ABŞ və Avropa ilə münasibətləri kim korlayır?
Azərbaycan hakimiyyətinin avtoritar mahiyyəti tam ifşa olunub və bugün bütün dünya ölkədəki antidemokratik mühitdən xəbərdardı. Son dövrlər repressiyaların artması, görkəmli simaların qondarma ittihamlarla həbs edilməsi, azad medianın susdurulması üçün atılan addımlar, QHT-lərin fəaliyyətinin məhdudlaşdırlması Azərbaycanda insan haqlarının hansı səviyyədə olduğunu bir daha təsdiqlədi və bu, beynəlxalq aləmin gündəminə çevrildi.
Uzun müddətdir Azərbaycan hakimiyyəti beynəlxalq təşkilatların hesabatını, dünya mətbuatının tənqidi mövqeyini, müxtəlif ekspertlərin Azərbaycanla bağlı kəskin çıxışlarını qərəzli adlandırır və bu tənqidləri erməni lobbisinin fəaliyyəti kimi dəyərləndirirdi. Yəni Azərbaycan hakimiyyəti hər zaman sübut etməyə çalışıb ki, dünya ilə yüksək əməkdaşlıq halındadılar, bütün dünya bunlarla hesablaşır və Azərbaycanla münasibətlərdən bütün dünya məmnundur. Tənqidi məqalələri, hesabatları isə ölkədəki inkişafı gözü götürməyənlərin özfəaliyyəti kimi qiymətləndirirdilər. Amma son zamanlar baş verənlər hakimiyyətin xarici siyasətinin tam iflasa uğradığını və dünya gücləri ilə konfrantasiya şəraitində olduğunu göstərdi. Məlum oldu ki, hakimiyyətin “bizim Qərblə münasibətlərimizi pozmaq istəyən qüvvələr var” arqumenti yalandır və bu münasibətləri hakimiyyət özü pozur. Məsələn, dünənə qədər “Freedom House”un, “Human Right Watch”un və digər təşkilatların ermənipərəst olduğunu, onların mövqeyinin ABŞ-a aidiyyəti olmadığını, yaxud dünyanın nüfuzlu mətbuat orqanlarında Azərbaycanla bağlı materialların həmin ölkələrin rəsmi mövqeyi olmadığını desələr də, bugün məlum olur ki, əslində baş verənlər Qərbin mövqeyidir. Çünki, hazırda Avropa Birliyi, ABŞ Dövlət Departamenti, konqresmenlər səviyyəsində Azərbaycan hakimiyyətinə etiraz edilir və ölkəyə sanksiyaların tətbiq olunacağı ilə bağlı mesajlar verilir.
Dünya gücləri ilə münasibətlər korlanıbsa, hakimiyyət hansı dünya ilə əməkdaşlıqdan söhbət edir, hansı dünya gücləri ilə normal münasibətlərdən danışır? Bugün Avropa Birliyinə, ABŞ-a təzyiq göstərə biləcək hansı güc var?
Göründüyü kimi, Azərbaycan hakimiyyəti dünyanın ən aparıcı dövlətləri ilə körpüləri yandırıb. Indi Avropa Birliyini, ABŞ-ı ermənipərəst adlandırmaq daha gülünc səslənir. Çünki, hakimiyyətin dediyi kimidirsə, deməli, Ermənistan bütün dünyanı idarə edən ölkədir və ABŞ, Avropa Birliyi bu ölkənin diktəsi ilə hərəkət edir.
Reallıq isə budur ki, hakimiyyət bütün sərhədləri aşıb və dünənə qədər onun fəaliyətinə göz yumanlara da manevr imkanı tanımır. Indi nəinki Avropa Birliyi, Avropa Şurası da Azərbaycandakı siyasi məhbusların azad edilməsini tələb edir və hakimiyyətin qanunsuz əməllərinə etirazını bildirir.
Necə oldu ki, dünya gücləri Azərbaycan hakimiyyətinə qarşı bu qədər aqressiv oldu? Səbəb çox sadədi. Azərbaycan hakimiyyəti bütün dəyərlərdən imtina etdi və düşündü ki, neftə görə bütün neqativlərə göz yumulacaq. Amma başa düşmədilər, Qərb dünyasının o qədər potensialı var ki, Azərbaycanın nefti və qazı olmasa da keçinə bilər. Yəni dünya Azərbaycandan asılı vəziyyətdə deyil ki, bütün qanunsuzluqlara “hə” deyilsin. Azərbaycan hakimiyyəti dünyada tanınan hüquq müdafiəçilərini qondarma ittihamlarla həbs edir, azad mətbuatın bütün adacıqlarını sıradan çıxarır, vətəndaş cəmiyyətinə divan tutur və bunun əvəzində Qərbdən təşəkkür gözləyir. Daha dəqiq desək, hakimiyyət istəyir ki, Qərb öz dəyərlərinə xəyanət etsin.
Son günlər Israil mətbuatında dərc olunmuş 2 tənqidi məqalə kifayət etdi ki, hakimiyyət sözçüləri bu ölkəni düşmən adlandırsın. Hansıki, Israil bunların ən əsas müttəfiqləridir. Sadəcə olaraq hakimiyyət də anlayır ki, bu hansısa mətbuat orqanının təhlili yox, Israilin mövqeyidir. Yəni hakimiyyətin bərbad siyasəti bütün dünya ilə münasibətlərin korlanmasına xidmət edir.
Bir sözlə, demokratiyanı boğmaq, vicdanlı insanları şərləyərək həbs etmək, ölkəni diktaturaya çevirmək siyasəti, Azərbaycanı dünyadan təcrid etməyə başlayır. Hakimiyyət daha çox qazanmaq, hesabat verməmək, cinayətləri ört-basdır etmək naminə, ölkəni uçuruma atıb.
Yəni Qərblə münasibətlərin korlanmasında başqa qüvvələr axtarmağa ehtiyac yoxdur. Yeganə qüvvə hakimiyyətin özüdür ki, dünya ilə kəndirləri kəsir.
Akif