YAP ölkədəki yaltaqlığı etiraf etdi

Siyavuş Novruzov hakimiyyətin «şah əsəri»ni xəstəlik adlandırdı

Qəribə ölkədə yaşayırıq. Dərzi tikməkdən, bənna hörməkdən, bərbər qırxmaqdan bezib. Bəlkə də onlar haqlıdılar. Çünki, bu ölkədə öz halal zəhmətinlə zəruri ehtiyacları ödəmək qeyri-mümkündür. 

Amma daha qəribəsi odur ki, hakimiyyət təmsilçiləri də  yaltaqlıqdan bezdiklərini dilə gətirirlər. Bəli, YAP-ın siması, millətimizin vəkili Siyavuş Novruzov bildirib ki, yaltaqlıq böyük xəstəlikdir və təəəssüflə bildirib ki, bunu hər hansı qanunla tənzimləmək mümkün deyil: “Məncə, yaltaqlıq xəstəlikdir və bunun bir neçə növü var. Burada həm irsi vəziyyətlə əlaqədar yanaşmalar var, yaltaqlığın həm də asılılıq vəziyyətlərilə bağlı olan formaları mövcuddur. Bu,ÿmüxtəlif formada təzahür edir. Adam var ki, yaltaqlıq onun genindədir. Buna görə də hansı qanunu qəbul edirsən et, ona xeyri yoxdur. Digər hallarda isə müxtəlif adamlar bu formadan istifadə edir”.ÿ

Daha sonra deputat qeyd edib ki, ümumilikdə, Şərq ölkələrində yaltaqlıq “peşəsi”nin tarixi çox qədimdir.

“Ibtidai icma quruluşundan başlamış üzü bu tərəfə proses gedir. Və bu, qarşısıalınmaz haldır. O baxımdan güman etmirəm ki, hansısa qanunla yaltaqlığı tənzimləmək, forma və metodlarını göstərmək mümkün olsun”. 

Bilirəm, tükləriniz biz-biz durub. Təkrar-təkrar bu  hüquqşünas deputatın dediklərini oxuyursuz. Bəziləriniz soyuq su axtarırsız. Amma həyəcanlanmağa dəyməz. Siyavuş müəllimin belə zarafatları çox olur. Gəlin etiraf edək ki, Siyavuş Novruzovsuz YAP tamam maraqsız olardı. Heç olmasa bu kişinin sayəsində hərdən hisslərimizi itiləyirik, stress atırıq və 21 illik siyasi kursa zidd olan məqamlarla tanış oluruq.

Yuxarıdakı fikirlərdən də aydın olur ki, Siyavuş Novruzov yaltaqlığın bütün növlərindən xəbərdardı. Çünki, o “yaltaqologiya” elmini Azərbaycana bəxş edən bir sistemin yetirməsidir.

Daha maraqlısı budur ki, Siyavuş müəllim yaltıqlığı xəstəlik kimi qələmə verib. Əvvəla, siyasi kursa zidd getmək, 21 illik qazanca təpik atmaq, yüzlərlə məmurun “peşə”sini aşağılamaq ədalətsizlikdir. Bu rejimə nəfəs kimi lazım olan  yaltaqlığı bu qədər aşağılamaq olmaz.

Digər tərəfdən sual meydana çıxır. Ey hörmətli və izzətli Siyavuş müəllim, yaltaqlıq xəstəlikdirsə, niyə insanlara sağalmaq üçün imkan vermirsiz? Niyə bu xəstəliyə yoluxmaq istəməyənlər, şərlənərək həbs olunur? Niyə yaltaqlığa nifrət edənləri, “ermənipərəst”, “vətən xaini”, “narkoman” adlandırırsız?

Siz bu suallara cavab axtarın, mən davam edim. 

Əgər yaltaqlıq xəstəlikdirsə, Prezident Aparatı, Milli Məclis, Icra Hakimiyyətləri, telekanallar və digər strateji məkanlar qapadılıb, dezinfeksiya olunmalıdır. Çünki, bu yerlər məlum xəstəliyin ən çox yayıldığı məkanlardı.

Bu necə xəsətəlikdirsə, ona yoluxmayanlar direktor, deputat, icra başçısı, nazir, rəis, bələdiyə sədri ola bilmir. Yəni Siyavuş Novruzov hakimiyyətin “nəfəs borusu”nu kəsməyi təklif edir?

Siyavuş Novruzov eyni zamanda bildirir ki, bunu hansısa qanunla tənzimləmək də mümkün deyil. Cənab deputat, bu qədər təvazökar olmayın. Sizin ikiəlli yapışdığınız hakimiyyətin tənzimləyə bilmədiyi qanun varmı? 

Siz 2 dəfədən artıq prezidentlik müddətinə məhdudiyyət qoyan qanunu “dəfn” etmiş adamlarsınız. Siz seçki qanunlarını “karusel”ə çevirməyi bacarmış komandasınız. Siz  narkotikanı, xuliqanlığı, dələduzluğu hüquq qanunlarına bulaşdırmış hökumətsiniz. Yəni siz istəsəniz yaltaqlığı qeyri-rəsmi qanun halına saldığınız kimi, rəsmi şəkildə “qanuna zidd” də adlandıra bilərsiniz.

Siyavuş müəllim daha sonra yaltaqlığın tarixinə baş vurur və  Azərbaycandakı kütləvi yaltaqlığı Şərq ölkələrinin boynuna atmağa cəhd edir. Biz razıyıq, yaltaqlıq dövri-qədimdən var.  Amma yaltaqlığın Azərbaycandakı formalarına tarix şahidlik etməyib. YAP hakimiyyəti bu məsələdə də analoqsuzdur. 

Istənilən halda Siyavuş Novruzovun yaltaqlığı tənqid etməsi, valideynin övladdan imtina etməsinə bənzəyir. Çünki, canab deputatımız “çiçəklənmiş yaltaqlıq” bağçasının bağbanlarından biridir.

Görünür, Siyavuş Novruzov da yaltaqlığın, hüquqsuzluğun,  şər-böhtanın pis olduğunu bilir, amma bundan imtina etmək üçün iradəsi yoxdur.

Belə getsə, hökumət təmsilçiləri açıq şəkildə etiraf edəcəklər ki, bütün pisliklər bizim hakimiyyətdə cəmləşir, amma biz bunlarsız yaşaya bilmərik. 

Bir sözlə, Siyavuş Novruzov bu hakimiyyətin ən böyük “əsər”inin xəstəlik olduğunu da etiraf etdi.

Akif