Yaxud, iflasa uğramış arqumentlərdən sallaşmaq cəhdi
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov “Azadlıq” radiosuna müsahibə verib və bəzi məqamlara aydınlıq gətirməyə çalışıb. “Azərbaycanın sədrliyi sizin yadınızda nəylə qalıb, bilmirəm. Ancaq mənim üçün Avropa Şurası ilə Birgə Işçi Planın imzalanması, Azərbaycanın haqq sözünün Avropa Şurasının tribunasından çatdırılması, Azərbaycan-Avropa əlaqələrinin genişlənməsi istiqamətində dəyirmi masalar, Azərbaycanın Avropada rolunun, nüfuzunun və hörmətinin artmasıyla yadda qalıb”- deyə Səməd Seyidov müsahibənin əvvəlində bildirir.
Görəsən, Səməd Seyidov hansı uğurdan danışır? Avropa ilə bütün körpülərin yandırılması mərhələsinə keçid siyasi uğurdurmu?
Bütün dünya şahidlik etdi ki, Avropa Şurasının tribunasından Azərbaycan hakimiyətinə ağır suallar ünvanlandı, Azərbaycandakı siyasi məhbus məsələsi gündəmə gəldi və hakimiyyətdən demokratik islahatlar tələb olundu. AŞPA-nın prezidenti Anna Brassör Azərbaycanda sistemin dəyişməli olduğunun zəruriliyini bildirdi. Avropa Şurasının baş katibi Yaqland “Azərbaycanda insan haqlarının vəziyyəti: bıçaq sümüyə dirənib” başlıqlı məqalə yazaraq, hakimiyyəti kəskin tənqid etdi. Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul etdi və sanksiyalar məsələsi gündəmə gəldi. Eyni zamanda Azərbaycan hakimiyyəti antiQərb kampaniyasına start verdi və bütün resursları ilə Avropanı, ABŞ-ı düşmən elan etdi.
Səməd Seyidov bütün bu baş verənləri uğur kimi qiymətləndirirsə, deməli, “uğur” ifadəsinin mənası dəyişib və biz bu yeni mənadan xəbərsizik.
Daha sonra Səməd Seyidov davam edir: “Bütün problemlərin bir günə, bir gecəyə həllini istəmək düzgün yanaşma deyil. Ətrafda bütün stəkanlar sınıb, dağılıb, camaat susuz, yeməksiz qalıb. Meyitlər küçələrdədir, müharibələr gedir. Bu nöqteyi-nəzərdən Azərbaycanda proseslər çox yüksək səviyyədədir.. Bu gün Azərbaycanın gördüyü işlər tək özü üçün deyil, Avropa üçün də çox vacibdir, çünki sabitliyi qoruyub saxlaya bilmişik. Sabitliklə yanaşı, inkişafı təmin edə bilmişik. Bununla yanaşı, demokratiya, insan haqları, qanunun aliliyindən bir addım da geri çəkilməmişik. Avropa Şurasının, Avropa birliyinin bizə təzyiq etməsi düzgün deyil”.
Əvvəla, Səməd Seyidovun diqqətinə çatdırmaq lazımdır ki, heç kim bu hakimiyət qarşısında problemləri 1 günə həll etmək tələbi qoymayıb. Yəqin Səməd Seyidovun həyatı o qədər sürətli keçir ki, 21 ili 1 gün kimi hiss edir. Ikincisi, Səməd Seyidov müsahibənin əvvəlində Azərbaycanın Avropadakı nüfuzundan, müsahibənin ortasında Avropanın Azərbaycana təzyiqindən danışır. Təmsil etdiyi hakimiyyətin “sendviç” kimi əzilməsindən ABŞ-a şikayət edən deputatın bu ziddiyyətli fikirlərini hansı “təam”a bənzədək? Niyə insan haqlarından, demokratiyadan söhbət düşəndə bu hakimiyyət meyiddən, müharibədən, aclıqdan danışır? Axı, dünyada daha yaxşı nümunələr, daha mötəbər təcrübələr var. Həm də ki, Azərbaycandakı “stəkan”ı dağıdanlar da, suyunu boşaldanlar da bu hakimiyyətdir. Sadəcə olaraq hakimiyyət stəkandakı sudan xalqa verməmək üçün bütün vasitələrə əl atmağa hazırdır.
