Tural Mustafayevin saxlanması həbsin qondarma olduğunu rəsmən təsdiqlədi
Azərbaycandakı real vəziyyət hamıya məlumdur. Biz də uzun illərdi yazırıq ki, bu ölkədə hüquq, Cinayət Məcəlləsi, qanun hakimiyyətin maraqlarına xidmət edir. Daha doğrusu bu ölkədə hüquq dəfn edilib. Həbslər də, məhkəmə hökmləri də sifariş əsasında həyata keçirilir. Ölkədə istənilən şəxsi həbs etmək, cibindən narkotika çıxarmaq, vətən xaini adlandırmaq adi bir normaya çevrilib.
Xədicə Ismayılın həbsi və bu həbslə bağlı son günlər baş verənlər vəziyyəti bir daha çılpaqlığı ilə ortaya qoydu. Bildiyiniz kimi, Xədicə Ismayıl Tural Mustafayev adlı şəxsin şikayəti əsasında həbs olunub. Guya, Xədicə Ismayıl bu şəxsi intihar həddinə çatdırıb və o da siçan zəhəri içərək intihar etmək istəyib. Təbii ki, Xədicə Ismayılın həbsinin siyasi sifariş olması aydındır və Tural Mustafayev bu işdə vasitəyə çevrilib. Amma 2 gün öncə baş verənlər bu işin qurama olduğunu bütün ictimaiyyət üçün təsdiqlədi. Hakimiyyət növbəti dəfə özünü ifşa etdi. Əgər bu ölkədə qanunun kölgəsi olsaydı, Xədicə Ismayıl sərbəst buraxılardı. Çünki, Tural Mustafayev şikayətini geri götürdüyünü bildirdi və bunun səs yazısı da var. Daha sonra isə o Qəbələ hava limanına gedərək ölkədən getmək istədi. Çevik hüquq mühafizə orqanlarımız isə onu anındaca həbs etdilər. Bəli, hökumətimiz zərərçəkmiş qismində tanınan adamı həbs edir. Hüququn təntənəsi baş verir. Yəqin, Tural Mustafayevə məcbur edəcəklər ki, “zərər çəkdiyi günlərə” geri dönsün. Görünür, hakimiyyət bu işin sonrakı mərhələsini də düşündüyü üçün Tural Mustafayevin ölkədən çıxışına qadağa qoyub. Dünya hüquq tarixinə yeni “imza” atılır. Zərərçəkən qismində saxlanılmış adam deyir ki, mən şikayətimdən imtina edirəm. Sifarişi verənlər isə, “sən zərərçəkənsən” deyirlər. Indi hökumət özü Tural Mustafayevi intihar həddinə çatdırmaqla məşğuldu.
Xədicə Ismayıla qarşı “dövlət sirrini yaymaq”, “şərəf və ləyaqəti alçaltmaq” kimi ittihamlar səsləndirib sonra biabır olan hökumət bu dəfə də “siçan dərmanı”na görə biabır olmaq istəmir. Ancaq artıq gecdir. Tural Mustafayev bundan sonra “Xədicə Ismayıl məni avtomatla öldürmək istəyirdi” desə də, heç bir məna kəsb etməyəcək. Artıq bütün ölkə bu hakimiyyətin nə qədər şərə bulaşdığını, insanların taleyi üzərində necə “ssenari”lər qurduğunu əyani şəkildə gördü.
Əslində, Tural Mustafayev hakimiyətin növbəti məğlubiyyəti oldu. Bu “böyük əməliyyat” baş tutmadı.
Indi baxaq görək hökumətimiz dünənə qədər zərərçəkmiş qismində müdafiə etdiyi adamı necə zərərsizləşdirəcək. Bəlkə də “zərərçəkmişlər” seriyası davam edəcək.
Akif