Nazir kimi aldadır?

174 adda dövlət proqramı əhalinin həyatında heç nəyi dəyişməyib

Nemət Əliyev: «Reallıqda əhalinin vəziyyəti çox ağırdır»

“Son 10 il ərzində müstəqil Azərbaycan dövləti dünyada yüksək nüfuza malik ölkəyə çevrilib. Əgər 2004-cü ildə Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50 faizini təşkil edirdisə, bu gün bu rəqəm 80-nin üzərindədir” – bunu “inkişafın 10 ili” adlı konfransda Iqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev deyib.

Nazir qeyd edib ki, son 10 il ərzində 174 dövlət proqramı təsdiq edilib:ÿ”10 ildə Azərbaycan iqtisadiyyatı inkişaf edib, ümumdaxili məhsul istehsalı 3 dəfə artıb. Son illər dünyanın bir çox ölkələrində yaranan iqtisadi böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Dünya iqtisadiyatında cərəyan edən böhranın Azərbaycana təsirinin qarşısının alınmasında ölkə başçısı Ilham Əliyevin xüsusi tapşırıqları var. Ölkədə qeyri-neft sektorunun inkişafı göz qabağındadır. Eyni zamanda, metallurgiya sahəsində yeni inkişaf mərhələsini qeyd etmək yerinə düşər. Son illər yüzlərlə müəssisə açılıb. Qeyri-neft sənayesi 2,2 dəfə artıb. Bu ilin “Sənaye ili” elan edilməsi ölkədə sənayenin inkişafını sürətləndirib”.

Iqtisadçı-ekspert Nemət Əliyev deyir ki, nazir Şahin Mustafayev əslində, kağız üstündə qəbul olunan qərarların sayını açıqlayıb. Ekspertin sözlərinə görə, bu isə həmin qərarların insanların həyatında maddiləşməsi anlamına gəlmir. Nemət Əliyev qeyd edir ki, həmin qərarları qəbul etmək müsbət haldır. Lakin ölkəmizdə belə gəlişigözəl hallar kifayət qədər çoxdur: “Ölkənin hansısa bir sahəsinə aid qərarları dünyanın heç bir yerində tapmaq olmaz. Bədbəxtlik odur ki, həmin qərarları qəbul edəndə ondan irəli gələn vacib, əhəmiyyətli addımları atmırlar. Dövlət proqramlarının qəbulu dövlətin büdcəsindən, xəzinəsindən vəsaitləri çıxarmaq üçün vasitəyə çevrilib. Həmin vəsaitlər bir qrup adamın korporativ maraqlarının təminatına yönəldilib. Mənə elə gəlir ki, məsələnin bu tərəfinə diqqət yetirilməsi daha düzgün olardı”.

Ekspert qeyd edir ki, regionların inkişafıyla bağlı qəbul edilən proqramlar bölgələr üçün prioritet olmayıb. O, ölkədə ən ağır şərtlərlə kreditlərin məhz regionlara verildiyini deyir. Ekspert 25-28-35 faizlə xarakterizə olunan kredit şərtlərini olduqca ağır adlandırır: “Mərkəzi Bank tərəfindən həmin regionların inkişafı prioritet seçilməyib. Regionların inkişafıyla bağlı iki dövlət proqramı qəbul olunubsa, regionların sosial-iqtisadi inkişafının investisiya xərclərinin strukturunda prioritet kimi müəyyənləşmədiyi ortaya çıxır. Aqrar sahəyə ən azı maliyyə vəsaiti ayrılıb. Təhsil və səhiyyənin ən vacib sahələr olmasına baxmayaraq, ən az maliyyə vəsaitinin yatırıldığı sahələr kimi yaddaşlarda qalıb. Bu proqramlar xalqın sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasında maddiləşməyib. Rəqəmlərin çoxluğu, hədsiz sayda qərarlar qəbul etmək kimi fikirləri demək lazım deyil. Reallıqda əhalinin vəziyyəti çox ağırdır. Onlar yaşam üçün ağır şərtlərə qatlaşmaqdadır. Belə olan halda, qəbul edilən qərarların realizə olunması şübhə altına düşür”.

Nigar