Səməd Seyidov daha sonra dərs keçməyə çalışır və “fakt”lara istinad edir: “Ukrayna faktiki yox dərəcəsinə gətirilib, böyük təhlükədədir… BMT-nin məlumatına görə, 5 minə yaxın adamı qətlə yetiriblər. Bunu Azərbaycanla necə müqayisə edirsiniz? Bilirsiniz ki, Gürcüstanın torpaqlarının işğalı üzrə danışıqlar artıq yox səviyyəsindədir? Ancaq Azərbaycanda münaqişənin həlli üçün bütün tərəflər cəhdlər göstərirlər, dövlət başçıları görüşür, Minsk qrupunun həmsədrləri danışıqlar aparır”.
Ukrayna xalqının demokratiya mücadiləsi Azərbaycan hakimiyyəti üçün kabus kimi görününr. Çünki, bu hakimiyyət xalqın taleyi üzərində addımlamaq siyasətini yürüdür və demokratiyaya nifrət edir. Başqa vaxt beynəlxaql hesabatları qərəzli adlandıran Seyidov, Ukraynada ölənlərlə bağlı hesabatlara istinad edir. Əvvəla, xalqların azadlığı qurbansız başa gəlmir və Ukrayna xalqı böyük bir nümunə göstərdi. Azərbaycanda isə vəziyyət daha acınacaqlıdır. Atəşkəs dövründə 3000-dən çox hərbçi həlak olub. Intiharların sayına görə dünyada ön cərgələrdə yer tuturuq, Işsizlik, yoxsulluq ən yuxarı həddə qalxıb. Yəni bu gün ən pis inqilabı öz xalqına divan tutmaqla hakimiyyət həyata keçirib. Qarabağ münaqişəsinə gəlincə, Minsk qrupunun fəaliyyətini biabırçı hesab edən də, bu qrupun fəaliyyətinə yüksək qiymət verən də sizsiniz. Gürcüstan torpaqlarını itirsə də, demokratiya əldə edib. Biz isə həm torpağımızı, həm də azadlığımızı itirmişik. Eyni zamanda Gürcüstan torpaqlarını işğal edən Rusiyanı “böyük qardaş” adlandırmır. Azərbaycan hakimiyyəti isə bütün fəlakətlərimizə bais olan Rusiyanı mədh etməklə məşğuldu. Nəticədə, 20 faiz torpağın 20 qarışı da azad olmayıb. Səməd Seyidovun fikirlərində belə çıxır ki, Sərkisyanla görüşmək də uğurdu.
Sonda Səməd Seyidov siyasi məhbus məsələsinə münasibət bildirir: “Azərbaycanda yoxdur belə məsələ. Biz ona görə də ölkə içində Işçi Qrupu yaratmışıq. Bu məsələləri təhlil edirik ki, beynəlxalq qurumlar bundan siyasi məqsədlərlə istifadə edib ölkəyə təzyiq göstərməsinlər. Heç kimə sirr deyil ki, müstəqil siyasət apardığına görə Azərbaycana qarşı müxtəlif təzyiqlər var. Təzyiqlərin bir növü insan haqlarından istifadədir”.
Əvvəla, “Işçi Qrup” yaranandan sonra repressiyalar daha da gücləndi və siyasi məhbus siyahısı artdı. Bəlli oldu ki, Işçi Qrup siyasi məhbus məsələsində hakimiyyəti “mala”lamaq öhdəliyi götürüb. Digər tərəfdən əgər ölkədə siyasi məhbus yoxdursa, “narkoman”, “dələduz” ittihamı ilə ittihamı ilə həbs etdiyiniz adamlara niyə siyasi “əfv ərizəsi” yazdırırsız?
Göründüyü kimi, hakimiyyət hamının bildiyi həqiqətləri inkar etməyə davam edir və ölkədəki bütün problemləri Qərbin təzyiqi ilə əlaqələndirir. Reallıq ondan ibarətdir ki, Səməd Seyidovun israrla inkar etməyə çalışdığı reallıqlar, artıq sübuta yetirilib.
Akif


