“Azadlıq” üçün çatılmayası hədəf yoxdur”
Hərbi təhlilçi Cəsur Sümərinli “Azadlıq” qəzetini təbrik edib. Təbrikdə deyilir:
“Azadlıq” qəzetini 25 yaşı olması münasibətilə ürəkdən təbrik edirəm. Bu qəzet Azərbaycanda müstəqil ictimai düşüncənin, şüurun formalaşmasında çox mühüm rol oynayıb və oynamaqdadır. Bu qəzet Azərbaycanın müstəqilliyinin qeyri rəsmi atrubutuna çevrilib. Vaxtilə bu qəzetlə əməkdaşlıq etmişəm və eyni zamanda hərbi sahədə araşdırmaçı olaraq onu deyə bilərəm ki, “Azadlıq” qəzeti mənim Azərbaycan Silahlı Qüvvələri ilə bağlı araşdırmalarımda əsas etibarlı mənbələrdən biri olub. Bu qəzetin Dağlıq Qarabağ münaqişəsi dövründə çap olunan bir çox nüsxələri şəxsi arxivimdədir. Aktiv hərbi əməliyyatların gedişi, Azərbaycanda Silahlı Qüvvələr quruculuğunun ilkin illəri barədə bilgilərimin formalaşmasında bu qəzetin rolu çoxdur. Müşahidələrimə görə, “Azadlıq” qəzetinin bu günkü missiyası Azərbaycanın milli təhlükəsizlik maraqlarının qorunması ilə yanaşı ölkədə demokratiya qurulması hədəfi ilə sıx bağlıdır. Bu iş çox ağrılıdır, təzyiqlər, təhdidlər, zorakılıqlar, həbslər və s. ilə müşayiət olunur. Amma “Azadlıq” üçün çatılmayası hədəf yoxdur. Ən azı ona görə, ki, bu qəzetin kollektivi sağlamdır, onları birləşdirən dəyərlər əsl Azərbaycansevərləri birşləşdirir. Eşq olsun! Var olun!”.