Rahim Şalıyev
Insanların hər hansısa önəmli bildiyi hadisəni mərasimə çevirməyində heç zaman məntiqli nəticə görməmişəm. Evlilik üçün üzük, toy, müqavilə; ölənlər üçün yas saxlamaq, qəbir daşı düzəltmək; bayramları, matəmləri, ad günlərini xüsusi günlərdə qeyd etmək, bu günləri mənəvi və bəzən də fiziki təzyiqlərlə insanlara qəbul etdirmək, süni təəssüf və sevinclər nəyə lazımdır? Bütün bunlar yarımçıq qalmış natamam hisslərdən başqa bir şey deyil.
Adət-ənənələr əslində qidalandığımız yeməklərə bənzəyir. Hər hansı qidanı daddıqdan sonra o bizə dadlı gələrsə, yenidən dadmağa çalışarıq. Bu qidanı yenidən tapa bilməyəndə dadı damağımızda qalar, yenidən dada bilmədiyimizə görə təəssüflənərik, bu yeməyi kimsə qabağımızdan oğurlayıb yesə, onu nifrət obyektinə çevirərik.
Hadisələri yemək məsləsinə qədər endirməyim insanların öz sistemlərini bioloji tələbatları üzərindən qurduğunu izah etməkdən ötrüdür. Insanlar nə qədər elmə, incəsənətə can atsa da, ibtidai tələbatlarına – qidalanma və seks tələbatına uyğun seçim etməkdən yayına bilmirlər. Hislərini, emosiyalarını tərk etmək insan üçün insanlığını itirməyə bərabərdi. Nə qədər özümüzü başqa canlılardan ayrı və fərqli tutmağa, fərqli yaşamağa çalışsaq da, bizi bu fərqliliyə gətirən elə heyvani hiss və emosiyalarımızdır. Digər canlıların da nə vaxtsa bizim dərəcəmizə çata biləcəyinə inanıram. Onları bizdən əksik edən cəhət yalnız fiziki quruluşlarıdır. Bəlkə də bu cür quruluşların üstünlükləri də var və bu üstünlüklər müəyyən olmayan zamandan sonra bəzi heyvanları insanlardan daha üst səviyyəyə çatdıra biləcək.
Incəsənəti, əxlaqlı yaşamağı, dürüst olmağı yaşamımızın ibtidai tələbatlarından bezəndə uydurduq. Bu üç nəsnə insanlıq üzünə çəkilmiş maskadır. Hiss və emosiyalar sakit durduğu və ya dayandığı müddətdə üzümüzdəki maska daha parlaq və möhtəşəm görünəcəkdir. Insanları qida və seksual aclıq bürüdüyü zaman onlar hansı yola desən düşə bilərlər, ən ağlagəlməz hərəkətləri edərlər. Maskaları üzlərindən silinər, nə qədər heyvani üzlərinin olduğu görünər.
Bəlkə də bu səbəbdəndir ki, bir çox ölkələrdə əsgərliyə kişilik, insanlıq məktəbi kimi baxılır. Qida və seksual aclığın pik nöqtəyə çatdığı əsgər həyatı zamanı insanların əsl üzü, yaşam, ayaqda qalmaq və özünü tox hiss etmək üçün bütün metodları beləcə üzə çıxır.
Heç düşündünüzmü bu aclıqlar maska altında uzun müddət sakit qaldığı zaman nəyə çevrilə bilər? Bu çox qorxunc bəladır. Adət-ənənələr. Onlar bizim maska altında yatmış və çürümüş tələbatlarımızdır. Bu hissləri hansısa yolla, təhlükəsiz şəkildə tərk etmək lazımdır. Bizim dəyərlərimiz əslində hisslərimizin alçaq formada yox, yüksək möhtəşəmliklə çatdırılma üsuludur. Qədim dəyərlər emosiylarımızı daha da çürüdür, zibilə çevirir, müasir dövrdə peydə olan dəyərlər isə onları ya uzunmüddətli, bəzən yaşlanıb əldən düşənədək və ya ölənədək gizlədir, ya da təhlükəsiz şəkildə bizi tərk etməsinə imkan yaradır.
Musiqi, film, kitab, teatr, yeni ideoloji sistemlər müasir dəyərlər sırasında önəmli mövqe tutur. Bu dəyərlərdən fərqli olaraq “futbol” bir çox səbəblərə görə daha önəmli və insanlıq üçün vacibdir.
