Vidadi Mirkamal əynindəki mantiyaya və çiynindəki rütbəyə xəyanət etmədi
Yaşadığımız ölkədə tərifi o qədər ucuzlaşdırdılar ki, tərifəlayiq insanlara da tərif deməyə qorxduq. Cəmiyyətin dibində olan o qədər adamlara fəxri adlar verildi ki, cəmiyyətin üzündə olan ziyalılar fəxri ad almaqdan utandı. Bəli, ölkəmizin dəyərli insanları, həqiqi ziyalıları, cəsarətli elm adamları bu hakimiyyətin dövründə arzuolunmaz elan edildi. Ona görə ki, bu adamlar vicdanlarını, mənliklərini satışa çıxarmadılar. Əksinə, bütün şüurlu həyatlarını millətin və dövlətin mənafeyi naminə xərclədilər.
Belə dəyərli ziyalılardan biri də, bugünlərdə 60 yaşı tamam olan ədliyyə generalı, Milli Şuranın hüquq komissiyasının sədri Vidadi Mirkamaldır.
Qeyd edək ki, Vidadi müəllim 1972-1977-ci illərdə Bakı dövlət Universitetinin hüquq fakültəsini bitirib. 2000-ci ilə qədər Iqtisadi məhkəmədə sədr müavini işləyib.ÿ1979-dan bəri BDU-daÿvətəndaş, arbitraj, iqtisadi hüquq sahəsindəÿ mühazirə deyir. Hüquq sahəsində 36 məqalənin və “Arbitraj məhkəməsi” kitabının müəllifidir. Hazırdaÿ”Arbitr”ÿhüquq kampaniyasının prezidentidir.
Bugün hakimlərin hansı meyarlarla hökm qərarı çıxartdığı da, qara xalat geyinən hüquqşünasların hüquqa necə arxa çevirməsi də hamıya məlumdur. Bu ölkədə hüquq təhsili almış və ədaləti təmin edəcəyinə söz vermiş nə qədər adam inzibati zəhmin qarşısında təslim olub.
Vidadi Mirkamal isə öz mantiyasına xəyanət etmədi. O, qara xalatı geyinib həqiqətləri zülmətə çevirmədi, qaranlıqlara işıq salmağa çalışdı. O, hakimiyyətin bahalı mükafatlarına aldanıb, özünü ucuz satmadı. Hər zaman siyasi məhbusların hüquqlarını qorudu, ölkədəki ədalətsizliyə, korrupsiyaya, hüquqsuzluğa etiraz etdi və öz mövqeyində sabitqədəm oldu.
Bu ölkədə çoxdandır ki, çiynidə rütbə daşıyanlar qorxulu məxluqlara çevrilib. Çünki, hüquq mühafizə orqanları hüquqsuzluğu mühafizə etmək öhdəliyi götürdü. Vidadi Mirkamal isə sübut etdi ki, ən qatı avtoritar rejimdə belə əynindəki mantiya kimi, çiynindəki rütbəni də təmiz saxlamaq mümkündür.
Bu mənada Vidadi Mirkamalı xoşbəxt insan saymaq olar. Ona görə yox ki, 60 yaşı başa vurdu. Ona görə ki, 60 yaşına bir sifətlə, bir əqidə ilə, bir adla gəldi.
Nə qədər ki, bu ölkədə Vidadi Mirakamal kimi hüquqşünaslar var, hüququn aliliyi anlayışı cəmiyyətin yaddaşından silinməyəcək.
O 60 yaşında istirahətə çıxmayıb, mübarizəyə daha da inamla girişib. O, mübarizə aparmamaq üçün bəhanə axtarmır. Mübarizəsini əsaslandırmaq üçün faktlara istinad edir.
Bir daha bu dəyərli ziyalını, həqiqi hüquqşünası, vicdanlı vətəndaşı təbrik edirik. O, ömrün 60-cı pilləsinə qədəm qoydu. Arzu edirik ki, bu pillələrin sayı çox olsun!
Akif


