«The New York Times» qəzeti bu hücumlar fonunda İlham Əliyevin Azərbaycanda inqilab qorxusundan yazır
Dünya mediası “Azadlıq” radiosunun Bakı bürosunda baş verənləri diqqətdən kənarda qoymur. Dünyanın aparıcı media orqanları Bakıda radio və onun əməkdaşları ətrafında baş verənlər haqda müntəzəm şəkildə beynəlxalq ictimaiyyəti məlumatlandırır.
Dünyaca nüfuzlu media orqanlarından Amerikanın “The New York Times”ÿqəzeti yazır ki, “Azadlıq” radiosunun Bakıdakı jurnalistləri həftəsonu dindirilmək üçün 12 saatlıq saxlanıb. Radionun “Işdən sonra” proqramının aparıcısı Kamran Mahmudovÿ mənzilindən prokurorluğa ev paltarında aparılıb.
Qəzet yazır ki, prezident Ilham Əliyevin tərəfdarları xaricdən maliyyələşən təşkilatların Bakıda “Ərəb baharı” kimi inqilab edəcəyi və ya Ukraynadakı kimi küçə nümayişlərilə hakimiyyəti devirə biləcəyinə dair xəbərdarlıq edirlər.
Bundan başqa, hökumət bir sıra QHT-ləri Ermənistanla əməkdaşlıq etməkdə günahlandırır.
“The New York Times” YAP-çı deputat Siyavuş Novruzovdan da sitat gətirib: “Siyavuş Novruzov deyir ki, xarici kəşfiyyatın və erməni lobbisinin işlədiyi hər bir yer araşdırılmalıdır”.
“Azadlıq” radiosuna qarşı baş verənlər “Japan Times” qəzetində də geniş yer alıb. Qəzet yazır ki, silahlı polis və müstəntiqlər “Azadlıq” radiosunun Bakı bürosuna gələrək buranı möhürləyib, kompüterləri müsadirə ediblər. Bu, cümə günü olub. Daha sonra isə polis jurnalistlərin evlərinə gələrək, onları dindirməyə aparıb.
Qəzet qeyd edir ki, ABŞ Dövlət Departamenti “Azadlıq” radiosuna qarşı bu baş verənlərdən dərin məyusluq hissi keçirdiyini bəyan edib, Azərbaycanı media azadlığını qorumaq haqda öhdəliklərinə əməl etməyə çağırıb.
“Radionun jurnalistlüri dindirilməyə aparılıb. Onlardan birini heç üst paltarını, ayaqqabısını geyinməyə qoymayıblar. Bütün jurnalistlər vəkilin iştirakı olmadan dindirilib. Radionun jurnalistlərinin dindirilməsi xaricdən maliyyələşən təşkilatların fəaliyyətilə bağlı istintaqla əlaqələndirilir”, – deyə “Japan Times” vurğulayır.
Qəzet yazır ki, Ilham Əliyev 3-cü dəfə prezident olandan sonra insan haqları müdafiəçilərinə, jurnalistlərə təzyiqlər artıb. Hazırda 15 jurnalist və blogger həbsdədir.
Avropa Şurasının baş katibi Torböorn Yaqland bazar günü bildirib ki, “Azadlıq” radiosuna basqı Azərbaycanda ifadə azadlığı ilə bağlı narahatlığı yenidən qaldırır. Yaqland deyib ki, Avropa Şurası bu baş verənlərin səbəbləri və hüquqi əsasları barədə Azərbaycandan izahat istəyəcək.