Hakimiyyətdən ABŞ-a ağır ittiham

“Zorakılığın da, korrupsiyanın da, həbslərin də əsl vətəni ABŞ-dır”

Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ABŞ rəsmilərini ölçü hissini itirməkdə ittiham edib. O, tvitter səhifəsində ABŞ-ın ATƏT-dəkli səfiri Daniel Baerin Bakıdakı son olaylarla bağlı fikirlərinə reaksiya verərkən belə yazıb.
Xatırladaq ki, Daniel Baer “Azadlıq” radiosunun bağlanmasına tvitterdə belə münasibət bildirmişdi: “Azad media üzərinə hücum zəif, özünə inamı olmayan və korrupsioner hökumətlərin və liderlərin davranışıdır”.
Novruz Məmmədov isə ona belə cavab verib: “Təəssüf ki, ABŞ-da bəzi rəsmilər və diplomatlar ölçü hissini tamam itiriblər. Belələrindən biri cənab Baer unudur ki, zorakılığın da, korrupsiyanın da, həbslərin də əsl vətəni elə öz ölkəkisidir. Görünür, ABŞ-ın ATƏT-dəki nümayəndəsi cənab Baerin ölkəsində baş verən hadisələrdən heç xəbəri yoxdur. Elə bir neçə gün əvvəl Senatın Kəşfiyyat Komitəsində gedən dinləmələrlə tanış olsa idi, yaxşı olardı. Onda anlayardı ki, twitterdə yazdıqlarını oxuyanda ilk yada düşən ölkə elə ABŞ olur. Cənab Baer qərəzli fikirləri ilə ABŞ-la Azərbaycan arasında münasibətlərə zərbə vurmağa çalışır”.

azadliq.info