14-cü “kolon”dakı sağlam məhbuslar “tubzon”a niyə köçürülüb?

«Nadzor»ların məhbusu döyüb öldürməsinə etiraz edənlər 3 saylı müəssisəyə köçürülərək, orada «kars»da saxlanılır

Məhbusların yaxınları onların işgəncə altında olmasından şübhələnir, çünki görüşməyə imkan verilmir

14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan bir sıra məhbuslar müəmmalı şəkildə “tubzon” kimi tanınan 3 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Həmin məhbusların arasında “xeber44.com” saytının təsisçisi və baş redaktoru Araz Quliyev, hicab məhbusu Anar Qasımlı da var.

Xatırladaq ki, dekabrın 22-də 14 saylı cəzaçəkmə müəssisəsində nəzarətçilər 31 yaşlı məhkum Elşad Babayevi döyərək öldürmüşdülər. Onun ölümünün səbəbkarı kimi, müəssisənin 5 əməkdaşının – Firdovsi, Faiq, Rahid, Ismayıl və Vüqar adlı nəzarətçilərin adları çəkilir.

Qeyd edək ki, rəsmi məlumatlarda Elşad Babayevin ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilsə də, mərhumun bacısının mətbuata təqdim etdiyi şəkillər onun işgəncə ilə öldürüldüyünü sübut edir. Meyitin üzərindəki işgəncə izləri onun vəhşicəsinə döyülməsindən xəbər verir.

Yeri gəlmişkən, bu hadisədən sonra 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhbuslar nəzarətçilərin məhkumu döyüb öldürməsinə etiraz etmişdilər. Məlumata görə, bu səbəbdən müəssisəyə xüsusi təyinatlılardan ibarət qoşun yeridilib, etiraz edən məhbusların özləri də təzyiqlərə məruz qalıb.

Araz Quliyevin qardaşı Azər Quliyev, həmçinin Anar Qasımlının anası Kimyaxanım Qasımlı yaxınlarının 3 saylı müəssisəyə köçürüldüyünü öyrənərək, onlarla görüşmək üçün ora gedib. Lakin onlara görüşməyə imkan verilməyib. Bildirilib ki, “bu adamlar xüsusi təyinatlılarla bura göndərilib, ona görə də görüşə icazə verilmir”.

Belə olan halda, hicab məhbuslarının yaxınları müəssisənin rəisi Nizami Quliyevlə görüşmək istəyib. Nəzarətçilər bildiriblər ki, bir qədər sonra rəis özü çıxıb, onlarla görüşəcək. Məhbusların yaxınları təxminən bir saata yaxın gözlədikdən sonra müəssisənin rəisi Nizami Quliyevin səsini eşidib ona yaxınlaşıblar.

Nizami Quliyev deyib ki, ümumilikdə 25 məhbus xəstə olduqları üçün müraciət edib, onlar müayinədən keçirilmək üçün gətirilib: “Hələ 40 məhbusdan da analiz götürmüşük, onlar da bura gətiriləcək”.

Nizami Quliyevin bu cavabı hicab məhbuslarının ailə üzvlərini qane etməyib: “Dedik ki, bizim yaxınlarımız sağ-salamatdır. Heç bir xəstəlikdən şikayətçi deyillər. Bu yaxınlarda da onlarla görüşüb əlaqə saxlamışıq, səhhətlərinin yaxşı olduqlarını bildiriblər. Soruşduq ki, xəstə olmayan bir insanı niyə bura gətirmisiniz? Biz tələb etdik ki, övladlarımızla görüşmək, onların sağ-salamat olduğunu öz gözümüzlə görmək istəyirik”.

Cavabında müəssisə rəisi Nizami Quliyev bildirib ki, 14 saylı cəzaçəkmə müəssisəsindən onları göndərəndə artıq 15 günlük “kars” cəzası verilmişdi. Bu səbəbdən onlar əvvəlcədən təyin olunmuş cəzanı çəkmək üçün 3 saylı müəssisədə də “kars”da saxlanmalıdır. Yalnız “kars”dan çıxandan sonra onlarla görüşmək mümkün olacaq.

Kimyaxanım Qasımlı yenə də oğlu ilə görüşdürülməsini tələb edib: “Dedim ki, övladımı mənə göstərin. Bəlkə siz mənim oğlumu döymüsüz?! Dedim ki, məhbusun günahı varsa, o, həmin həbsxanada ”kars”a salınmalıdır. Siz sağlam adamı necə gətirib bura salmısız?! Sağlam adamın burada nə işi var? Bir daha oğlumla görüşdürülməyimizi tələb etdim. Həbsxanada hansısa “nadzorlar” məhkumu döyüb öldürürsə, buna görə bizim övladlarımız niyə cəza çəkməlidir? Onlara niyə işgəncə verilməlidir? Niyə həmən “nadzorların” törətdikləri cinayətlər ört-basdır edilməlidir?”

Məhbus anasının sözlərinə görə, bundan sonra rəis Nizami Quliyev onların tələbinə məhəl qoymayaraq, çıxıb gedib.

Hicab məhbuslarının ailə üzvləri övladlarının işgəncə altında olması haqda Ombudsman Aparatına, Işgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudova və Penitensiar Xidmətin rəhbərliyinə şikayət ediblər.

Adıçəkilən qurumlardan bildirilib ki, araşdırma aparılıb nəticəsi barədə məlumat veriləcək.

Ramin