15035 bələdiyyə yerinə hakim partiyanın 16760 namizədi olub
Dekabrın 23-də ölkəmizdə bələdiyyə seçkiləri keçirildi. Seçib-seçilmək ənənəsinin dəfn olunduğu ölkədə bələdiyyə seçkilərinə heç bir ictimai diqqətin olmaması təəccüblü görünmür. Amma bələdiyyə seçkisinin bir müğənninin konserti qədər ajiotaj yaratmaması təəssüf doğurur.
Amma ümumi mənzərə göstərdi ki, hakimiyyət seçki “ənənə”sinə sadiqdir və həmişəki kimi şəffaf seçki saxtakarlığı “at oynadır”. Topa bülletenlərin atılması, eyni adamın müxtəlif məntəqələrdə səs verməsi kimi hallar müşahidə olundu.
Görünür, Məzahir Pənahov “alman dəqiqliyi” deyəndə dəqiq saxtakarlığı nəzərdə tuturmuş.
Müxtəsər, bələdiyyə seçkiləri başa çatdı və hökumətimiz bu seçkini yüksək qiymətləndirdi.
Məsələn, Baş nazirin müavini, YAP icra katibi Əli Əhmədov deyir: “Sabitlik və əmin-amanlıq baxımından, Seçki Məcəlləsinin tələblərinə uyğunluq baxımından, qanun pozuntularına yol verilməməsi baxımından budəfəki bələdiyyə seçkilərini uğurlu hesab etmək olar. YAP-dan bələdiyyə seçkilərində 16 760 nəfərin namizədliyi irəli sürülüb: ”Onlardan 13 404 nəfərini partiya, 3356 nəfəri isə namizədliyini fərdi qaydada irəli sürüb”.
Ə.Əhmədov bildirib ki, bütövlükdə YAP-dan bələdiyyə seçkilərində 16 760 nəfərin namizədliyi irəli sürülüb: “Onlardan 13 404 nəfəri partiya tərəfindən, 3356 nəfəri isə namizədliyini fərdi qaydada irəli sürüb. Ümumi namizədlərin təxminən 40 faizi YAP-dan olub. Bu onu göstərir ki, YAP-ın seçkilərdə fəaliyyəti geniş əhatəli olub”.
YAP icra katibinin müavini Siyavuş Novruzov da seçkilərə qiymət verib və heç bir saxtakarlığın olmadığını qeyd edib: “Müxtəlif partiyalar bəyanat verirlər ki, seçici fəallığı zəifdir, qanun pozuntuları var. Əgər seçkidə iştirak etmirsənsə, hardan bilirsən o nə formada keçirilir? Seçkidə iştirak etmirsənsə, partiya kimi mexaniki müşahidə səlahiyyətin də yoxdur. Bütün bunlar, sadəcə, seçki üzərinə kölgə salmaq cəhdləridir. Topa bületenlərin atılmasına gəlincə, bəzi rayonlarda bülleten çox böyükdür, çünki bülletendə 57-58 namizədin adı var. Seçici səs verəndən sonra gəlib həmin bülleteni qutuya atanda onu bükməyə məcburdur. Qıraqdan baxanda isə bəzilərinə elə gəlir ki, seçici qutuya bir yox, bir neçə bülleten atır”.
MSK sədri Məzahir Pənahov isə bildirib ki, “Seçkiləri baş tutmuş hesab etmək olar. Seçkilərin nəticələrinə xələl gətirə biləcək müraciət daxil olmayıb”.
Yuxarıda qeyd etdik ki, seçkilərdə YAP-dan 16760 nəfər namizəd olub və bunun 13404 nəfərin namizədliyi partiya tərəfindən irəli sürülüb. Deməli, 15035 bələdiyyə yerinə 13404 nəfər YAP-ın “xeyir-dua”sı ilə qatılıb. Əli Əhmədov bunu 40 faiz kimi təqdim edir. Bu isə təxminən 89 faiz deməkdir. Digər 11 faiz də real müxalifətin və ya həqiqi bitərəflərin göstəricisi deyil. Əgər araşdırma aparsaq, aydın olacaq ki, 23 dekabr seçkilərində YAP və ona “ləbbeyk” deyənlər iştirak edib və “qalib” gəliblər.
Yəni bu seçkidə YAP-ın mübarizə aparacağı qüvvə olmadı. YAP təkbaşına yarışa girdi və qarşı tərəf olmadan “finiş”ə çatdı. Daha dəqiq ifadə etsək, YAP bələdiyyə seçkilərində özünə qalib gəldi.
Siyavuş Novruzovun qoşa bülletenlər məsələsinə münasibətinə gəlincə, deputatı başa düşmək lazımdır. Siyavuş Novruzovu təəccübləndirən budur ki, yalnız YAP-çılardan ibarət olan seçkidə niyə saxtakarlıq edilsin. Ona görə də fantaziyasını zorlayaraq “bülletenlər böyük olduğuna görə çox görünür” kimi dəyərləndirib.
Görünür, bəzi vərdişləri tərgitmək olmur. Seçki “vərdiş”lərini tərgitmək isə, ümumiyyətlə, YAP-a sərf etmir.
Bir sözlə, bələdiyyə seçkilərinin uğurundan, alman dəqiqliyindən danışanda, seçkidə iştirak edən namizədlərə də nəzər salmaq lazımdır. Kimə qalib gəldiyinizi unutmayın cənablar.