Bakıda bir gündə 9 nəfər intihara əl atdı

Bir kişi dünyasını dəyişdi; iki qızın vəziyyəti ağırdır; daha altı nəfəri isə fikrindən daşındırmaq mümkün olub
 

Dünən Bakıda intihar şoku yaşanıb. Paytaxtda bir gündə doqquz nəfər intihara əl atıb. Bu hadisələrdən biri Qız Qalasında baş verib. “Milli.az”ın məlumatına görə, 53 yaşlı Şiraslan Rəhimov özünü Qız Qalasından ataraq dünyasını dəyişib. Onun özünü hansı səbəbdən öldürdüyü məlum olmasa da, psixi problemlərinin olduğu bildirilir.
 
Digər hadisə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB
yaşyış massivində qeydə alınıb. 1988-ci il təvəllüdlü Firuzə Hüseynova bacısıgilin yaşadığı evdə qonaq olarkən özünü pəncərədən atıb. Doqquzmərtəbəli binanın 3-cü mərtəbəsindən özünü atan gənc qız ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
 
Bu qəbildən olan daha bir olay Bakıxanov prospektindəki körpüdə baş verib. 27 yaşlı Sevinc Əsədova körpüdən özünü atıb. Sevinc Əsədova müxtəlif bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. Sevinc Əsədovanın hansı səbəbdən özünə qəsd etdiyini məlum deyil.
 
Metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən məşhur körpüdə də növbəti dəfə intihara cəhd olub. Gecə saatlarında 1987-ci il təvəllüdlü Məsimov Xəyal Alik oğlu asma körpüyə çıxıb və özünü atacağını bildirib. Dərhal hadisə yerinə mühafizə polisinin əməkdaşları və xilasedicilər cəlb edilib. Aparılan danışıqlardan sonra 27 yaşlı oğlan fikrindən daşındırılıb. O, polis bölməsinə aparılıb. Xəyal Məsimovun hansı səbəbdən intihar etmək istədiyi araşdırılır.
 
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində 81 saylı sərnişin avtobusunun sonuncu dayanacağının yaxınlığında yerləşən yarımtikili binada da 5 nəfər intihara cəhd göstərib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Xilasedicilər həmin şəxslərlə söhbət zamanı onları fikirlərindən daşındıra biliblər. Xilas edilən şəxslər Suraxanı rayonu, 32-ci polis bölməsinə aparılıb.
İnformasiya şöbəsi