“Azadlıq” qəzetinə 25 illiyi ilə bağlı təbriklər davam edir. Yubileyimizi ölkənin daha 3 tanınmış vəkili təbrik edib.
Vəkil Əlayif Həsənov:
“Azadlıq” qəzeti öz prinsiplərinə sadiq qalan, qəzetçilik ənənələrini yaşadan və heç bir bəhanəyə imkan vermədən fəaliyyətini davam etdirən fenomendir. “Azadlıq” qəzeti 25 yaşına sadəcə qəzet olaraq deyil, tarix yaza-yaza qədəm qoyub. Bu mənada “Azadlıq”ı Azərbaycanın milli sərvəti də adlandırmaq olar. Mən də təbriklərə qoşuluram və bu gənc qəzetə şərəflə qocalmağı arzulayıram. 25 yaşınız mübarək olsun”.
Vəkil Əyyub Kərimov:
“Azadlıq” qəzetinin bütün yaradıcı kollektivini səmimi qəlbdən təbrik edir, can sağlığı arzu edirəm. Şərəfli, mübariz dolu fəaliyyətində böyük nailiyyətlər arzu edirəm. Ötən illər ərzində ”Azadlıq! qəzeti azadlıq qalasına çevrilərək bütün qəlblərdə özünə yer tapmağa nail oldu. Təbriklər! Uğurlar!”.
Vəkil Bəhruz Bayramov:
“Azadlıq” qəzetini yarandığı 1989-cu ildən, 14-15 yaşından sevərək oxuyuram. “Azadlıq” qəzeti Azərbaycanın müstəqillik rəmzi hesab etdiyim mətbu orqandır. Uzun, məşəqqətli tarixə malik olan “Azadlıq” qəzeti daima öz obyektiv, qərəzsiz mövqeyini qoruyub saxlamaqla xalqın sevgisini qazanmağa müvəffəq olub. Təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayıram”.