AXCP “Azadlıq” radiosu və son repressiyalarla bağlı bəyanat verdi

AXCP Azərbaycanda repressiyaların son günlərdə yenidən gücləndirilməsilə bağlı bəyanat verib. Bəyanatda deyilir:

2014-cü ilin sonlarında ölkədə repressiyalar daha da sərtləşdi. Dekabrın 26-da prokurorluq “Azadlıq” radiosunun Bakı bürosunda axtarış apardı, ofisin avadanlıqları, sənədləri və möhürü müsadirə olundu, qapısı möhürləndi. Bu, radionun Bakı ofisinin faktiki bağlanması deməkdir. Azərbaycan hakimiyyətinin bu radioya təzyiqləri bundan əvvəl də olub. Belə təzyiqlərdən ən ağırı isə radionun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayılın bir müddət qabaq həbs edilməsiydi. Azərbaycan hakimiyyəti il ərzində Xədicə İsmayılın, eləcə də ondan qabaq bir neçə başqa jurnalistin, hüquq medafiəçisi və ictimai fəalın həbsi ilə ölkədə söz azadlığına olan düşmən münasibətini indi də “Azadlıq” radiosunun Bakı ofisini faktiki qapatmaqla davam etdirir.

Bu yerdə qeyd etməliyik ki, hakimiyyət repressiya siyasətindən geri çəkilmək niyyətində olmadığını qondarma ittihamlarla həbsə atdığı hüquq müdafiəçiləri İntiqam Əliyevin və Rəsul Cəfərovin cinayət işinə daha iki maddə əlavə etməklə göstərdi.

İlin sonlarına təsadüf edən repressiv addımlar AXCP-nin öznüdən də yan keçməyib. Rəhbərlikdən iki nəfəri də (Rəyasət Heyətinin üzvləri Seymur Həzi və asif Yusifli) əhatə etməklə Cəbhəçilərə qarşı yönələn həbs dalğası bir neçə gün qabaq Sabirabadda gənc partiya üzvü Mirağa Abbasovun şərlənərək 25 sutka inzibati həbs cəzası alması ilə davam etdi. Bunadan başqa partiyanın şöbə müdiri Rafiq Daşdəmirlinin faktiki girov götürülmüş oğlu Sənanın həbsxanada incidilməsi də Xalq Cəbhəsinə repressiv münasibətin təzahürüdür.

İlin son günlərində aldığımız daha bir sarsıdıcı xəbər 14 saylı cəzaçəkmə müəssisəsində 31 yaşlı vətəndaşımız Elşad Babayevin amansız işgəncələrlə öldürüldüyü oldu. Bu hadisə ölkədə səlahiyyət sahibləri üçün siyasi rejimə sədaqətli qalmaları şəraitində yaradılan cəzasızlıq mühitinin törəməsidir. Hüquq-mühafizə orqanlarını siyasi hakimiyyətin başlıca dayağına çevirmək bir çox hallarda onların qanunsuz hərəkətlərinin cəzasız qalmasına gətirib çıxarıb. Bu da öz növbəsində hüquq-mühafizə orqanlarında belə dəhşətli hərəkətlərin meydana gəlməsinə yol açır. Bir qrup səlahiyyət sahibi faktiki olaraq, ölkə rəhbərliyinin vətəndaşların taleyinə biganə münasibətindən, onlara qarşı ayrı-seçkiliyindən sanki sui-istifadə edirlər, cinayət xarakterli əməllərinin cəzasız qalacağının arxayınlığı ilə yaşayırlar.

Bir neçə gün qabaq keçirilən bələdiyyə seçkisinin əvvəlki seçkilərdən daha biabırçı şəkildə saxtalaşdırılması da bu ilin acınacaqlı mənzərəsini tamamlayır. Mətbuatın həm də videodəlillərlə ortaya qoyduğu rüsvayçı saxtakarlıqlar bələdiyyə seçkisinin nəticələrinin əslində ləğvini tələb edir. Lakin azad medianı, həqiqi vətəndaş cəmiyyəti institutlarını və siyasi müxalifəti repressiyaya məruz qoymaqla xalqı qorxu altında saxlayan hakimiyyət təbii ki, özünün ən rüsvayçı seçki tamaşasına da qanunu don güyindirəcək.

AXCP “Azadlıq” radiosunun bağlanmasına yönələn hərəkətləri pisləyir və hakimiyyəti bundan imtina etməyə çağırır. Partiya bəyan edir ki, ölkə rəhbərliyi nəhayət, dövlət və millət qarşısında məsuliyyətini anlamalı və azad medianın, ictimai təsisatların, vətəndaş cəmiyyətinin sıradan çıxarılması cəhdindən əl çəkməlidir. Anlamalıdır ki, dinc fəaliyyəti rəhbər tutan ictimai-siyasi təsisatların sıradan çıxarılması ölkəni xaosa və zorakılıqlarla müşaiyət olunan sosial partlayışlara sürükləyə bilər.

AXCP öz üzvləri də daxil olmaqla, qanunsuz və siyasi sifarişlə həbs edilmiş ictimai-siyasi fəalların yubadılmadan azadlığa buraxılmasını, eləcə də cəzaçəkmə müəssisələrində müxtəlif yanaşmalarla dustaqların incidilməsinə, onlara işgəncə verilməsinə son qoyulmasını tələb edir.

AXCP sonuncu bələdiyyə seçkisinin nəticələrini tanımır və bunu ölkə seçki adına həyata keçirilən ən biabırçı tədbir kimi qiymətləndirir. AXCP tələb edir ki, Seçki Məcəlləsinə müvafiq dəyişikliklər etməklə, o cümlədən seçki komissiyalarını bütün maraqlı tərəfləri qane edəcək şəkildə yenidən formalaşdırmaqla ölkədə normal seçki mühiti yaradılsın, hər dəfə daha idbar saxtakarlıqlara baş vurmaqdan əl çəkilsin.