Biz eyni mövzuda çox yazırıq. Hər halda bu, bəzən mənim kimi hamını yorur. Amma çevrədə cərəyan edən ağılalmaz hadisələri və insanların ona reaksiyasını görüncə, təkrar-təkrar mövzuya qayıtmaqdan başqa çarə qalmır. Dünən demokratik düşərgəni təmsil edən üç önəmli şəxsin məhkəmə prosesi keçirilirdi. Müxtəlif ittihamlar əsasında ayrı-yarı məhkəmələrdə Xədicə xanımın, Gültəkin xanımın və Seymur bəyin işlərinə baxılırdı. O ərəfədə daha bir bəd xəbər gəldi – “Azadlıq” radiosunun redaksiyasında axtarış başlanıb. Məqsəd nədir, o radionu da bağlamaqmı? Ola bilər, əslində. Təəccüblənəcək bir şey də yoxdur. Əgər bu qədər qanunsuzluqlar, haqsızlıqlar, özbaşınalıqlar qarşısında hədəfi göstərməkdən qorxub, yenə başını kötüyə qoyan fədakar insanları borclu çıxaranlar varsa, nəyə təəccüblənəsən ki?
Qorxaq adamlar hamının özü kimi olmasını istəyir. Kölələr də elə. Bu, bir natamamlıqdır, bir yarımçıqlıq kompleksidir. Belələri özləri ilə əks qütbdə dayanan həmin cəsur insanları sevməzlər. Amma içlərini də bir həsəd hissi qurd kimi yeyər. Həmin ürəkli insanların başı dara düşəndə də, xoşbəxt olarlar, “dinc otursaydı” deyib “haqlı çıxdıqlarından” təskinlik taparlar. Bənzər hallarla son hadisələr zamanı çoxunuz qarşılaşmısınız, demək artıqdandır. Sadəcə, həmin adamların bu qədər qansızlıq qarşısında kölə psixologiyası ilə səsini içinə çəkib, müxalif gücləri qəhrəman kimi ittiham etməsi ikrah doğurur. Bu, könüllü köləlik psixologiyasının yaratdığı travmadır, onlardan artığını gözləmək də olmaz.
Heç kim xoşluqla kölə olmur. Onu kölə tələsinə salan bir səbəb var mütləq mənada. Bu səbəblər sırasında qorxu və tamah ilk yerlərdə gəlir. Zəif adamın azadlığını əlindən alma çox asandır. Tamahkar da onun kimi. Nəfsinin üzündən nə pisliklərə, nə boyun əyməz…
Yenə təkrar olacaq bəlkə, amma bu təkrarlarla nəyisə dəyişə biləcəyik ümidi var hər zaman içimizdə. Dəfələrlə yazmış olsam da, Nobel mükafatı laureatı Jozef Qoldşteynin “Azad olmaq öz əlimizdə” adlı hekayəsini xatırladacağam yenə…
“Asiyada meymun tutmaq üçün istifadə olunan bir tələ var. Bir hindqozu oyulur və iplə ağaca və ya yerdəki çalaya bağlanır. Hindqozunun altında kiçik bir yarıq açılır və oradan içinə şirin bir yemək qoyulur. Bu yarıq sadəcə meymunun əli açıqkən ora salacağı böyüklükdədir, yumruq halında o, əlini çölə çıxara bilməz. Meymun şirin yeməyin qoxusunu alır, onu götürmək üçün əlini içəri salır. Amma yeməklə birlikdə əlini çölə çıxarması imkansızdır.
Ovçular gəldikdə, meymun çılğına dönər, amma qaça bilməz. Əslində, bu meymunu dustaq edən heç bir şey yoxdur. Onu sadəcə öz asılılığının gücü dustaq etmişdir. Tələb olunan tək şey əlini açıb yeməyi buraxmaqdır. Lakin zehnində açgözlüyü o qədər güclüdür ki, bu tələdən qurtaran meymuna çox nadir rast gəlinir. Bizi tələyə düşürən və orada qalmağımıza səbəb olan şey də istəklərimiz və zehnimizdə onlara asılı olmağımızdır. Tam tələb olunan şey əlimizi açıb mənliyimizi və asılı olduğumuz şeyləri sərbəst buraxmaq, dolayısıyla azad olmaqdır”.
Azad olmaq istəyən insan ən ağır hallarda da onun yolunu tapır. Ən azı ruhunu satmamaqla. O üzdən, köləlik kompleksi yaşayan və özünə haqq qazandırmaq üçün həbsxanada yatan vicdanlı insanlara belə dil uzadanlara demək istəyirəm ki, kölgənizi böyük görməyə dəyməz. Çox sısqasınız, hələ çox böyüməniz lazım, həm də lap çox…