Futbol idman növü sayılsa da, müasir dövrün ən böyük dəyəri sayıla bilər. Futbol kütləni ağıllı idarə etmək, emosiyaları təhlükəsiz şəkildə tərk etmək üçün ən ideal vasitədir. Iki düşmən ölkənin futbol komandaları futbol meydanında üzbəüz gəldiyi zaman ən pis halda kütləvi davalar çıxar, bir neçə nəfər ölə bilər. Amma bütün gərginlik elə buradaca çox az təsirlə bitir, bəlkə də, emosiyalar saxlanılacağı halda müharibə edə biləcək iki ölkə arasında beləcə, futbol sayəsində əksər ziddiyyətli məsələlər aydınlaşır. Futbolun fəlsəfəsi budur: Meydandan kənarda azarkeş kimi sevinə, bağıra, dava edə bilərsən, amma heç zaman meydandakı məsələyə qarışa bilməzsən. Bütün məsələləri meydanda olan futbolçular və hakimlər həll edəcək, siz isə yalnız azarkeş kimi baxa və tərəf tuta bilərsiz.
Bu, hakim dairələrin insanların qavramlarını idarə etmək üçün qısa, hər gün görünən və həlledici vasitədir. Qədim və müasir dəyərlərin hamısından fərqli olaraq futbol insanlara öz hislərini meydandakı futbolçulara uyğun ifadə etməyə kömək edir. Istənilən azarkeş öz komandasının məğlubiyyət və qələbə əzmini üzərində duyur, özünü bu futbolçulara bənzədir. Futbol çox kütləvidir, insanlara təsir edən musiqi və film sənayesi qədər bahalı deyil. Futbol oynamaq sadə insanlar üçün elə də baha başa gəlmir, xüsusi istedad tələb etmir. Futbolun ən əsas təsiredici qüvvəsi isə stadion daxilində yarana biləcək qəzəb hissini stadiondan kənara aşırı dərəcədə yansıtmamasıdır. Futbol müxtəlif mədəniyyətləri birləşdirə, bir-birinə tanıda bilir, insanlara müəyyən qaydalar çərçivəsində davranmağı öyrədir, kollektiv şüuru, hər hansısa məsələni toplum şəklində, sivil qaydalarla idarə etməyi öyrədir.
Qədim dövrlərdə futbolun alternativi kimi qladiator döyüşlərini göstərmək olar. Lakin qaldiator döyüşləri qullar üzərində keçirildiyindən və ölümlə nəticələndiyindən sadə insanlar burada yalnız içlərindəki qəzəbləri boşalda bilir, özlərini qladiatorların yerinə qoya bilmirdilər. Qanlı döyüşlər mənəvi dəyərləri zorakılığa kökləyirdi. Müasir dövrdə qaydasız idman növləri də qladiator döyüşlərində olduğu kimi insanlara öz qəzəblərini boşaltmağa kömək edir, amma insanlar heç zaman özlərini məğlub tərəfin yerinə qoya bilmir. Çünki, məğlub tərəf həm də döyülərək təhqir olunmuş sayıla bilir. Istənilən döyüşçü məğlub ola bildiyinə görə insanlar özlərini bu döyüşçülərin yerinə qoya bilmirlər. Futbolda isə məğlubiyyət təhqir deyil, əksinə, növbəti oyun zamanı qələbə istəyini daha da artırır və bu toplumun bütün sahələrdə, öz iş və həyatlarında asanlıqla motivasiya olmasına kömək edir.
Futbolda digər dəyərlərdən fərqli olaraq hər hansısa önəmli hadisə hər il kütləvi mərasimlərlə qeyd olunmur. Müxtəlif komanda azarkeşlərinin öz komandalarının qələbəsini qeyd etməsi bir çox bayramların qeyd edilməsindən daha səmimi və daha çılğın alınır. Insanların futboldakı qələbə sevinci yeni il bayramındakı sevincdən daha dolğun və səmimidir, ildə bir dəfə yox, dəfələrlə eyni səmimiliklə yaşana bilir. Bu isə insanlara qarşısıalınmaz qələbə istəyi bəxş edir.
Futbolun yeganə mənfi cəhəti qumar oyunlarının vasitəsinə çevrilməsidir ki, bu da göstərilən bütün futbol dəyərlərinin itməsinə, futbola sıradan bir maddi qazanc vasitəsi kimi baxılması ilə nəticələnə bilər.
Insanlar hansı dəyəri çox sevirsə, onu əvvəl-axır özü üçün müqəddəsləşdirir. Müqəddəsləşmə kütləvi müstəviyə keçdiyi zaman insanlar üçün bu dəyər həyat tərzinə keçir. Insan üçün dəyərdən çox mahiyyət önəm daşıyır və insan öz bioloji tələbatına uyğun sistemləri əvvəl-axır qurur. Iki yol var; ya bu dəyərlər sistemini daha sağlam quracaqsan, ya da sistemi izləyib tabe olacaqsan.


