
Nəqliyyat naziri avtobuslarda gediş haqlarının artırılmasını istəyir
Bakıda sərnişindaşıma ilə məşğul olacaq nəqliyyat vasitələrində gediş haqqının qaldırılması ilə bağlı Tarif Şurasına müraciət olunacaq. Bunu APA-ya Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat Idarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov bildirib.
Əmrah Cəfərov deyib ki, bu gün artıq Bakıda yeni və müasir tələbələrə cavab verən avtobuslar istismara verilib: “Bu maşınların hər biri böyük vəsait hesabına alınan nəqliyyat vasitələridir. Yəqin ki, 20 qəpik gediş haqqı bu gün özünü doğrultmayacaq”.
Gələn il Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar Bakıya gətirilən yeni avtobuslar artıq sərnişinlərin xidmətinə verilib. 25 ədəd Türkiyə istehsalı olan “Isuzu” markalı avtobus 65 saylı xətt marşrutu üzrə hərəkət edirlər. Digər 25 ədəd avtobus isə yaxın günlərdə 61 saylı marşrut üzrə xəttə buraxılacaq.
Dünyada benzinin qiymətinin aşağı salınması istiqamətində işlər aparıldığı halda, ölkəmizdə bu məsələ də hələlik müzakirə predmetidir. Belə bir şəraitdə nəqliyyyat vasitələrində gedişhaqqının qaldırılması görəsən, nə dərəcədə məqsədəuyğundur?
Millət vəkili Vahid Əhmədov “Azadlıq”a açıqlamasında söyləyir ki, nəqliyyatda gedişhaqqının qaldırılması məsələsi hələlik qüvvəyə minməyib. Millət vəkili paytaxta gətirilən yeni avtobusların bahalığına görə belə bir addıma zərurət yarandığını vurğulayır: “Onları ödəmək üçün belə bir addım atmaq istəyirlər. Amma hesab edirəm ki, hələlik buna getmək olmaz. Qarşıdan Avropa oyunları kimi böyük bir tədbir gəlir. Mənə belə gəlir ki, bu məsələ hələlik mümkün olmaycaq”.
Iqtisadçı-ekspert Məhəmməd Talıblı söyləyir ki, nəqliyyatdan istifadəylə bağlı sərnişinlər keyfiyyət artımını demək olar, hiss etmir. Qiymət artımının hazırkı dövrdə məntiqsiz olduğunu deyən ekspert, Nəqliyyat Nazirliyinin qiymətləri artırmaq yoluyla, vətəndaşların cibinə girməklə əlavə xərclərini bu yolla doldurmaq istədiyini söyləyir:
“Benzinin və yanacağın qiyməti artırılanda gedişhaqqının da artırılacağı gündəmə gəlmişdi. Lakin bu gün dünyada yanacağın qiyməti düşür və belə olan halda, vəziyyət dəyişməyə doğru getməlidir. Nəzərdə tutulan qiymət artımı azalmağa doğru getməlidir. Neft və neft məhsullarının qiyməti aşağı düşürsə, belə paradoksal vəziyyətdə gedişhaqları artırılmamalıdır”. Ekspert deyir ki, nəqliyyatla bağlı belə siyasət əslində, mövcud ehtiyatlar və qiymətləndirmələr arasında proporsional vəziyyətlərin, məntiqsizliyin meydana çıxmasını şərtləndirir. O, neftin qiymətinin aşağı düşməsi və artmasının insanlarının həyatında özünü göstərmədiyini deyir. Bu da neftdən gələn gəlirlərin onlara aid olmadığının göstəricisidir. Nəticədə ictimai nəqliyyatda qiymət artımı insanların həyatında izsiz ötüşməyəcək.
Nigar



