Ədalət Partiyasının mətbuat xidməti MM-in deputatı İlyas İsmayılovun “Azadlıq” qəzetinin 25 illiyi münasibətilə təbrik məktubunu yayıb. Təbrik məktubunda deyilir: “Hər bir millətin özünü dərkində, milli dirçəlişində, haqq, ədalət uğrunda mübarizəsində mühüm rol oynayan dəyərləri olub və olacaq. Millətlər məhz bu dəyərlər sayəsində ayaqda qala, mövcudluğunu qoruya bilir. Ölkənin sərvətlərinə göz tikən, istismar edən bütün müstəmləkəçilər milli dirənişi qırmaq üçün ilk növbədə bu dəyərləri hədəfə alırlar. Yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanın da bu cür dəyərləri mövcuddur. Bunlardan biri də yaşı müstəqilliyimizdən qədim olan “Azadlıq” qəzetidir. Bu gün həmin qəzetin 25 illiyi tamam olur. Keçdiyi 25 illik şərəfli keçmişində bu mətbu orqan həmişə haqqın-ədalətin yanında olmağa çalışmış, demokratik dəyərlər uğrunda mübarizəsiylə böyük həyat səlnaməsi yazmış və yazmaqdadır. Böyük fədakarlıqlar hesabına başa gələn bu səlnamənin davamını arzulayır, bu çətin həyat mübarizəsində sizə uğurlar diləyirəm”.