Milli Şuranın sədri cəmil Həsənli ədliyyə generalı, qurumun Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamalı 60 iliiyi münasibətilə təbrik edib. Təbrikdə deyilir:
“Vidadi müəllimin də 60 yaşı tamam oldu. Biz onunla təxminən iki il fərqlə, yəni eyni vaxtda universitetdə oxumuşuq. O, hüquq fakültəsində oxuyurdu və hələ biz tanış deyildik. Lakin həmin vaxt mənin universitetin son kursunda Vidadi bəyin böyük qardaşı ilə oxuyan bir qohumum onların Gəncədəki evlərinə gedib-gəlir və bu ailənin Gəncədəki hörmətindən, savadından, tərbiyəsindən ağız dolusu danışırdı. Hətta sonralar hələ orta məktəbdə oxuyan yeni-yetmə Vidadı ilə sual-cavab etdiyini də deyirdi. Ölkəni inqilab havası bürüyəndə mən Vidadi müəllimlə tanış oldum. Bu dəfə tələbələri onun haqqında ağız dolusu danışırdı. 1979-cu ildən BDU-nun hüquq fakültəsində arbitraj və iqtisadi hüquq fənlərindən mühazirələr oxuyurdu. On illik bir dövrdə tələbələrinin rəğbətini qazana bilmişdi. Açığı həmin illərdə hüquq fakültəsində professor Məmməd Xələfov kimi çox nüfuzlu alim və müəllimlər işləyirdi. Onların içində gənc bir müəllimin tələbələrin sevimlisinə çevrilməsi elə də asan məsələ deyildi. Tarix və filologiyadan fərqli olaraq hüquq daha çox cinayət və cəzanın kəsişməsində olan maddələrə dayanan bir elm idi və bu maddələrin sərt təfsirindən çıxıb tələbələrin dostuna çevrilmək bir insanlıq məsələsi idi, bir müəllimlik səmimiyyəti idi. Elə bu günün özündə hüquq fakültəsinin həmin dövrdə həyata vəsiqə almış məzunlarının çoxu Vidadi Mirkamala sözün bütöv mənasında MÜƏLLİM deyə müraciət edir. Bəlkə də belə müraciət forması onun Bakı Dövlət Universitetinin auditoriyalarında keçirdiyi uzun illərin əməyinə, zəhmətinə verilən ən böyük qiymət, ən böyük mükafatdır. Sözün açığı, hər müəllim belə qiyməti ala bilmir.
Sonra uzun müddət Vidadi müəllim respublika arbitraj məhkəməsində sədr müavini vəzifəsində çalışdı. Əslində o, ölkənin arbitraj məhkəmə sistemini qurdu desək daha doğru olar. Çünki bu şaha yeni müstəqillik qazanmış ölkəmiz üçün tamamilə yeni bir hüquqi müstəvi idi və onun əsaslarının yaradılması, kadrların korpusunun formalaşdırılmasında həmin sahəni yaxşı bilən Vidadi müəllimin bir mütəxəssis kimi mühüm rolu oldu. O, hüquq elmləri doktoru, professordur, Belə böyük elmi titullarla yanaşı Vidadi bəy həm də Ədliyyə generalıdır. Nəzərə alsaq ki, hər bir professorun, yalnız elmdə və təhsildə yüksək uğur qazanmaqla kifayətlənir, bununla yanaşı Vidadi Mirkamal həm də ədliyyə generalı rütbəsinə ucalmışdır və bu onun bütün professorlardan daha bir üstünlüyüdür. Bu gün biz tam əsasla deyə bilərik ki, Vidadi Mirkamal hüququn bu istiqamətin ölkəni beynəlxalq səviyyədə təmsil edən bir mütəxəssisdir və təsadüfü deyildir ki, bir neçə il əvvəl o, Litva Beynəlxalq Arbitraj Məhkəməsinə üzv seçilib.
