PKK Türkiyədə terror aksiyaları haqda xəbərdarlıq etdi

Elxan Şahinoğlu: «Kürdlər IŞID-lə mübarizə apardığı halda, Türkiyə ilə savaş onların özünə də ziyandır»

PKK terror təşkilatı kürd probleminin həlli prosesi uğursuzluğa düçar olacağı təqdirdə, Türkiyənin cənub-şərqində terror aksiyalarını bərpa edəcək.ÿBu barədə PKK-nın rəhbərlərindən olan Murad Karayılan “RocNews”a açıqlamasında bildirib.

Həll prosesi müvəffəqiyyətlə nəticələnəcəyi halda, hazırda həbsdə olan PKK lideri Abdulla Öcalanın 2015-ci ilin aprel ayında keçiriləcək PKK-nın 12-ci Konqresinə qatılacağını bildirən M.Karayılan, Öcalanın kürd probleminin həlli ilə bağlı layihə göndərdiyiniÿvə bu layihəni müzakirə etdiklərini söyləyib: “Öcalanın bu layihəsi əsasında sülhə hazırıq. Layihəyə görə, tərəflər arasında razılıq əldə olunarsa, 15 martda Türkiyə dövlətinə ÿqarşı silahlı mübarizə dayandırılacaq. Biz ona uyğun hərəkət edəcəyik. Ya siyasi qüvvə olacaq, ya da mübarizəni davam etdirəcəyik. Konqresdə ÿbununla bağlı qərar veriləcək”.

M.Karayılan bəyan edib ki, problemin həlli ilə bağlı lazımi addımlar atılmazsa və bu məsələdə irəliləyiş əldə olunmazsa, Türkiyədə 2015-ci ilin yayında keçiriləcək seçkilərdən öncə PKK döyüşlərə başlayacaq.

Politoloq Elxan Şahinoğlu bu məsələnin mahiyyətini şərh edərək, hazırda Türkiyədə atəşkəs olmadığını, orada yenə də atəş səslərinin gəldiyini deyir. O, Öcalanın azad olunması məsələsinin gündəmə gətirildiyini deyərək, belə bir təbliğata start verildiyini bildirir: “Öcalanın kifayət qədər həbsdə olduğunu deyərək onun azadlığa çıxarılması təbliğatı aparılır. Öcalanla müəyyən dialoqlar aparılır, onun yatdığı həbsxanaya insanlar göndərilir və bütün bu məsələlərin necə həll olunması barədə fikir mübadiləsi aparılır. Dialoq var, PKK-nın özüylə də müəyyən kanallarla dialoqlar aparılır. Sadəcə olaraq PKK xarici dəstəkçilər vasitəsilə Türkiyəni qarışdırmaq istəyir. Lakin bölgədə başqa qarşıdurmalar da var. Belə bir mərhələdə onun Türkiyə hökumətinə qarşı savaş elan etməsi məntiqsizdir. Çünki Suriya və Iraqda gedən proseslər başqa bir məsələni ortaya qoyur. Orada IŞID mövqeləri möhkəmlənib. Belə bir mərhələdə PKK-nın Türkiyəyə savaş elan etməsi kürdlərin özünə zərərdir. Kürdlər IŞID-lə mübarizə apardığı halda, Türkiyədən dəstək alması vacibdir. Bu savaş kürdlərin özünə də xeyir deyil”.

Politoloq qeyd edir ki, Türkiyənin başı IŞID-lə mübarizəyə qarışıb və bu dönəm PKK-nın özü üçün də çətin mərhələdir. Suriya və Iraqda vəziyyət ağırdır, yəni belə bir mərhələdə  PKK-nın Türkiyə ilə savaşa girmək qərarı verməsi inandırıcı deyil.

Nigar