Əliyevdən növbəti əfv manipulyasiyası

100-dən artıq siyasi məhbusdan cəmi 10-nu azad olundu; sərəncam heç İşçi Qrupun siyahısını da əhatə etmədi

Ölkə başçısı Ilham Əliyev əfv sərəncamı imzalayıb. Məlumat üçün deyək ki, hələ bir müddət əvvəl yeni il ərəfəsində əfv sərəncamının imzalanacağı və siyasi məhbusların əhəmiyyətli hissəsinin azadlığa buraxılacağı bildirilirdi. Lakin əfv olsa da, adları siyasi məhbus siyahısında olanlardan 10 nəfəri azadlığa buraxılıb.

Onlardan 5 nəfəri ictimaiyyət tərəfindən tanınan məhbuslardır. Bunlar, tanınmış vəkil Qurban Məmmədov, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, “Note Bene” qəzetinin baş redatoru Sərdar Əlibəyli, NIDA Vətəndaş Hərəkatının üzvləri Zaur Qurbanlı və Üzeyir Məmmədlidir. NIDA-çılardan Rəşad Həsənov, Rəşadət Axundov, Ilkin Rüstəmzadə və Məmməd Əzizovun da azadlığa buraxılacağı bildirilsə də, bu xəbərlər özünü doğrultmadı.

Digər 5 nəfərə gəlincə, onlardan 3-ü hicab məhbusudur: Muraday Quluyev, Nahid Qəhrəmanov, Ceyhun Quliyev. Qalan 2-si isə Ismayıllı hadisələrinə görə həbs olunmuş şəxslərdir: Elşən Ismayıllı və Şükran Mühübalıyev.

Məlumat üçün deyək ki, vətəndaş cəmiyyəti institutlarının hazırladığı siyahıya görə Azərbaycanda 100-dən artıq siyasi məhbus var. Beynəlxalq təşkilatlar dəfələrlə həmin məhbusları qeyd-şərtsiz azadlığa buraxması Azərbaycan hakimiyyətinə çağırış ediblər. Lakin görünür, hakimiyyət öz ənənəsini pozmaq istəmir. Hər əfvdə 3-5 siyasi məhbusu azad edir və onların yerinə yeniləri həbsə atılır. Onu da qeyd edək ki, Işçi Qrup 27 nəfərlik siyahı təqdim etmişdi. Lakin göründüyü kimi hətta bu əfv onların siyahısını əhatə etməyib. Beləliklə, ictimaiyyət Azərbaycan hakimiyyətinin növbəti əfv manipulyasiyasının şahidi oldu.