Azərbaycan cəmiyyəti geniş mənada Vidadi bəyi daha çox “Amal” ziyalı hərakatından tanıdı və sevdi. 2000-ci ilin əvvəllərindən başlayaraq o, rəhmətlik Mürşüd müəllim, Musa Yaqub, Xalid Əlimirzəyev, Eldəniz Quliyev və digər tanınmış ziyalılarla birlikdə “xalqçı” hərəkatın genişlənməsində böyük rol oynadı. Vidadi müəllim də daxil olmaqla bu adamlar tarixin həmin məqamında Azərbaycanı qarış-qarış gəzərək, sözün tam mənasında xalqın içərisinə gedərək milli inkişafa nəfəs verdilər. “Amal” ziyalı hərəkatının gördüyü bu işlər izsiz ötüşmədi. Ziyalılar arasında vətəndaş mövqeyinin formalaşmasında, repressiyalara qarşı müqavimətin təşkilində və milli-mənəvi dəyərlərin qorunmasında “Amal”ın diqqətəlayiq işləri oldu və bu işlərdə Vidadi Mirkamalın da özünəməxsus rolu olmuşdur. Sonrakı mərhələdə biz onun İctimai Palatada fəallığının şahidi olmuşuq. Xüsusilə, 2 Aprel məhbuslarının müdafiəsində, onların vəkillə təmin edilməsində, siyasi məhbuslara hüquqi yardım göstərilməsi istiqamətində Vidadi bəy İctimai Palatada təşkilatçılıq funksiyasını yerinə yetirib, onların hüquqlarının müdafiə komitəsinə rəhbərlik edirdi. Son il yarımda Vidadi Mirkamal öz fəaliyyətini Milli Şurada davam etdirir, siyasi məhbusların müdafiə komitəsinin həmsədri kimi nəcib bir işə rəhbərlik edir. Hazırkı repressiyalar şəraitində o, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü kimi siyasi və ictimai mübarizənin önündə gedir, öz ziyalı mövqeyi ilə seçilir, vətəndaş mövqeyi nümayiş etdirir. Fəal həyat mövqeyi, mətbuat səhifələrində dərc olunun yazıları, demokratiya və insan haqları uğrunda ardıcıl mübarizə onu çoxları üçün bir nümunəyə çevirmişdir. O, sözün düzünü deməyi, həqiqəti müdafiə etməyi, haqqın yanında dayanmağı öz həyatının qayəsi hesab edir. Ona görə də belə bir ömrü yaşamağa dəyər. İnsanın faciəsi haqdan uzaq düşdüyü gündən başlayır. Müəllim olanda da, məmur olanda da, general olanda da və indiki kimi ziyalı olanda da haqqa tapınmaq Vidadi bəyi çoxlarından fərqləndirir. Həyatın uzunmüddətli çətinlikləri, maddi ehtiyaclar, siyasi və mənəvi qərarsızlıq çoxlarının dizlərini bükdü, çox bütlər yıxılıb cəmiyyətin cəmdəkində qaranlıq yer axtaran bit-birəyə çevrildilər. Lakin mənəviyyatını, ləyaqətini qüruru ilə cilalayan Vidadi Mirkamal kimi az-az adamlar yenə yüksəkdə dayanırlar. Çünki adamın içində ucalıq ruhu var və 60 ilin zaman fasiləsində Vidadi bəy bu ucalığa doğru addım-addım, əyilmədən, sınmadan, büdrəmədən yüksəlmişdir. Ona görə zamanın sınağından çıxmış əziz dostumuzu 60 illik yubleyi münasibəti ilə təbrik edir, ona uzun ömür, can sağlığı, millətimiz üçün gərəkli işlərində uğurlar arzu edirik. İnanın ki, neçə ilə yaşamaq mühüm deyil, necə yaşamaq mühümdür. Amma həm də verilən ömrü şərəf və ləyaqətlə yaşayanda, elə neçə il yaşamaq da mühümdür. Altimiş yaş müdrüklük yaşıdır. Tam əminliklə deyə bilərəm ki, Vidadi Mirkamal 60-a indi çatsa da müdrüklüyə çoxdan qovuşub. Hər bir adamın özünəməxsus həyat hekayəsi var və bu hekayə onun həyat tarixçəsidir. Bu baxımdan onun həyat tarixcəsi çoxlarına örnək ola, çoxları üçün əlçatmaz sayıla bilər. Çətin zəmanəmizdə şərəfli ömür yaşamaq hər kişinin işi deyil. Bunu Vidadi bəy bacardı, yüksək intellektual keyfiyyətləri, alim və müəllim ucalığı, vətəndaşlıq mövqeyini həyat amalına çevirməklə bacardı.
Cəmil Həsənli
Şanxay
24.12.2014”.