Oliqarxlar Putinin nazına nə qədər dözəcək?

«Oliqarxlar varidatlarını Putinə dəstək vermək üçün yığmayıblar»

Rusiyanın iqtisadiyyatındakı böhran davam etməkdədir. Rublun məzənnəsi bir neçə gün sabit qalsa da, ekspertlərin fikrincə, bu uzun çəkməyəcək. Çünki Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiya iqtisadiyyatın sütunlarını sarsıdıb.

Neftin qiymətinin düşməsi Rusiya iqtisadiyyatına sarsıdıcı zərbələr vurub. Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin bildirib ki, Rusiya tam böhrana girir.ÿOnun sözlərinə görə, əgər neftin barrelinin qiyməti 2015-si ildə 80 dollar ətrafında olacaqsa, iqtisadiyyat 2% geriləyəsək. Əgər neftin qiyməti 60 dollar ətrafında qalarsa, azalma 4% olacaq. Onun fikrincə, gələn il defoltlar silsiləsi gözlənilir.

Bundan başqa, Rusiya Mərkəzi Bankının rəhbərliyi də açıqlamasında qeyd etmişdi ki, yuxularına belə girməyən situasiya ilə üzləşiblər.

Amma Rusiyadakı durumdan ölkənin idarə olunmasında iştirak edən oliqarxlardır. Sanksiyaların tətbiqi onlara milyardlar hesabına başa gəlib. Bəs, oliqarxlar Putinin xarici siyasətindəki aqressivliyinin doğurduğu nəticələrə nə qədər dözəcəklər?

Politoloq Vəfa Quluzadə hesab edir ki, rus oliqarxların bu cür vəziyyətə nə qədər dözəcəyini söyləmək çətindir. Amma hazırda baş verənlər Qərblə Rusiya arasında qarşıdurmanın getdikcə dərinləşməsini sübut edir: “Medvedev Ukraynanı Rusiyanın düşməni elan edib. Buna səbəb Ukraynanın NATO-ya daxil olmaq barədə qərar verməsidir. Indi bundan sonra Avropa ölkələri nə düşünməlidir. Almaniya, Fransa NATO-nun üzvüdür. NATO üzvü olan ölkələr, deməli, Rusiyanın düşmənləridir. Bu böhran bir çox mətləblərə aydınlıq gətirdi. Bu böhranın Rusiya üçün fəsadları tez də ola bilər. Amma bu proses uzana da bilər”.

Bir müddət sonra rus oliqarxlarının Putinə dəstəyi dayandıra biləcəyini istisna etməyən V.Quluzadə vurğuladı ki, oliqarxlar varidatlarını Putinə dəstək vermək üçün yığmayıblar: “Oliqarxlar təhlükə içindədirlər. Onlar zamanında ölkəni tərk etməyiblər. Indi isə oliqarxların bir çoxu ölkədən çıxa bilmir. Oliqarxlar hazırda milyardlarını gizlətməklə məşğuldurlar. Çünki Putin onlardan xahiş edib ki, rublun məzənnəsinin saxlanması üçün gündə bazara bir neçə milyard dollar çıxarsınlar. Döyüş tam şiddəti ilə davam edir. Bu döyüşdən kimin geri çəkiləcəyi bəlli deyil. Amma proseslərə ən azı yarım il ərzində aydınlıq gələcək”.

Xəyal