Əhali banklardan əmanətlərini “geri çəkəcək”

Buna səbəb vətəndaşların banklardakı əmanətlərindən əldə etdikləri faizlərdən vergi tutulmasıdır 

Nemət Əliyev: «Bu addım vətəndaşların gəlirlərinin azaldılması istiqamətində aparılan siyasətin tərkibidir»

Azərbaycan hakimiyyətinin vətəndaşın cibinə girən daha bir addımı maraq doğurur. Vətəndaşların banklara və digər kredit təşkilatlarına qoyduqları əmanətlərdən əldə etdikləri faizlər gəlir vergisinə cəlb olunacaq. Prezident Administrasiyasından Milli Məclisə belə qanun layihəsi daxil olub.

Ölkə başçısının qanunvericilik təşəbbüsü ilə parlamentə göndərdiyi layihəyə əsasən, fiziki şəxslərin əmanətləri 500 manatadək olanda vergidən azad olunacaq, 500 manatdan artıq olanda isə vergiyə cəlb ediləcək. Layihə yaxın günlərdə Milli Məclisin iqtisadi siyasət komitəsində müzakirəyə çıxarılacaq.

Onu da qeyd edək ki, 1999-cu ildən Azərbaycanda bank depozitlərindən gələn gəlirlərə görə vergi ləğv edilmişdi. Amma hökumət gələn ildən bu vergi növünü bərpa etmək istəyir. Məlumatlara əsasən, vətəndaşların depozitdən gəlirlərinə 10 faiz vergi tətbiq eiləcəyi gözlənilir. Vətəndaşların bank depozitlərindən əldə etdikləri illik gəlir təqribən 500 milyon manatdır, bunun 10 faizi 50 milyon manat edir. Hökumət 50 milyon manata göz dikib.

Bəs, bu addım hansı nəticələrə gətirib çıxara bilər və bu addım nə dərəcədə düzgündür?

Iqtisadçı Nemət Əliyev bildirdi ki, əmanətçilərin qoyduqları əmanətlərdən əldə etdiyi cüzi faizlərdən verginin tutulması əhalinin onsuz da ağır sosial durumunu bir qədər də çətinləşdirəcək. Son dövrlər hökumətin yürütdüyü siyasətə nəzər salan N.Əliyev vurğuladı ki, sığorta haqları ilə bağlı da oxşar addımlar atılmışdı. Bir zamanlar avtomobil sahibləri üçün məcburi sığortanın məbləği on manata yaxın idisə, sonradan bu rəqəm maşınların mator gücündən asılı olaraq 100, 80 manatın üzərinə qaldırıldı. Bundan başqa, yol vergisi və avtomobillərin texniki baxış məbləğinin artırılması da unudulmamalıdır: “Mənzillərin məcburi formada gündəmə gətirilməsini xatırlamaq yerinə düşər. Hazırda da vətəndaşların bank faizlərindən əldə etdikləri gəlirdən vergi tutulacaq. Bu, vətəndaşların gəlirlərinin azaldılması istiqamətində aparılan siyasətin tərkibidir. Bu, vətəndaşların durumunu ağırlaşdıran hallardır. Insanların əlində olan pul kütlələrinin banklara yerləşdirilməsi nəticəsində sərbəst maliyyə vəsaitləri hesabına ölkə iqtisadiyyatının müxtəlif sektorları kreditləşdirilir”.

Qəbul olunacaq qərar nəticəsində bankların çətin duruma düşəcəyini düşünən N.Əliyev vurğuladı ki, hökumət bir tərəfdən təşviq edir ki, əhali vəsaitlərini banklara yerləşdirsin, digər tərəfdən isə bu istiqamətdə konkret nəticə olmadığı halda vəsait qoyanların əldə etdiyi qəpik-quruş vergiyə cəlb olunsun: “Azərbaycanda iş yerlərinin problemə çevrildiyi, maliyyə vəsaitlərinin çatışmadığı bir dövrdə hökumətin belə bir addım atması maraq doğurur. Ona görə bu, uğurlu addım kimi qiymətləndirilə bilməz. Dünya bazarlarında neftin qiymətinin aşağı düşməsinin fonunda hökumətin vəziyyəti ağırlaşıb. Hazırda onlar hansı yolla olursa-olsun maliyyə vəsaiti əldə etməyə çalışırlar. Bax bu birinci yanlışdır. Çünki dövlətin məqsədi əhalinin güzəranın yaxşılaşdırılmasına yönəlməlidir”.

Xəyal