Deputat həbslərlə bağlı suallardan yayındı
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AzadlıqRadiosuna müsahibəsi verib. O, müsahibədə həbslərlə və insan haqları sahəsindəki böhranla bağlı suallara cavab verməkdən yayınıb.
Ənənəvi olaraq sabitlikdən danışıb: “Bütün problemlərin bir günə, bir gecəyə həllini istəmək düzgün yanaşma deyil. Bir ətrafa baxın. Ətrafda bütün stəkanlar sınıb, dağılıb, camaat susuz, yeməksiz qalıb. Meyitlər küçələrdədir, müharibələr gedir. Bu nöqteyi-nəzərdən Azərbaycanda proseslər çox yüksək səviyyədədir. Bir də deyirəm, problemləri təhlil edəndə tam obyektiv yanaşmaq, səbirli olmaq lazımdır.
Bu gün Azərbaycanın gördüyü işlər tək özü üçün deyil, Avropa üçün də çox vacibdir, çünki sabitliyi qoruyub saxlaya bilmişik. Sabitliklə yanaşı, inkişafı təmin edə bilmişik. Bununla yanaşı, demokratiya, insan haqları, qanunun aliliyindən bir addım da geri çəkilməmişik. Əksinə, bu istiqamətdə AŞ, digər beynəlxalq qurumlarla işi təşkil etmişik. Müxtəlif təşkilatların, şəxslərin tənqidlərinə gəlincə, bir ölkə deyin ki, onlarla bağlı bəyanat olmayıb. Istər Avropa Şurasının, istər Avropa Birliyinin üzvü olsun, ya da başqa ölkələr. Hər bir ölkədə hansısa proses gedəndə, bəyanat vermək rəsmilərin işidir. Avropa Şurasının isə mahiyyəti bundan ibarətdir. Bunu əldə bayraq edib Azərbaycana təzyiq göstərmək düzgün olmazdı…
…Avropa Şurasının, başqa beynəlxalq təşkilatların rəhbərliyi ətrafda gedən proseslərə ciddi münasibət göstərsəydi, sizi əmin edirəm ki, Ukraynadakı hadisələr baş verməzdi. Gürcüstandakı, Şərqi Avropadakı hadisələr olmazdı. Mənim üçün qəribə səslənir, məgər siz bu prosesləri görmürsünüz? Görmürsünüz ki, Avropanın ən böyük dövlətlərindən biri olan Ukrayna faktiki yox dərəcəsinə gətirilib, böyük təhlükədədir? Bəyəm görmürsünüz ki, Tbilisidən 35 km o tərəfə başqa ölkənin əsgərləri dayanıb? Bunları ya görə bilmirsiniz, ya görmək istəmirsiniz. Azərbaycan isə torpaqlarının işğal altında olmasına, qaçqın-köçkününün olmasına baxmayaraq, bu gün Avropanın təhlükəsizliyini təmin edən ölkəyə çevrilib. Bu gün mədəniyyət, idman, sabitlik haqda söhbət edir. Problemləri heç kim inkar etmir. Hər bir ölkədə problemlər var, onlara normal, təmkinlə yanaşmaq, həll etmək lazımdır”. Səməd Seyidov iddia edib ki, Azərbaycanda siyasi məhbus problemi yoxdur. Onun sözlərinə görə, beynəlxalq təşkilatlar bu məsələdən Azərbaycana qarşı təzyiq məqsədilə istifadə edir.
Deputat “Bayaqdan dövlətin maraqları və insan haqlarından danışırıq. Təxminən 1 il əvvəl ABŞ-ın Con Hopkins Institutunda çıxışınızda deyirdiniz ki, Azərbaycanı ABŞ-la yaxınlaşmaq cəhdlərinə görə regionda ”sendviç kimi” əzirlər. Son vaxtlar Qərbdən, ABŞ-dan gələn bəyanatlar dərhal, böyük təpkiylə tənqid olunur. Nə baş verir” sualına isə belə cavab verib: “Heç nə. Tam səmimiyyət və məsuliyyətlə deyə bilərəm ki, bəyanatın hansı istiqamətdən, dövlətdən, təşkilatdan gəlməsinin bizim üçün fərqi yoxdur. Bütün dövlətlərlə strateji əməkdaşlıq, qonşuluq, dostluq siyasəti, yüksək səviyyədə iqtisadi əlaqələr tərəfdarıyıq. Bütün ölkələrlə münasibətlərimizi bu prinsiplər əsasında təşkil edirik”.


