2014 – çox nikbin il!
Çətin və mürəkkəb bir il başa çatır. Eyni yolu getdiyimiz adamlardan xeylisi həbsə atılıb. Şəxsən mənim yaxından tanıdığım, böyük sayğı duyduğum cəsur və fədakar insanlar günahsız olaraq cəza çəkirlər. O sıradan, yaxın dostlarım həbs olunub. Sıralarımızdan mətanətli xanımları belə şərləyib məhbəsə atırlar. Ölkəsi ilə bağlı arzuları olan bir vətəndaş kimi, sadəcə, insan kimi, dost olaraq, kişi olaraq bunlardan sonra nikbin bir fikir söyləmək mənə çox çətindir. Vətəndaş cəmiyyəti dağıdılıb, müxalifətin siması aydınlaşsa da, sırası seyrəlib. Amma bütün bunlara baxmayaraq, 2014-cü ilə yekun vurmaq istəyərkən çox vacib bir məqamı hökmən deməliyik. Məncə, çox vacib bir məqamdır!
Gəlin yenidən həbslərə və onun nə zaman başladığına qayıdaq. Bəli, indi doğrudan da görünməmiş bir repressiya dalğası var, amma bu həbslər təzə deyil. 1993-cü ildə Azərbaycanın milli hökuməti devrildikdən və indiki iqtidar qurulduqdan bu yana fərqli düşünənlər bir ucdan həbs edilir, bir ucdan da azad olunurlar. Hazırda da 100-dən çox siyasi məhbus var.
1993-cü ildə nə baş vermişdi? Siyasi simpatiyaları, həm də yanlış məlumatlar və qənaətlərlə, düşmən təbliğatı və yönəltmələri ilə formalaşmış simpatiyaları kənara qoyun, heç olmasa Ukrayna hadisələrindən sonra düzgün qərar verməyə çalışın. 1993-cü ildə Rusiya buradakı əlaltılarının köməyindən də istifadə edərək Elçibəy hakimiyyətini devirdi. Çünki Elçibəy hələ heç kimin eləmədiyi bir nəticəyə nail olmuşdu. Rus qoşunlarını çıxarmışdı ölkəmizdən, milli valyutaya keçmişdi, demokratik dəyərlərin mövcud olduğu qərbsayağı bir dövlət qururdu. Ilk fərmanı milli azlıqlarla bağlı idi, ilk islahatları insan haqları barədə idi. Iqtisadi yön də düz seçilmişdi, neft kontraktlarının işləməsi ilə ən yaxın vaxtda uğurlar başlayacaqdı.
Hər kəs “torpaqların 20 faizi işğal olunub” deyəndə Elçibəy deyirdi ki, “80 faizi ala bilmişik”. O, bu 80 faizdə möhkəmlənib, azad və demokratik bir ölkə qurmaqla qalan 20 faizi alacağımıza da inanırdı. Bu məsələdə də haqlı idi.
Indi Putin necə açıq aqressiya göstərirsə, elə həmin aqressiya bir az gizli, bir az ayrı formada işə düşmüşdü. Cümhuriyyətimiz yenidən yıxıldı. Üstəlik, bunu uğurlu yolu gedənlərin bacarıqsızlığı kimi qələmə verməyə nail oldular, cəmiyyət aldadıldı, parçalandı, yanlış təsəvvürlərə qərq edilərək, toparlanması daha çətin şərtlər altına salındı. Azərbaycan düzgün yoldan döndü və indi də yanlış yoldadır. Nəinki həbslər davam edir, nəinki korrupsiya və haqsızlıq davam edir, yanlış yol da qalmaqdadır.
Amma Elçibəyin başladığı işin bəhrəsini Gürcüstan gördü. Mixail Saakaşvili bu yolda addımlara başlayanda dünya fərqli idi, Elçibəyə yalnız bəyanatla dəstək verirdilərsə, ona daha gerçək köməyi göstərə bildilər. Hələ bu da hamını qane etmirdi. Indi bir az da irəli gedilib Ukraynanın timsalında.
Ukrayna isə “itirilmiş 20 faizi” hələ kənara qoyaraq, “80 faiz” uğrunda mücadilə edir. Köhnə mübarizə dirilib – Elçibəy dövründəki Azərbaycan mübarizəsi. Demokratiya, azadlıq mücadiləsi! Həm də güclənib və yeni mərhələyə keçib. Artıq bu mübarizə Ukrayna-Rusiya mübarizəsi deyil. Demokratik dünya Rusiyanın aqressiyasına iqtisadi zərbələr endirir və nəticədə nəinki Ukrayna, bütövlükdə demokratiya uğrunda mübarizə dəstəklənir. Buna ən böyük əngəl olan Rusiya ilə, dolayısı ilə Rusiyaya arxalanıb xalqları əzən rejimlərlə ən böyük, ən açıq mübarizə başlayıb. Rublun və neftin qiymətdən düşməsinə ona görə sevinirlər bizim ölkədə.
Bu gün həbsdə olan və olmayan demokratlar da inanır ki, Azərbaycandakı azadlıq mübarizəsinin sərhədi Ukraynaya gedib çıxıb. Bu mübarizə indi bütünlüklə demokratik dünyanın qayğısıdır həm də. Heç vaxt belə olmamışdı. 2014-cü ilin ən böyük nəticəsi budur. Ölməkdə olan rubl deyil, avtoritarizm və şərdir, demokratiyanın düşməni olan rejimlərdir.