“Hakimiyyət sanksiyaları bir qədər də yaxınlaşdırdı”

«Azadlıq» radiosuna qarşı bu cür müdaxilə beynəlxalq aləmin səbr kasasını daşıran son damla ola bilər»

Hakimiyyətin gözləntilərinin əksinə olaraq “Azadlıq” radiosunun bağlanması ciddi beynəlxalq əks-səda doğurdu. Əgər hakimiyyət radionun bağlanmasını ilin sonuna saxlayaraq Qərbdəki bayram günləri ilə əlaqədar olaraq bu hadisəyə sərt reaksiyanın verilməyəcəyinə ümid edirdisə, proses tam başqa cür cərəyan etməyə başladı.

ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmisi “Azadlıq” radiosunun Bakı ofisinin möhürlənməsi və əməkdaşların istintaqa çəkilməsi ilə bağlı bəyanat yayıb:ÿ”Biz “Azadlıq” radiosunun Bakıdakı bürosunun ofisində əməkdaşlarının saxlanması, sorğu-suala çəkilmələri və polisin ofisdə axtarış aparması barədə xəbərlərdən çox ciddi şəkildə narahatıq. Bu istintaq və axtarışın səbəbləri aydın deyil. Biz hakimiyyət orqanlarını media azadlığının qorunması barədə Azərbaycanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırırıq. Azad və müstəqil media hər bir dövlət üçün olduqca önəmlidir”.

ABŞ Konqresinin Helsinki Komitəsinin (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası) sədri senator Bencamin Kardin də radioya hücumu pisləyən bəyanatla çıxış edib.

Ben Kardin bildirib ki, “Azadlıq” radiosunun bürosuna reyd Azərbaycan hökumətinin fərqli səsləri susdurmaq kimi dərin narahatlıq doğuran meylini davam etdirir və radionun Azərbaycan xidmətinin təhqiqatçı jurnalisti Xədicə Ismayılın həbsi və ilkin məhkəməsinin dərhal ardınca baş verir: “Biz Azərbaycan hakimiyyətini bir daha jurnalistlərin təqibinə son qoymağa və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Taəşkilatının iştirakçı üzvü kimi – insan haqları və təməl azadlıqların qorunmasına dair keçmişdə götürdüyü öhdəliklərə hörmətlə yanaşmağa çağırırıq”.

ABŞ-ın ATƏT-dəki səfiri Daniel Bayer tvitter hesabındaÿeyni məsələyə reaksiya verib. “Azad media üzərinə hücum zəif, özünə inamı olmayan və korrupsiyalı hökumətlərin və liderlərin davranışıdır”, deyə D.Bayer vurğulayıb.
Bəs, bundan sonra bu istiqamətdə hansı addımları gözləmək olar? Hakimiyyətin repressiya siyasətini daha da sərtləşdirməsi hansı fəsadlara səbəb ola bilər?

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, “Azadlıq” radiosunun kobud, açıq və heç bir əxlaqi, siyasi çərçivəyə sığmayan şəkildə bağlanması beynəlxalq səviyyədə ciddi reaksiyalar doğurmaqda davam edəcək. Prosesin davamında daha sərt beynəlxalq təpkinin baş verəcəyinin gözlənilən olduğunu deyən F.Qəhrəmanlı bildirdi ki, baş verənlər Azərbaycan diktatura rejiminə keçidin başlandığını göstərir: “Bu, diktaturaya keçidin simptomlarındandır. Bütün diktator rejimlər müstəqil informasiya vasitələrini özləri üçün təhlükə hesab edirlər. O cümlədən hakimiyyət xarici informasiya vasitələrini bütün diktator rejimlər üçün eyni olan leksikonla ”ölkənin daxili işlərinə qarışan”, “ölkədə daxili sabitliyi pozmaq istəyən” qüvvələr kimi təqdim etməyə çalışır. Hakimiyyətin “Azadlıq” radiosuna qarşı atdığı addım çox təhlükəli prosesin növbəti simptomlarıdır. Buna qədər siyasi repressiyalar dalğası insan hüquqları, demokratik azadlıqların təmin olunması sahəsində narahatlıq yaradıb. Artıq Azərbaycanın inkişaf prespektivinin diktaturaya doğru yuvarlandığı görsənir. Beynəlxalq birliyin bu günə qədər olan tənqidləri hakimiyyəti nəinki bu addımlardan çəkindirib, əksinə, beynəlxalq birliyin reaksiyası tənqid formasında ifadə olunduqca, hakimiyyət hesab edib ki, bu tənqidləri nəzərə almamaq da olar. Nə qədər mümkündürsə, ölkədə demokratik azadlıqları, insan haqlarını pozmaq olar”.

F.Qəhrəmanlının fikrincə, beynəlxalq tənqidlərin də bir limiti var. Bundan sonrakı mərhələ artıq sanksiyaların gündəmə gəlməsidir: “Dünya görəndə ki, artıq heç bir addım fayda vermir. Artıq sanksyialardan başqa seçim yolu qalmır. Bu cür addımlar atan avtoritar rejimlər hamısı eyni mərhələni keçiblər. Tənqidlər nəzərə alınmayanda artıq sanksiyaların tətbiq olunması zərurətə çevrilir. Hesab edirəm ki, ”Azadlıq” radiosuna qarşı bu cür müdaxilə beynəlxalq aləmin səbr kasasını daşıran son damla ola bilər”.

Qərbdə Yeni Il ilə bağlı olaraq iş rejiminin bir qədər səngidiyini deyən F.Qəhrəmanlı vurğuladı ki, Yeni Il başa çatdıqdan sonra Azərbaycandakı proseslərə daha kəskin reaksiyaların olacağı gözləniləndir. F.Qəhrəmanlının qənaətincə, hökumət dünyanın hazırda başının Rusiya-Ukrayna konfliktinə qarışdığı üçün bu cür repressiv addımlar atmaq üçün əlverişli dönəm olduğunu düşünür: “Guya, bu kontekstdə Azərbaycan Rusiyanın himayəsinə sığınaraq istədiyini edə bilər. Azərbaycanın yerləşdiyi geosiyasi məkan bu cür hadisələrin gözardı edilməsinə imkan vermir. Ona görə Rusiyaya münasibət konktekstində Azərbaycana da diqqət yetiriləcəyi gözləniləndir. Azərbaycanın atdığı addımlara qarşı adekvat reaksiyanın göstəriləcəyi gün uzaqda deyil. Artıq beynəlxalq səviyyədə kifayət qədər nüfuzlu ekspertlər, siyasətçilər bəyan edirlər ki, Azərbaycanla bağlı tənqidlər fayda vermədiyinə görə sanksiyalar məsələsi gündəmə gəlməlidir”.

Xəyal