Rusiyadan gələn pullar xeyli azalıb

2013-də 55, 2012-ci ildə 71 milyon dollar olan köçürmələr bu il 22 milyon olub

Məhəmməd Talıblı: «Indiki azalmalar hətta qlobal iqtisadi böhran dövründə belə qeydə alınmayıb»

2014-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycanla Rusiya arasında Azərbaycan Beynəlxalq Bankının (ABB) Moskva filialının “IBA-Express” hesablaşma sistemi vasitəsilə həyata keçirilən pul köçürmələrinin həcmi 22,1 milyon dollar təşkil edib.

“ABB-Moskva”dan “Trend”ə bildiriblər ki, bu müddət ərzində köçürmələrin miqdarı 17 min ədəd təşkil edib.

Bankın Moskva filialının fəaliyyətə başladığı müddətdə “IBA-Express” sistemi vasitəsilə cəmi 801,1 milyon dollar transfertlər (529 min köçürmə) aparılıb. O cümlədən, 2013-cü ildə 55 milyon dollar (37 min köçürmə), 2012-ci ildə 71 milyon dollar (48 min köçürmə), 2011-ci ildə 74 milyon dollar (58 min köçürmə), 2010-cu ildə 81 milyon dollar (67 min köçürmə), 2009-cu ildə 70 milyon dollar (55 min köçürmə), 2008-ci ildə 113 milyon dollar (61 min köçürmə), 2007-ci ildə 99 milyon dollar (53 min ədəd), 2006-cı ildə 84 milyon dollar (45 min ədəd), 2005-ci ildə 59 milyon dollar (38 min köçürmə), 2004-cü ildə 47 milyon dollar (30 min köçürmə), 2003-cü ildə 21 milyon dollar (17 min köçürmə), 2002-ci ildə beş milyon dollar (3 min köçürmə) transfert həyata keçirilib. 2014-cü ildə iki ölkə arasında pul köçürmələrinin azalmasına Rusiyadakı iqtisadi vəziyyət təsir edib.

Statistikadan da görünür ki, Rusiyadan Azərbaycana daxil olan maliyyə vəsaiti ildən-ilə azalır. Bu isə Azərbaycandakı sosial-iqtisadi duruma təsirsiz ötüşməyəcək.

Iqtisadçı Məhəmməd Talıblı hesab edir ki, köçürmələrin azalmasının kökündə Rusiyadakı iqtisadi vəziyyət durur. Yəni ilin sonuna ortalama olaraq 23-24 milyon dollar həcmində köçürmələrin olacağını proqnozlaşdırsaq, onda məlum olacaq ki, bu il əvvəlki illərlə müqayisədə xeyli az vəsaitdir: “Əgər son 10 ili əhatə edən köçürmələrin ortalama həddinə diqqət etsək, onda vəziyyəti aydın təsəvvür edə bilərik. O zaman hesablamalarımız göstərir ki, (2003-2013) son 10 ildə köçürmələrin illik olaraq ortalama həddi 75 milyon dollar təşkil edib. Bu isə bizim 2014-cü ildəki vəziyyətlə müqayisədə köçürmələrin təxminən 3 dəfədən az olduğunu meydana çıxarır. Əgər digər illərlə müqayisə etsək, o zaman fərqli mənzərəni görə bilərik. Məsələn, qlobal iqtisadi böhran ili ilə müqayisə etsək, vəziyyət yenə də yaxşı olmayacaq. 2008-2009-cu illərdə köçürmələrin ortalama həcmi 91-92 milyon dollar səviyyəsində olub. Bu, indiki vəziyyətlə müqayisədə 4 dəfə fərq deməkdir. Demək, hətta qlobal iqtisadi böhran zamanı belə indiki həddə köçürmələrdə azalmalar qeydə alınmayıb”.

M.Talıblı vurğuladı ki, bundan çıxarılan nəticə o deyil ki, ölkəmizə axan mühacir pulları bu səviyyədə azalıb. Bunun belə izahı peşəkarlıqdan uzaq olardı. M.Talıblının sözlərinə görə, əvvəla nəzərə almaq lazımdır ki, bu yalnız bir bank vasitəsilə köçürülən bank əməliyyatının ümumi həcmini ifadə edir: “Ola bilsin ki, digər banklar vasitəsilə köçürmələrdə artımlar olub. Yaxud nağd pullların həcmi artıb. Yaxud maddi və ya qeyri-maddi aktiv formasında köçürmələrdə artımlar olub. Amma bütünlükdə son 1 ildə ölkəmizə miqrant pullarının azalması hiss olunur. Bu özünü paytaxtdan daha çox regionlarda özünü göstərir. Xüsusilə Gəncə və Şəmkir zonalarında bu əhalinin sosial vəziyyətində özünü açıq göstərir. Söhbət 2-2,5 dəfə olan azalmadan gedir. Əgər bir neçə il bundan əvvəl Rusiyadakı həmvətənlərimiz özlərinin ailələrinə ortalama olaraq 300 dollar göndərirdilərsə, hazırda bu rəqəm 100-150 dollar səviyyəsinə düşüb”.

Xəyal