İşğalçı rejimin AZADLIQ qorxusu

Xaliq Bahadır, xanbahadir@mail.ru

Dünyanın dörd bir yanından “Azadlıq” qəzetinin adına qutlamalar gəlir. Bunlarsa yana-yaxıla durub baxmalı olurlar. Prezidentləri dönə-dönə “Azadlıq” qəzetinə antipatiyasını sərgiləyib. Baş ideoloqları yaxınlarda adından yayılmış yazıda “Azadlıq” qəzetini “xəyanət qəzeti” adlandırmaqla lap gül vurdu. Tutulub aparıldığım Yasamal polis idarəsində polis rəisi “Azadlıq” yazarı olduğumu bilincə dəliyə döndü: “Sizin qəzetiniz erməni qəzetidi, siz ermənilərə işləyirsiz!” Işğalçı-oğru-korrupsioner rejim yetkililəri, yolçuları olaraq bunların “Azadlıq” qəzetini görən gözləri yoxdur. Nədəni də bəllidir: IŞĞALÇI-OĞRU-KORRUPSIONER! Onlar 1993-dən Azərbaycanı IŞĞAL ediblər. 1993-dən Azərbaycanda IŞĞAL rejimi, OĞRU-KORRUPSIONER hakimiyət qurublar. Ölkəni soyub-yağmalamaqla əldə etdikləri milyardlardan sağa-sola ötürməklə ölkə içində, ölkə dışında gərəkli bildiklərinin, demək olar, hamısını satın alıblar. Bircə “Azadlıq”la bacarmırlar!

Rejim sözçüsü Əli Həsənov son beş ildə mətbuata 17 milyon manat pul verdiklərindən danışır. O pullar öz qəzetləri başda olmaqla satılmış, gərəksiz-alınmayan qəzetlərə verildiyindən kriminal xarakter daşıyır. Günlərin bir günü istər o, istərsə də “QHT” adı altında özlərinə bağlı qurumlara verdikləri milyonlara görə kriminal fiqurantları olaraq məhkəməyə çəkiləcəklər. Istər qondarma “QHT”-lərə, istərsə də satılmış, özlərinə bağlı qəzet-saytlara verdikləri o pullar çölə atılan pullardır, xalqa xəyanət pullarıdır. Bunların “hökumətdən ayrı qurum”larına baxın: yurddaş toplumunu barışmaz düşmən gözündə görən bir prezidentə “QHT”lərin dostu” adını verirlər. Absurd, özü də nə boyda!

“Azadlıq” qəzetinin yubileyi ilə bağlı Vyaçeslav Çernovil adına Ukrayna Özgür Jurnalistlər Fondunun göndərdiyi qutlama yüksək dəyərləndirməsiylə dəyərlidir: “Azadlıq” – 25! Sizin, bizim Özgürlüyümüz uğrunda! Dövlətçilik, suverenlik çarpışmasında özgürlük adası olan, qəzetçilər dünyasında tanınan sayğılı “Azadlıq” qəzetinin kollektivini qutlayıram. “Azadlıq” bağımsız, demokratik Azərbaycan deməkdir. Azərbaycana eşq olsun!” Baxın, görün bizim qəzetimizə, qəzetimizdən ortaya çıxan işimizə hansı dəyər verilir: “Dövlətçilik, suverenlik çarpışmasında özgürlük adası olan, qəzetçilər dünyasında tanınan, bağımsız, demokratik Azərbaycanın simvoluna çevrilən ”Azadlıq” qəzeti”! Dövlətçilik, suverenlik çarpışmasında payı olan, qəzetçilər dünyasında tanınan, bağımsız, demokratik Azərbaycanın simvoluna çevrilən, çevrilə biləcək bircə qəzetinizi göstərin – Xalqdan, Dövlətdən, bağımsızlıqdan, demokratiyadan oğurlama yoluyla böyük pullar verib yaşatdığınız o qəzetlərdən birinin, bircəciyinin “alınır, oxunur” deyə adını çəkin. Bilirsiz, o yöndə adı çəkiləcək bircə qəzetiniz belə yoxdur. Onda dövlətçilik, suverenlik, bağımsızlıq, demokratiya adına bircə televiziyanızın adını çəkin. Çəkə bilməzsiz! Siz ancaq “Ailəmin malik olduğu şirkətlərlə fəxr edirəm” (Əli Həsənov) deyə bilərsiz. Korrupsioner rejim yetkililərindən biri olaraq ailə şirkətlərilə “fəxr etməyin” nə demək olduğunu düşünməzsiz də. Axı, bu, oğurluqdur. Siz çoxdan oğurluğu dövlət, dövlətçilik professiyasına çevirmisiz. Gerçəkdən oğurluq sizin professiyanızdır, “Azadlıq” adlı bir Özgür söz azmanına antipatiya sizin professiyanızdan gəlir – bu baxımdan sizi qınamamaq da olar!

Rejim sözçüsü bugünlərdə daha bir “fəxr” qaynağından danışdı: “Əminəm ki, 10 gün ərzində Milli Ordu bütün işğal olunmuş Azərbaycan ərazilərini azad etməyə qadirdir”. “Əmindirlər” ancaq, hücuma keçməyə qorxurlar – arxada “Azadlıq” var! “Azadlıq” – onların “doğma Azərbaycanımızdan, lap doğma Bakımızdan” ofşorlaradək çoxsaylı cinayətlərini – yeyinti-mənimsəmə faktlarını açıb-tökən qorxusuz qəzet…