Parlament seçkilərindən sonra daxili işlər nazirinin başqa bir vəzifəyə təyinat alacağı iddia olunur
Daxili işlər naziri Ramil Usubov parlament seçkilərindən sonra postuna əlvida deyəcək. Bu barədə redaksiyamıza daxil olan məlumatda belə deyilir. Lakin Ramil Usubovun nazir postundan getməsi onun “vurulması” anlamına gəlməməlidir.
Çünki iddialara görə, daxili işlər naziri Prezident Administrasiyasına təyinat alacaq. Məlumatda deyilir ki, bu Ramil Usubovun hakimiyyətdəki himayədarı sayılan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin planıdır. Ramiz Mehdiyev Ramil Usubovu məhz administrasiyada görmək istəyir. Onun hansı posta təyin olunacağı hələlik dəqiq bəlli deyil. Lakin bəzi ehtimallara görə, Ramil Usubov hüquq-mühafizə orqanları ilə iş şöbəsinin rəhbərliyinə gətirə bilər. Məlumat üçün deyək ki, hazırda bu şöbənin müdiri Fuad Ələsgərovdur və onun Ramiz Mehdiyevlə münasibətləri o qədər də ürəkaçan deyil. Ramil Usubovun yerinə təyin olunacaq şəxsə gəlincə, əsasən daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazovun adı çəkilir. Qeyd edək ki, hələ DIN kadr dəyişikləri başlayanda Ramil Usubovun nazir postundan gedəcəyi, onun yerinə isə Vilayət Eyvazovun təyin olunacağı bildirilirdi. Iddia olunurdu ki, kadr dəyişiklikləri də Vilayət Eyvazovun yolunu açmaq üçündür.
Bildirilir ki, hazırda hakimiyyət dəhlizlərində məhz Ramil Usubovun yeni təyinatı müzakirə mövzusudur. Məlumata görə, Ramiz Mehdiyevə müxalif olan hakimiyyətdəki digər qruplaşmalar bu təyinatın əleyhinədir.



