“DOLAŞIR, ÇAŞIR … O, BELƏ PEŞƏKARDIR”
Bu yaxınlarda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə baş verən qalmaqal davam edir. Xatırladaq ki, nazirliyin Məlumat Hesablama Mərkəzi tərəfindən elan olunmuş “Mənim elektron hökumətim” müsabiqəsinin nəticələri açıqlanarkən, münsiflərlə iştirakçılar arasında dava düşüb. Müsabiqəyə qatılan “XXI Əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev münsiflərin qiymətləndirməsinin nəticələrini tələb edib: “Münsiflər heyətində Hamlet İsaxanlı, Cəsarət Valehli kimi peşəkarlar olub. Mən istəyirəm peşəkar Hamlet İsaxanlı ilə qeyri-peşəkar Azər Həsrətin mənim yazıma verdiyi qiyməti müqayisə edəm. Ona görə də qiymətləndirmələrin təqdim olunmasını tələb edirəm”.
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət isə öz növbəsində Etibar Əliyevi “tərbiyəsiz” adlandırıb: “Sən kimsən ki, burada tərbiyəsizlik edirsən?”. Bundan sonra tərəflər arasında gərginlik artıb və qarşılıqlı ittihamlar daha da sərtləşib.
Etibar Əliyev narazılığının səbəbi ilə bağlı açıqlama verərək Azər Həsrəti ittiham etmişdi.
Tədbirdə baş verənlərin səbəbləri və eləcə də Etibar Əliyevin ittihamları ilə əlaqədaq dünən “AzPolitika.info”ya öz fikirlərini açıqlayan Azər Həsrət isə qarşı tərəfi günahlandırıb. Eyni zamanda Etibar Əliyevə qarşı bəzi ittihamlar səsləndirib.
Bu ittihamlara cavab olaraq Etibar Əliyev də “AzPoliika.info”ya öz fikirlərini göndərib. “XXI Əsr” Təhsil Mərkəzinin rəhbəri bu dəfə Azər Həsrətə qarşı yeni ittihamlar səsləndirib. E.Əliyev bildirir:
“Açığı mənə elə gəlirdi ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən elan olunmuş “Mənim elektron hökumətim” müsabiqəsinin nəticələrinin açıqlanmasından sonra Azər Həsrət abrına kor olub susacaq. Mənə təhqirlər yazdığı yeni məktubunu oxuduqda isə gördüm ki, danışdıqca da özünü biabır edir…
Özünü əvəzsiz İKT mütəxəssisi sayan, az qala Azərbaycanda internetin pioneri hesab edən bu adamın əsl kimliyini elə İnternet açır. İnternetdə bu adamın bir çıxışının videosunu tapa bilərsiniz. Məni tərbiyəsiz adlandıran bu adam həmin videoda indiki hakimiyyəti qatil adlandırır, Elmar Hüseynovun qətlində günahlandırır. Daha sonrakı illərdə çəkilən videolarda isə hakimiyyəti tərifləyir, göylərə qaldırır. Belə adamın nə mütəxəssisliyi olacaq? Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bir sifəti olmayan belə bir adama obyektivlik və peşəkarlıq tələb edən bir işi necə tapşırıb?
Onun sədri olduğu təşkilatının adına baxın: Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi. Əvvəla, belə şəbəkənin olmadığını hamı bilir. İkincisi, belə çıxır ki, o Ermənistanda da söz azadlığı uğrunda mübarizə aparır. Saxta təşkilata düzgün ad da qoya bilməyən adamla nə danışasan?
Yaxud cavab məktubunu görün necə bitirir: “Ümid etmək istərdim ki, Etibar Əliyevin barəmdə səsləndirdiyi ittihamlara yer vermiş digər media qurumları da mənim bu mövqeyimi dərc edəcək. Əlbəttə ki, buna ürəkləri çatsa…”
Ürəkləri çatsa… – nə deməkdir? Ürək çatışmazlığı xəstəliyini demək istəyir?
Nəhayət, Azər Həsrət məktubunda özünün peşəkar olduğunu göstərmək üçün bildirir ki, müsabiqənin münsiflər heyətinin digər üzvləri Hamlet İsaxanlı, Cəsarət Valehli İKT sahəsində peşəkar deyillər. Bununla da münsiflər heyətini qeyri-peşəkar sayır. Dolaşır, çaşır. Bax, o, belə peşəkardır.
Deyir ki, Etibar Əliyev onun bioqrafiyasını dərindən araşdırsın. Əslində o, bunu deməklə məni təhqir edir. İndi siz təsəvvür edin kitabxanasında 5000-dən çox kitabı olan, bu gün də gecə-gündüz öyrənən, mütaliə edən Etibar Əliyev durub Azər Həsrətin bioqrafiyasını araşdırmalıdır. Sonra bunları yazır: “Azərbaycanda 4 ayrı dildə yazan və yazıları dünyanın müxtəlif ölkələrində dərc edilən azsaylı yazarlardan biri olaraq, eyni zamanda Azərbaycan mediasının ən öndə gələn qəzet və saytlarında davamlı olaraq yazılarla çıxış edən birisi kimi, mənə qarşı qeyri-peşəkar ifadəsini işlətmək qərəzdən başqa bir şey deyil”.
İndi siz azerhasret.com. saytına daxil olub bu adamın yazılarını oxumağa çalışın. Məsələn, ana səhifədə olan yazıların birində Akif adlı kimisə küçə söyüşləri ilə təhqir edir. Birində Vasif Talıbova məddahlıq edir. Digər yazısında Avropanı yıxıb sürüyür (özü də savadsız şəkildə).
Azər Həsrət mənə cavabında yazır ki, 1999-cu ildə, E.Əliyev kimi şəxslər hələ e-poçtun nə olduğunu bilmədiyi bir zamanda, Kanadada internet saytların qurulması üzrə ayrıca təlim keçmiş, Azərbaycana şəxsi internet saytımla qayıtmışdım. Bu adam bilmir ki, internetin (ümumdünya hörümçək torunun) ilk şəbəkə protokolunu icad edən alim Tim Bernes-Li Avropa Nüvə Tədqiqatlarının keçmiş əməkdaşıdır və ali fizik təhsili almış adam kimi mən onu çoxlarından öncə tanıyıram, amma bu heç bir üstünlük vermir mənə. Elektron poçta Qərb dünyası 1970-ci illərdə sahib idi, amma Azər Həsrət 1999-cu ildə onunla tanış olmağa görə öyünür. Yeri gəlmişkən, internet 1969-cu ildə icad olunub.
Bu yerdə Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin “Yüz il tənhalıqda” romanından bir epizod yadıma düşdü. “Makondaya tez-tez gələn qaraçılar hərdən özləri ilə təəccüblü əşyalar gətirərmişlər. Bir dəfə onlar özləri ilə böyüdücü lupa və müşahidə borusu gətirirlər. Borunu çadırın qabağına qoyub qaraçılardan birini xeyli aralıda saxlayanda görürlər ki, boru onu o qədər yaxınlaşdırır ki, ona əl vermək də olar. Buna baxdıqdan sonra deyirlər ki, elm məsafəni məhv etdi. Bundan sonra insan evdən çıxmadan dünyanın istənilən yerində baş verənləri görə bilər”.
Azər Həsrətin gətirdiyi elektron poçt sanki qaraçının gətirdiyi lupaya və boruya bənzəyir. Azər Həsrət də bununla bizi təəccübləndirir, nə edək. Amma bilirəm ki, o Avropadan köhnə maşınlar gətirirdi satmaq üçün. Mən isə buna pis baxmıram. Düz iş görürdü”.


