Əli Kərimlidən Vidadi Mirkamala təbrik

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, tanınmış hüquqşünas, istefada olan ədliyyə general-leytenantı Vidadi Mirkamalın 60 yaşı tamam olur. Bu münasibətlə AXCP sdəri Əli Kərimli onu təbrik edib. Təbrikdə deyilir:

“Bizim nəslin tələbə olduğu 80-ci illərin sonları Bakı Dövlət Universitetinin, xüsusilə hüquq fakultəsinin yaxşı vaxtları idi. Universitet təkcə elmin, təhsilin deyil, həm də siyasi müzakirələrin mərkəzi idi. Çox yaxşı müəllimlərimiz var idi. Müəllimlərimizin böyük əksəriyyəti savadlı və ləyaqətli insanlar idi. Onların xeylisi Milli Azadlıq Hərəkatında da, demokratikləşmə uğrunda mübarizədə də iştirak etdi. Yeri gəlmişkən, o zaman universitetdə, ən azı bizim fakultədə rüşvət də geniş yayılmamışdı. Təbii ki, universitetdə o demokratik mübarizə mühiti öz-özünə yaranmamışdı. Ləyaqətli müəllimlər, mübariz gənclər o mühiti yaratmışdı.

Bu gün BDU-nun o zamankı ləyaqətli müəllimlərindən biri, hazırda apardığımız mübarizədə çiyin-çiyinə addımladığımız əqidə dostum, adını hər zaman hörmətlə çəkdiyim, müəllimim Vidadi Mirkamalın 60 illik yubileyidir.

Hörmətli Vidadi bəyi yubileyi münasibətilə təbrik edirəm. Vidadi bəy haqsızlığa susmayan, mövcud rejimin ədalətsizliklərinə, seçki saxtakarlığına, siyasi müxalifət nümayəndələrinin, jurnalistlərin, hüquq müdafiəçilərinin, gənc fəalların şərlənərək həbs olunmasına etiraz edən, bu məqsədlə son illərdə yaradılan qurumlarda aktiv fəaliyyəti ilə seçilən dəyərli ziyalımızdır. Vidadi bəy 2000-ci illərin əvvəllərində ölkənin ictimai-siyasi həyatına ciddi təsir etmiş “Amal” ziyalı hərəkatının qurucularından biri idi. Vidadi bəy 2011-ci ildə 2 aprel məhbuslarının hüquqlarını müdafiə komitəsinin sədri olub, hazırda Demokratik Qüvvələrin Milli Şurasında hüquq komissiyasının sədri, siyasi məhbusların hüquqlarını müdafiə komitəsinin həmsədridir. O, ömrünü hüquq elminin inkişafına həsr etmiş, həm də tələbələrinə tədris etdiyi hüququ praktikada uğurla tətbiq etmiş, Azərbaycan Respublikasının İqtisad Məhkəməsinin sədr müavini kimi ədliyyə generalı rütbəsini şərəflə daşımışdır. Müxtəlif beynəlxalq arbitraj məhkəmələrinin üzvü seçilmiş, bu sahədə çoxlu sayda kitab və məqalələr yazmışdır. Vidadi Mirkamal dərin nəzəri biliyə malik olması ilə yanaşı, mövcud antimilli rejimin törətdiyi qanunsuzluqlara, azad sözün boğulmasına, siyasi opponentlərin, vətəndaş cəmiyyəti nümayəndələrinin repressiya olunmasına qarşı sərt təpkisini göstərməkdən çəkinməmişdir. Belə cəsur, əqidəli ziyalılarımızın mübarizənin ön cərgəsində olması qürurvericidir, sadə insanlara misilsiz örnəkdir.

Hörmətli Vidadi bəy! Siz bütün xoş sözlərə layiqsiz və bunu öz həyat prinsiplərinizlə təmin etmisiz. Bir daha Sizi 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm, möhkəm cansağlığı, uzun ömür, siyasi və peşə fəaliyyətinizdə, şərəfli mübarizə yolunuzda uğurlar arzulayıram”.