Əli Həsənov nələri etiraf etdi?

Fuad Qəhrəmanlı: «Seçkilərdəki kütləvi saxtalaşdırmaları, siyasi məhbusları, korrupsiyanı görmək üçün mikroskopamı ehtiyac var?»

Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun son açıqlamaları bir sıra aspektlərdən maraq doğurur. Hakimiyyət Ə.Həsənovun dili ilə bir sıra etiraflar etmiş oldu.

Ə.Həsənov vurğulayıb ki, son zamanlar ABŞ və Avropa Birliyinin müəyyən dairələrinin, bəzi beynəlxalq təşkilatların Azərbaycana qarşı yürütdüyü qərəzli, ikili standartlar siyasəti artıq bütün etik çərçivəni aşıb və tərəfdaşlıq münasibətlərinə sığmayan, qarşılıqlı əməkdaşlıq prinsipinin ruhuna zidd, dözülməz hal alıb. Ə.Həsənov bundan başqa qeyd edib ki, bəzi ölkələrin rəsmi şəxsləri, bir sıra media orqanları və vətəndaş cəmiyyəti institutları sanki mikroskop altında Azərbaycanda problemlər axtarırlar. 

Amma bu etirafların fonunda Ə.Həsənov hakimiyyətin yürütdüyü siyasətdən imtina etməyəcəyini vurğulayıb.

Hakimiyyətin bu cür yanaşması, bu cür siyasət yürütməsi nə vəd edir?

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, bununla hakimiyyət etiraf edir ki, uzun müddət aparılan repressiyaların nəticəsi olaraq iqtidar beynəlxalq vəziyyətdə təcrid olunmuş duruma düşür. F.Qəhrəmanlının sözlərinə görə, bu, hakimiyyət rəsmisinin dili ilə siyasi repressiyaların nəticəsiz qalmadığının və beynəlxalq birliyin, ABŞ-ın, Avropa Birliyinin hakimiyyətə münasibətdə sərt tənqid mövqeyi tutmasının etirafıdır: “Hakimiyyət xof yaratmaq üçün bu addımı atıbsa, digər tərəfdən beynəlxalq səviyyədə atdığı addımların, repressiyaların bədəlini ödəyir. Əli Həsənov təbii ki, həqiqəti təhrif edir, doğru danışmır. Azərbaycanda bu gün baş verənlər elə bir həddədir ki, bütün ”qırmızı xətlər” artıq keçilib. Seçkilərin saxtalaşdırılması total xarakter daşıyır. Hətta beynəlxalq hesabatlarda, ATƏT-in sənədində bu rəqəm 58 faiz göstərildi. Məgər seçkilərdəki kütləvi saxtalaşdırmaları görmək üçün mikroskopamı ehtiyac var? Azərbaycan dünya üzrə ən çox siyasi məhbusların olduğu ölkədir. Ölkədə artıq 100-dən artıq siyasi məhbus var. Azərbaycan hətta bu sahədə Belarusu on dəfə qabaqlayır. Məgər bu qədər siyasi məhbusu görmək üçün mikroskopmu gərəkdir?”.

F.Qəhrəmanlının fikrincə, Azərbaycanda korrupsiya hər hansı bir məmurun fəaliyyət sahəsi deyil, bu, artıq dövlət siyasətinə çevrilib. F.Qəhrəmanlının sözlərinə görə, dövlətin idarəetmə pilləsində elə bir şəxs tapmaq mümkün deyil ki, o, korrupsiyaya bulaşmasın: “Azərbaycan hakimiyyətinin mahiyyətinə çevrilmiş korrupsiyanı görmək üçün məgər mikroskopmu lazımdır. Ölkədə istənilən sahədə hüquqi nihilizm hökm sürür. Qanunların pozulması adi hal alıb. Məmur özbaşınalığı kütləvi xarakter daşıyır. Bütün sahələrdə – təhsildə, səhiyyədə tənənzül hiss olunur. Azərbaycan artıq iqtisadiyyatı neftdən asılı olan və tənəzzülə gedən bir ölkədir. Bütün bunların da səbəbi təbii ki, hakimiyyətin yarıtmaz siyasətidir”.

F.Qəhrəmanlının qənaətincə, görünür, Ə.Həsənov və onun təmsil etdiyi hakimiyyət hesab edir ki, onların törətdikləri bu qanunsuzluqlar, siyasi repressiyallar ABŞ, AB-nin onlarla sərt danışması üçün kifayət deyil. “Belə görünür ki, Əli Həsənovun təmsil etdiyi hakimiyyət üçün hazırda ölkədə baş verən qanunsuzluqlar mikroskopik əlamətlərdir. Belə görünür ki, onlar bu ölkənin, xalqın başına daha böyük zülmlər, fəlakətlər gətirməkdə iddialıdırlar. Yəqin ona görədir ki, Əli Həsənov ABŞ-ı, Avropa Birliyini Azərbaycan hakimiyyətinə qarşı qərəzli olmaqda ittiham edir”, deyə F.Qəhrəmanlı vurğuladı.

F.Qəhrəmanlının sözlərinə görə, mənəvi simasını saxlamaq istəyən – istər beynəlxalq aləmdə, istərsə də daxildə – istənilən, hətta hakimiyyətə loyal olan şəxslər də bu hakimiyyətin repressiyasına, korrupsiyasına bəraət qazandıra bilməz. Bu hakimiyyətin əməllərini korrupsiyaya bulaşmış şəxslərdən başqa heç kimin müdafiə etmədiyini deyən F.Qəhrəmanlı vurğuladı ki, hakimiyyət nəinki beynəlxalq səviyyədə, hətta ölkə daxilində də təcrid vəziyyətinə düşüb: “Əli Həsənovun dedikləri çox uğursuz özünümüdafiədir və heç bir arqumentə, reallığa söykənmir. Bu baxımdan onun dedikləri həqiqəti açıq şəkildə təhrif etməkdir. Bu, yalanın növbəti dəfə dövlət rəsmisinin dili ilə dövlət siyasətinə çevrilməsidir”.

Xəyal