

Ədalətsizliyin xirtdəyə çıxdığı indiki Azərbaycanda heç olmasa, bir dəfə ədalətli davranmaq və Ədalət Şükürovu təhsil naziri qoymaq da mümkündür. Hətta vacibdir. Hətta qaçılmazdır. Lap məşhur bir ata sözümüzdə deyildiyi kimi: “Elə başa belə daraq”. Necə də yaraşardı!…  

Biz də sevinərdik, fərəhlənərdik ki, həsrətini çəkdiyimiz ədalət olmasa da, barı müğənni Ədalət ölkəmizdə zəfər çaldı.